Britaniya mətbuatı: Ölkədə faşizmin olduğunu göstərən 14 əlamət

Fotonun müəllifi Dan Kitwood

"The İndependent" yazır ki, ABŞ-dakı Holokost Yaddaş Muzeyinin məlumatına görə İvrit təqvimində Nisanın (aprelin) 27-si Varşava gettosunda yəhudi üsyanının ildönümü günüdür.

Məqalədə deyilir ki, bu muzeydə 2017-ci ilin yanvarından nümayiş etdirilən foto çox sürətlə virtual şəbəkədə yayılıb. Fotoda faşizmin baş qaldırdığını göstərən 14 əlamətin siyahısı olan lövhə əks etdirilir.

"The İndependent" yazır ki, bu lövhənin fotosu bu ilin yanvarında ABŞ baş prokuror əvəzi Sally Q. Yates-in vəzifəsindən qovulmasına cavab kimi də dəyərləndirilə bilər.

Məqalədə deyilıir ki, ümumiyyətlə prezident Donald Trump-ın opponentləri 2017-ci ilin Amerikası ilə 1920-ci illərin müharibələrarası faşist liderlərinin Avropası arasında paralellər tapmağı xoşlayırlar.

2016-cı ilin sonlarında New York Times qəzeti özünün 1922-ci ilə aid arxiv nömrələrindən birində dərc olunmuş "Cənab Hitler" məqaləsini təkrar çap etmişdi.

Məqalədə Hitler haqqında belə yazılmışdı: "Onun proqramı on-on beş neqativ ideyanın ümumiləşdirmə qiyafəsinə salınmasından ibarətdir. O yəqin ki, nə etmək istədiyini özü də bilmir..."

"The İndependent" yazır ki, bu dəfə müqayisəni komediya aktyoru Felonious Munk (əsl adı Dennis Banks-dir) edib.

Fotonun müəllifi @Felonious_munk
Image caption Komediya aktyoru Felonious Munk Twitterdə faşizmin erkən 14 əlamətini paylaşıb

Munk "faşizmin erkən əlamətlərinin siyahısı" ilə bağlı bir neçə tvit postlayıb.

O bazar ertəsi yazdığı tvitdə ABŞ baş prokuror əvəzi Sally Q. Yates-in Trump tərəfindən vəzifəsindən qovulmasını xatırladır.

Buna səbəb o olub ki, Yates tabeçiliyində olan Ədliyyə Nazirliyinə Trump-ın ziddiyyətli "miqrant qadağanını" məhkəmə qərarlarından müdafiə etməməyə çağırıb.

Munk xatırladır ki, Yates baş prokurorun müavini vəzifəsinə Barack Obama tərəfindən təyin edilmişdi və tezliklə ədliyyə naziri olacağı gözlənilirdi.

Aktyor birinci tvitində yazırdı ki, "qanunsuz əmrləri yerinə yetirməkdən imtina edən rəsmilərin işdən qovulması açıq, tammiqyaslı faşizmin əlamətlərindən biridir..."

Eyni tvitlə faşizmin həmin o 14 erkən əlamətinin siyahısını göstərən lövhənin fotosu da paylaşılmışdı.

Bazar ertəsi paylaşılan siyahı 118 min dəfə təkrar tvit edilmiş və 160 min "like" qazanmışdı.

"The İndependent" qəzeti haqqında danışılan 14 əlamətlik siyahının fotosunu dərc edib:

Qüdrətli və davamlı millətçilik

İnsan haqlarına hörmətsizlik

Düşmənlərin birləşdirici hədəf edilməsi

Hərbiyyənin üstünlüyü

Baş alıb gedən seksizm və ya cinsi ayrı-seçkilik

Mediaya nəzarət

Milli təhlükəsizliyə ifrat aludəçilik

Din və dövlətin çulğalaşması

Şirkətlərin korporativ maraqlarının qorunması

İşçi qüvvəsinin əzilməsi

Ziyalıların və incəsənətin gözdən salınması

Cinayət və cəza mövzusuna heyranlıq

Açıq qohumbazlıq, dostbazlıq və korrupsiya

Saxtalaşdırılmış seçkilər

Neft qiymətləri niyə qalxmır?

Fotonun müəllifi JONATHAN NACKSTRAND
Image caption Neft hasilatı azalıb, amma qiymətlər qalxmır

"Finacial Times" yazır ki, Brent neftinin qiyməti bir barrel üçün 50 dollara sürüşdüyü bir vaxtda OPEC, enerji analitikləri və materiallar bazarı ilə bağlı banklar neft tacirlərini ümidlərini itirməməyə çağırırlar.

Məqalədə deyilir ki, OPEC karteli və Rusiya hasilatı azaltmaq barədə razılığa gələndən sonra, 2017-ci ilin başlanğıcından neftin qiyməti bir barrel üçün 10 dollar qalxmışdı. Bu arada bundan fürsətlənən investisiya fondları bir xeyli qabağa düşmüşdülər.

Lakin indi neft qiymətlərinin sürətlə qalxacağına olan ümidlər doğrulmayıb. Bunun iki mühüm səbəbi göstərilir. Dünya neft anbarlarındakı neft azalmaq bilmir və ABŞ-da şist neftinin istehsalı yüksəlib.

İndi ümid ona qalıb ki, ilin ikinci rübündə neft emalı zavodları cari təmir fasiləsindən sonra işə başlayacaq və anbarlardakı neft də bir qədər azalacaq.

"Financial Times" yazır ki, təhlilçilərdən bəziləri ümid verir, bəziləri isə pessimizm yaradırlar. Qiymətlərin qalxacağı və yaxud düşəcəyi bəlli deyil. Bəlli olan budur ki, Səudiyyənin qiymətləri qaldırmaq üçün apardığı hasilatı ixtisar siyasəti fayda verməyib və üstəlik son həftədə qiymətlər 8 faiz düşüb.

Hazırda Brent markalı neftin bir barrelinin qiyməti 52 dollardan azdır.

Bununla belə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə OPEC-in xam neftinə olan tələbat ilin sonunadək artaraq günə 33, 5 milyon barrel olacaq. Hazırda bu rəqəm 32 milyon barreldir.

Bəzi ekspertlər deyirlər ki, neft hasilatının azaldılmasının tez bir zamanda qiymət qalxımına səbəb olacağına ümid edənlər məyusdurlar.

Bir sıra ekspertlər isə narahatdırlar ki, hasilatı azaltmaq barədə razılaşmanın davam etdirilməsinə OPEC üzvlərinin özlərinin də səbri çatmaya bilər. Hazırda ixtisar barədə razılaşmaya 100 faiz əməl olunur. Səudiyyə hasilatın ixtisarı razılaşmasının may ayından o yana da uzadılması istiqamətində iş aparır, bir şərtlə ki, Rusiya da bu razılaşmada qalmaqda davam etsin.

OPEC-i narahat edən başlıca faktor əlbəttə Amerika nefti istehsalının artaraq rekord həddə çatmasıdır. Üstəlik texnologiyalar təkmilləşdikcə şist neftinin hasilatı daha da sərfəli olur. Hazırkı proqnoza görə ABŞ neftinin hasilatı 2016-cı ildən 2018-ci ilədək hər il 1 milyon barrel artacaq.

Stüradessanın arıq-köklüyünün sərnişinə fərqi varmı?

Fotonun müəllifi AFP
Image caption Aeroflot düşünür ki, artıq çəkisi olan stüradessaların cərimələnməsi tamamailə məqsədəuyğun qərardır

"The Guardian" yazır ki, Rusiyanın əsas aviasiya şirkəti - Aeroflotun mövqeyinə görə artıq çəkisi olan stüradessaların cərimələnməsi tamamailə məqsədəuyğun qərardır.

İki təyyarə bələdçisinin Aeroflotu məhkəməyə verməsinin ardınca keçirdiyi mətbuat konfransında aviaşirkət öz kadr siyasətinə haqq qazandırmağa çalışıb.

Bu iki stüardessa Rusiyada özünü zarafatla STS - staraya, tolstaya i straşnaya (qoca, gombul və eybəcər) adlandıran qadın kampaniyaçıları qrupunun üzvüdürlər.

Onlar iddia edirlər ki, şirkət onları zahiri görünüşlərinə görə prestijli uzaqmənzilli reyslərdən çıxararaq, aşağı gəlirli yerli reyslərə keçirib.

Şikayətçilərdən biri - Yevgeniya Maqurina bildirib ki, Aeroflot ötən il bütün stüradessalarının fotolarını çəkib, bədən ölçülərini götürüb və onları tərəzidə çəkib.

Tələblərə cavab verməyən qadınları beynəlxalq reyslərdən çıxarıblar.

Maqurina bildirir ki, onların maaşlarını paltar ölçülərinə uyğun olaraq kəsiblər. Stüradessaların həmkarlar ittifaqının rəhbəri İlona Borisova isə deyir ki, yeni qaydalar 600-dək hava bələdçisini təsirləndirib.

Aeroflot hər iki məhkəmə prosesini udub.

Bundan sonra keçirilən mətbuat konfransında Aeroflotun nümayəndəsi Pavel Danilin deyib ki, şirkət beynəlxalq prestijə malikdir və sərnişinlər bu şirkətin reyslərini həm də onun işçilərinin zahiri görkəminə görə seçirlər.

Onun sözlərinə görə, Aeroflotun apardığı rəy sorğusu sərnişinlərin 92 faizinin paltar ölçüsü 48-dən aşağı olan stüradessaları görmək istəyini göstərib.

Aeroflot şirkətinin başqa bir nümayəndəsi - Nikita Kriçevski isə iki stüradessanı şirkətə qara yaxmaqda ittiham edib.

Onun sözlərinə görə arıqlamaq elə də çətin iş deyil.

"Mənim özüm 103 kilo idim, indi 80 kiloyam - deyib Kriçevski, - Onlar şükür etməlidirlər ki, şirkət onların sağlamlığının qayğısına qalır".

Kriçevski stüardessa Maqurinanı birbaşa tənqid edərək onun "böyük sinəsindən" gileylələnib.

"The Guardian" yazır ki, Aeroflot sonradan bəyan edib ki, mətbuat konfransını şirkətin nəzdindəki "ictimai şura" öz təşəbbüsü ilə keçirib və onların mövqeyi Aeroflotun mövqeyi ilə üst-üstə düşməyə bilər.

Lakin qəzet yazır ki, Aeroflotun internet saytının "İctimai şura" bölməsindəki 25 nəfərlik siyahıda Danilin və Kriçevskinin də soyadları var.

Məqalədə deyilir ki, adını sovet zəmanəsindən saxlayan Aeroflot hazırda beynəlxalq reytinqlə "dördulduzludur", amma "beşulduzlu" olmağa can atır.

Əlaqəli mövzular