AŞPA Türkiyəni yenidən nəzarət prosesinə cəlb edib

Avrupa Konseyi Fotonun müəllifi CoE

Avropa Şurası Parlament Assambleyası (AŞPA) çərşənbə axşamı günü iclasında 45 əleyhinə, 113 lehinə olmaqla Türkiyənin yenidən nəzarət prosesinə alınmasına qərar verib.

Türkiyə, 2004-cü ildə nəzarət prosesindən çıxarılmışdı. Bugünkü qərarla o, nəzarət prosesindən çıxarılan və geri qaytarılan ilk Avropa ölkəsi oldu.

Qətnamədə həmçinin, Türkiyə ilə bağlı 35 bənddən ibarət tövsiyələr də var. AŞPA ilə Türkiyə arasında əlaqələrin davam etməsi üçün bu tövsiyələrin yerinə yetirilməsinin lazım olduğu ifadə edilir.

Bu qərar AŞPA-da "Türkiyədə Demokratik Təsisatların Fəaliyyəti" mövzusunda sessiyasından sonra verilib.

Sessiyada AŞPA-nın Türkiyə üzrə həmməruzəçiləri Marianne Mikko və Norveçli Ingebjorg Godskesen tərəfindən hazırlanan hesabat müzakirə edilib.

Hesabatda, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyədə demokratik təsisatların fəaliyyətinin pozulduğu bildirilir.

XİN narazıdır

Xarici işlər Nazirliyi, AŞPA-nın qərarını qətiyyətlə qınayıb.

Nazirlikdən bildirilib ki, qərar siyasi məqsəd daşıyır.

"Ölkəmiz PKK, FETÖ və DAEŞ kimi ən qanlı terror təşkilatlarına qarşı eyni anda mübarizə aparır. Konstitusiya nizamını və millətin varlığını hədəf alan təhlükələrə qarşı beynəlxalq öhdəliklərinə sadiq qalaraq, zəruri və mütənasib tədbirlər görür. Bu bir dövlətin ən əsas vəzifə və qanuni haqqıdır", bəyanatda deyilir.

Türkiyənin Aİ naziri Ömer Çelik bu qərarı "tarixi bir səhv" kimi qiymətləndirib.

Türkiyə və Aİ arasında miqrant müqaviləsinin ləğv edilib-edilməyəcəyi barədə suala cavab olaraq, Çelik Türkiyənin "insani məsuliyyətlərini yerinə yetirməyə davam edəcəyini" deyib.

Əlaqəli mövzular