Britaniya mətbuatı: Aİ Türkiyəyə "üzvlük əvəzinə nəsə" təklif etmək istəyir

Fotonun müəllifi AFP

Britaniya mətbuatı: Avropa İttifaqı Türkiyəyə "üzvlük əvəzinə nəsə" təklif etmək istəyir

"Financial Times" Avropa İttifaqı genişlənmə komissarına istinadən yazır ki, Türkiyədə prezident Recep Tayyip Erdoğana misilsiz hakimiyyət verən referendum Ankaranın Aİ-yə üzv olmaq niyyətinə bir az da kölgə salıb və Brüssel Türkiyə ilə yeni münasibətlərinin işlənməsinə başlamalıdır.

Johannes Hahn deyib ki, o, hazırda Türkiyə ilə gələcək münasibətlərin yol xəritəsini hazırlamaq üçün Aİ-nin 28 üzvünün mandatını gözləyir.

Cənab Hahn deyib ki, Brüssel tezliklə Türkiyə ilə korlanmış münasibətlərinin "fundamental qiymətləndirilməsinə" başlamalıdır.

Qərb 16 aprel referendumundan sonra Erdoğanın avtoritar hakimiyyətinin daha da repressivləşə biləcəyindən narahatdır.

Cənab Hahn deyib ki, "hazırkı situasiya nə onları, nə də Aİ-ni qane edə bilməz".

"Biz indi belə deməliyik: Yaxşı, gəlin masanın üstündə nə varsa yığışdırıb baxaq görək ki, gələcək münasibətlərimizi necə qura bilərik, - deyib Avropa rəsmisi, - Artıq mövcud olan şeylərin müəyyən elementlərindən də istifadə edilə bilər".

"Financial Times" yazır ki, Türkiyə Aİ üzvlüyünə çoxdan namizəd olsa da, ölkənin təşkilata qoşulmaq perspektivləri o qədər ağlabatan görünmür.

Cənab Hahn deyib ki, Brüssellə Ankara arasındakı münasibətlərə sabitlik və müəyyənlik lazımdır.

Məqalədə deyilir ki, Türkiyə iqtisadiyyatını bu il və gələn il zəifləmə gözləyir.

Hahn deyib ki, o, Aİ xarici işlər nazirlərinin mandatını ala bilsə, "Türkiyənin üzvlüyə qəbul olunması prosesini əvəzləyəcək yeni münasibətlər üzərində işləyəcək".

Texniki olaraq Türkiyənin üzvlük müraciəti Aİ üzvlərinin çoxluğu tərəfindən rədd edilə bilər.

Burada söhbət əsas etibarilə Türkiyənin 21 ildir ki, üzv olduğu Aİ gömrük ittifaqından gedir. Bu ittifaq sənaye mallarının mübadiləsini tənzimləsə də, kənd təsərrüfatı məhsullarına baxmır.

Başqa sözlərlə, Avropa İttifaqı üzvlüyə qəbul prosesi dayandırılsa da, Türkiyənin aylardır davam edən siyasi təlatümlərdən zəifləmiş iqtisadiyyatını dirçəldəcək münasibətlərin qurulması barədə düşünür.

Aİ üzvləri indiyədək Türkiyə ilə dialoqu, habelə Ankara üzərində təsiri saxlamaq xatirinə ittifaqa üzvlük prosesini açıq saxlamışdı.

Lakin Hahn deyib ki, indi artıq Türkiyə ilə münasibətlərin "realist" və "rasional" alternativinə ehtiyac var.

Onun sözlərinə görə, indiyədək Türkiyə ilə üzvlük barədə aparılan "süni debat" münasibətlərə ziyan vurub.

Cənab Hahn deyib ki, Türkiyə hələ də üzvlüyə qəbul prosesində qala bilər, lakin bunun üçün Ankara Avropa dəyərlərindən uzaqlaşmasına son qoymalıdır.

Avropa rəsmisi bu qənaətdədir ki, Türkiyə ilə münasibətlər hər hansı başqa bir şəkildə davam etdirilə bilər.

"Mən inanmıram ki, Erdoğanın rəhbərliyi altında Türkiyə hakimiyyət gücünü kiminləsə bölüşdürmək istəyər, halbuki bu, Avropa İttifaqına üzvlüyün təməl konsepsiyasıdır. Bu mənada Türkiyə ilə əməkdaşlığın ən münasib forması tapılmalıdır" - deyib Hahn.

İndiyədək yalnız Avstriya Aİ-nin Türkiyə ilə danışqıları dayandırmasına çağırıb.

Üstəlik indi Avropa diplomatları hiss edirlər ki, miqrant axınına daha hazırlıqlıdırlar və Erdoğan qaçqınları Türkiyədən çıxmağa məcbur etməzdən əvvəl yaxşı-yaxşı fikirləşməli olacaq.

Ankaranın Avropa İttifaqı ilə münasibətləri xüsusilə də referendum təşviqatı kampaniyası zamanı korlanıb. Erdoğan onun partiyadaşlarına öz ölkələrində təbliğat mitinqləri keçirməyə icazə verməyən Almaniya və Hollandiyanın rəhbərlərini "nasis" adlandırıb.

Avropa İttifaqının xarici işlər nazirləri cümə günü Maltada görüşəcəklər və bu zaman Erdoğanla münasibətlər və Türkiyənin yeni Konstitusiyasının gündəmə gələcəyi gözlənilir.

Avropa boyunca insan haqları təşkilatları referendumdan sonra Türkiyənin daha da avtoritarlaşacağını bildirirlər.

Cənab Hahn bu cür qiymətləndirmə ilə razılaşıb və deyib ki, Türkiyədə qanunun aliliyi prinsipi getdikcə sıradan çıxır.

Siyasətçi deyir ki, Erdoğan Türkiyənin Aİ üzvlüyünü doğrudan da istəyirsə, onun hakimiyyəti barədə formalaşmış bu mənfi təsəvvürləri ləğv etməlidir.

Fotonun müəllifi Reuters

Rusiya "dünyanın ən böyük təyyarədaşıyanını" tikəcək

"The Daily Mail" yazır ki, Rusiya "dünyanın ən böyük təyyarədaşıyan gəmisini tikmək" planlarını bəyan edib.

Moskva bildirir ki, bu gəmi ABŞ-ın Nimitz markasından olan gəmilərini "kölgədə qoymalıdır".

Məqalədə deyilir ki, "layihə 23E000E" kimi tanınan Ştorm adlı gəmi 2030-cu ilədək istismara verilməlidir və onun tikilməsi 17, 5 milyard dollara başa gələcək.

Bu da xəbər verilir ki, Ştorm tipli gəmilər nüvə reaktorları ilə hərəkət edəcək və yenicə layihələnmiş T-50-lər də daxil 90-dək təyyarəni göyərtəsinə ala biləcək.

Lakin "The Mail" yazır ki, Kremlin "dünyanın ən böyük gəmisi" iddialarına baxmayaraq bu gəminin təxminən Nimitz tipli gəmilərlə eyni göstəricilərə malik olacağı düşünülür.

Məqalədə deyilir ki, Rusiya mediasının professor Vadim Kozyulin kimi təqdim etdiyi ekspert yeni gəminin dizaynının ABŞ-ın Gerald R Ford təyyarədaşıyanından "əxz olunduğunu" etiraf edib.

Kozyulin deyib ki, Ruysiyanın yeni təyyarədaşıyanı "üzən aeroport" olacaq.

4 min dənizçisi olan bu gəminin ölçüsü üç stadion boyda olmalıdır.

Katapult start sistemi yeni gəmiyə Amerika ekvilanetləri kimi 1 dəqiqədə üç təyyarə buraxmaq imkanı verəcək. Hazırda Rusiya təyyarədaşıyanı 1 dəqiqəyə bir təyyarə buraxa bilir.

Yeni təyyarədaşıyan gəmidə MiG-29K qırıcıları, habelə dəniz modifikasiyalı Suxoy PAK FA təyyaraləri yerləşdiriləcək. Bu təyyarələrin başqa bir adı da T-50-dir.

