Britaniya mətbuatı: ABŞ gəmisi İran gəmisinə xəbərdarlıq fişəngi atıb

Fotonun müəllifi U.S. Navy
Image caption İran rəsmisi: "Təcili xəbər: Bizim donanma fəaliyyət göstərir. Harada? Doğrudur, Fars körfəzində. Meksika körfəzində yox ha! Sual: ABŞ donanması öz vətənindən 12 min kilometr uzaqda nə edir?"

ABŞ gəmisi İran gəmisinə xəbərdarlıq fişəngi atıb

"The Guardian" yazır ki, ABŞ Hərbi Dəniz Donanmasının idarə olunan raketlərlə silahlı eskadra minadaşıyan gəmisi Fars körfəzində ona yaxınlaşan İran İnqilab Keşikçilərinin katerinə xəbərdarlıq fişəngi atıb.

Bu, iki ölkənin hərbi gəmiləri arasında daha bir gərgin qarşıdurma sayıla bilər.

Məqalədə deyilir ki, insident bazar ertəsi baş verib. İnqilab keşikçilərinin kateri ABŞ-ın Mahan gəmisi kursunu dəyişmək istəyərkən ona yaxınlaşmaqda davam edib.

Bu barədə məlumatı ABŞ-ın Bəhreyndə mənzillənmiş Beşinci Donanmasının sözçüsü leytenant Ian McConnaughey verib.

McConnaughey deyib ki, "Mahan İran gəmisi ilə kommunikasiya üçün bir neçə dəfə göyərtədən göyərtəyə radio əlaqəsinə girməyə cəhd göstərib. Bundan sonra ABŞ hərbi gəmisi beynəlxalq işarə sistemi ilə beş dəfə xəbərdarlıq fiti verib və bunun ardınca xəbərdarlıq fişəngi atılıb.

Məlumatda deyilir ki, İran kateri ABŞ gəmisinin min metrliyinədək gəlib və yalnız xəbərdarlıq fişəngindən sonra geriyə dönərək uzaqlaşıb.

"The Guardian" yazır ki, Tehran insident barədə heç bir rəsmi açıqlama verməsə də, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitterdə belə bir post yazıb:

"Təcili xəbər: Bizim donanma fəaliyyət göstərir. Harada? Doğrudur, Fars körfəzində. Meksika körfəzində yox ha! Sual: ABŞ donanması öz vətənindən 12 min kilometr uzaqda nə edir?"

"The Guardian" yazır ki, ABŞ və İranın hərbi gəmiləri arasında Fars körfəzində və Hörmüz boğazında ara-sıra gərgin qarşılaşmalar yaşanır. Dünya neft ticarətinin üçdə biri məhz Hörmüz boğazından keçən gəmilərlə aparılır.

İran bu sularda Amerika gəmilərinin üzməsinə təxribat kimi baxır və məhz buna görə də İnqliab keşikçiləri hər dəfə bu gəmiləri üzləyirlər.

Bir sıra hallarda İran gəmiləri də xəbərdarlıq atəşi açır.

Burası da var ki, dünya gücləri ilə nüvə sazişi imzalanandan bəri sərt xətt-hərəkət tərəfdarı olan İran İslam Keşikçiləri Korpusu katerlərinin ABŞ dənizçiləri ilə qarşılaşmalarının sayı artıb.

ABŞ donanmasının məlumatına görə 2016-cı ildə İran gəmilərinin "təhlükəli və qeyri-peşəkar" hərəkəti nəticəsində 35 insident yaşanıb.

2015-ci ildə belə qarşıdurma hallarının sayı 23 idi.

McConnaughey-in sözlərinə görə, bu ilin başlanğıcından belə insidentlərdən 7-si baş verib.

Bu insidentlərdən ən gərgini ötən il baş vermişdi. O zaman İran dəniz qüvvələri 10 ABŞ dənizçisini əsir götürmüşdülər.

O vaxt ABŞ kateri yolu azaraq İranın ərazi sularına daxil olmuşdu.

İranlılar amerikalıları bir gecə saxladıqdan sonra sərbəst buraxmışdılar.

İraqda girovlar azad edilib, amma yarım milyard dollar girovpulu ortada qalıb

Fotonun müəllifi KARIM SAHIB
Image caption Hazırda girovçulara çatmalı olan yarım milyard dollarla dolu çantalar İraq hökumətinin ixtiyarındadır

"The İndependent" yazır ki, Bağdad beynəlxalq hava limanının zabitləri Qətər təyyarəsindən boşaldılmış 23 iri çantanın içərisini rentgen aparatı ilə görə bilməyəndə şübhələniblər.

Onların ekranlarında çantaların içi tam qaranlıq görünürdü.

Bu ona görə belə olmuşdu ki, çantaların içərisi şüa keçirməyən xüsusi materialla işlənmişdi. Çantalardan isə nə az, nə də çox 500 milyon dollar pul çıxmışdı.

Məqalədə deyilir ki, indi bu pulun 24 qətərlinin və iki səudun girovluqdan azad edilməsi üçün göndərildiyi məlum olub.

Bir neçəsi Qətər əmiri ət-Taninin ailəsindən olan qətərlilər və iki səudiyyəli 16 ay əvvəl Bağdad hökumətinin icazəsi ilə İraqın cənubunda şahinlə ova çıxanda oğurlanmışdılar.