Yeni təyyarədaşıyanın tikilməsi gəmiçilik müəssisəsinə 6, 1 milyard dollarla 17, 5 milyard dollar arasında məbləğə başa gələcək, hərçənd real qiymətin daha yüksək ola biləcəyi söylənir. Beləki bu cür təyyarədaşıyan gəmini tikmək üçün lazım olan infrastruktur yaradılmalıdır.

Hazırda Rusiyanın cəmi bir təyyarədaşıyanı var. Sovet istehsallı Admiral Kuznetsov 1985-ci ildə tikilib.

Bu gəmiyə cəmi 30 təyyarə və 1700 nəfərlik heyət yerləşdirmək olur və onu buxar mühərriki hərəkətə gətirir.

Müqayisə üçün qeyd edilir ki, Amerikanın Nimitz gəmisində 90 təyyarə və helikopter, habelə 5 minədək hərbçi yerləşir.

Bu gəmilər o qədər böyükdür ki, onlara ayrıca poçt kodu verilir.

Fotonun müəllifi IMAGEDB/GETTY IMAGES

Hakim milyarderdən yarım milyonluq saat oğurlamış qulluqçuya rəhm edib

"The Telegraph" yazır ki, London məhkəməsi Rusiya milyarderindən ümumi dəyəri 417 min dollar olan lüks qol saatlarını oğurlamış ev qulluqçusunu azadlıqdan məhrum etməyib.

Məqalədə deyilir ki, hakimin belə mərhəmətli hökm çıxarmasına səbəb malı oğurlanan şəxsin "nəhəng sərvət" sahibi olması olub.

32 yaşlı xanım Charisse Montes məşhur Rusiya neft maqnatı, milyarder Rəşid Sərdarovun oğlu Timurun qulluqçusu olarkən onun qiymətləri 25 min funt sterlinqlə 65 min funt sterlinq arasında olan 8 ədəd Hublot və Rolex qol saatlarını oğurlaylıb. Oğurluq vaxtı ev sahibi ezamiyyətdə olub.

2015-ci ilin iyununda baş vermiş oğurluqdan sonra Montes saatları dəllala satıb və 22 min funt sterlinq xeyir götürüb.

Lakin az qala yarım milyon dollarlıq oğurluq etməsinə baxmayaraq hakim ona həbsxana cəzası verməyib.

Buna səbəb qulluqçunun vəkili Rupert Russell-in məhkəmədə qaldırdığı vəsatət olub. Vəkil deyib ki, Sərdarov son dərəcə zəngin adamdır və buna görə də ondan edilmiş oğurluğa bu sərvətin "kontekstində" baxılmalıdır.

Cənab Russell bunu da bildirib ki, qulluqçunu cinayətə sövq edən onun qumar şakəri olub.

Həbs olunarkən qulluqçunun telefonundakı qumar aplikasiyasından onun il ərizndə 2429 dəfə oynadığı bəlli olub.

"O gördüyü işdən xəcalət çəkir" - deyib vəkil. Müdafiəçi buna da zəmanət verib ki, Montes bir də belə şeylər eləməyəcək.

Bu da deyilməlidir ki, məhkəmə prosesində prokuror Edward Franklin qulluqçu barədə onun vəkili kimi mərhəmətlə danışmayıb. Franklin deyib ki, qulluqçunun hərəkətini yalnız "xəyanət" adlandırmaq olar.

Prokurorun sözlərinə görə, bundan əvvəl Timur Sərdarov artıq bir dəfə qulluqçusunu bağışlamışdı. 2014-cü ildə Montes cənab Sərdarovun arvadının Rolex saatını oğurlamışdı.

Sonda hökm verməzdən əvvəl hakim Michael Grieve qulluqçuya müraciət edib: "Siz 8 il müddətində Timur Sərdarovun qulluqçusu olmusunuz, onun və arvadının sizə etibarını çox pis bir şəkildə yerə vurmusunuz. Bu qumar da ki, müasir zəmanəmizin bəlalarından biridir. Adamları çox xəcalətli işlərə məcbur edir".

Bu sözləri deyəndən sonra hakim onun 1 il 2 aylıq həbsxana cəzasını şərti cəza ilə əvəz edib.

Bu hökmə əsasən, Montes həmçinin 150 saat ərzində haqqı ödənilməyən ictimai işlərə cəlb olunmalıdır.