Ötən aylar ərzində girovçularla gərgin və mürəkkəb danışıqlar aparılmışdı. Bu danışıqlarda Qətər, İran, habelə şiə və sünni silahlıları iştirak etmişdilər. Məsələni mürəkkəbləşdirən bu idi ki, burada əslində "danışıq içində danışıq" gedirdi. Danışıqlarda girov götürülmüş "ovçuların" taleyi ilə Suriyanın şimalında və cənubunda mühasirədə qalan 2 şiə və 2 sünni şəhərinin sakinlərinin eyni vaxtda dəyiş-düyüş evakuasiyası edilməsi müzakirə olunurdu.

"The İndependent" yazır ki, belə görünür, dünya tarixində ən böyük girovpulu əməliyyatı barədə məlumat ona ekskluziv olaraq verilib.

Aeroportda baş vermiş 23 çanta insidentindən 6 gün sonra, aprelin 22-də baş nazir Haider əl-Abadi özünün hakim Dava Partiyasının vəzifəli üzvlərini məlumatlandırıb.

"The İndependent" qəzetinin əldə etdiyi də həmin məlumatın mətnidir.

Məlumatda deyilir ki, əvvəlcə Qətər hökuməti İraq hökumətindən xüsusi təyyarənin Bağdad hava limanına enməsi üçün icazə istəyib. Bu təyyarə girovluqdan azad edilmiş şəxsləri götürməliymiş. Lakin aerport rəsmiləri təyyarədən 23 çantanın boşaldıldığını görəndə təəccübləniblər.

Yalnız bundan sonra İraq rəsmilərinə çantadakıların pul olduğu deyilib. Pulu gətirən təyyarənin göyərtəsində Qətərin İraqdakı səfiri və Qətər əmiri Təmim bin Həməd ət-Taninin xüsusi elçisi də olub.

Ən təəccüblüsü budur ki, girovları pul çantaları gəlməzdən bir gün əvvəl buraxmışdılar.

Buna görə də qətərlilər əmin idilər ki, girovçuların Bağdad hava limanında etibarlı adamları var.

Qətərin kral ailəsindən şahin ovuna çıxanları 2015-ci ilin dekabrında İraqın cənubundakı Mutanna əyalətində İran tərəfindən dəstəklənən qüdrətli Kətaib Hizbullah silahlı qruplaşmasının oğurladığı düşünülür.

"The İndependent" yazır ki, "ovçuların" azad edildiyi gün, yəni ötən cümə, İraq mənbələri AFP agentliyinə bildirmişdilər: "Girovlar girovçularla Cəbhət ən-Nüsra qruplaşması arasında danışıqların nəticəsində azad ediliblər və hazırda Haider əl-Abadinin ofisindədirlər".

Lakin məqalədə bu da deyilir ki, İraq baş naziri ümumiyyətlə bu qalmaqala cəlb olunduğuna görə əsəbidir, amma onun narahat olduğu başqa bir məqam da var.

Hazırda girovçulara çatmalı olan yarım milyard dollarla dolu çantalar İraq hökumətinin ixtiyarındadır.

Amma hamı bilir ki, qüdrətli qruplaşmalar bu qədər pulun əldən çıxması ilə elə-belə barışmayacaqlar.

İntihara sürükləyən "Göy balina" oyunu

"The Daily Mail" yazır ki, Britaniya valideynlərinə Rusiyada 130 yeniyetmənin intiharına səbəb olduğu iddia edilən kompyuter oyunu barədə xəbərdarlıq edilib.

Polis bildirir ki, bu qorxulu oyun artıq Britaniyaya da gəlib çıxıb.

Oyun yeniyetmələrə 50 gün ərzində gecəyarı yuxudan oyanmaq və ya öz əl-ayaqlarını kəsmək kimi ən müxtəlif "tapşırıqlar" verir.

50 günün tamamında oyun onu oynayan yeniyetməyə özünü öldürmək əmrini səsləndirir.

"The Mail" yazır ki, bu sosial media "oyunu" barədə hazırda Rusiyada polis təhqiqatı aparılır.

İndi bu oyunun Britaniyaya da çatdığı xəbər verilir. Basildondakı Woodlands School məktəbinin direktoru xüsusi məktubla valideynləri övladlarından göz-qulaq olmağa çağırır.

Məqalədə deyilir ki, oyunla əlaqədar səs-küy Rusiyada ötən fevralda, 2 yeniyetmə qızın intiharından sonra qalxıb.

Ust-İlimsk şəhərinin sakinlıəri 15 yaşlı Yulia Konstantinova və 16 yaşlı Veronika Volkova özlərini çoxmərtəbəli binanın damından atıblar.

Krasnoyarsk şəhərinin sakini 15 yaşlı Yekaterina isə özünü damdam atarkən qar təpəsinin üstünə düşüb və sağ qalıb. Onun vəziyyəti son dərəcə ağırdır.

Bundan əvvəl Çita şəhərində 14 yaşlı başqa bir qız özünü binanın damından atmışdı.

Çitada baş vermiş bu hadisə ilə əlaqədar polis intihara səbəbin "Göy balina" adlı oyun olduğunu təsdiq edib.

Bu oyun zamanı yeniyetmələrə qollarında və ayaqlarında ülgüc və ya bıçaqla göy balinanın şəklini çəkmək əmr olunur.

Oyunçular həm də bütün gün qorxulu filmlərə baxmalıdırlar.

Britaniya polislərindən birinin təbirincə deyilərsə, "xəstə təxəyyülün məhsulu" olan bu oyunun "Göy balina" adlanmasının da mənası var.

Göy balinalar izahı olmayan səbəblərə görə özlərini sahilə ataraq intihar edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş