Britaniya mətbuatı: Baş örtüyü İranda qadın idmançıların başına bəlalar açır

Fotonun müəllifi Reuters

London Avropaya 60 milyard avro "boşanma pulu" ödəməli olacaq

"The Guardian" yazır ki, Almaniya kansleri Angela Merkel bütün Avropa İttifaqını Britaniyanın baş naziri Theresa May-lə üz-üzə qoyan çıxış edib.

Xanım Merkel deyib ki, Birləşmiş Krallığın Avropa İttifaqı qarşısında "maliyyə öhdəlikləri" məsələsi müzakirə olunmadan, Londonla Brüssel arasında gələcəkdə qurulacaq münasibətləri müzakirə etməyin mənası yoxdur.

Theresa May ölkəsinin Aİ-dən çıxmasına start verən 50-ci maddəni işə salandan bəri ilk dəfə olaraq Almaniya parlamenti qarşısında çıxış edən Merkel deyib ki, Britaniya siyasətçiləri hələ də "xam xəyallarla" yaşayırlar, bir çox imtiyaz və hüquqlarını ittifaqdan çıxandan sonra da saxlayacaqlarına ümid edirlər.

"Üçüncü ölkələr, - Böyük Britaniya da belə bir ölkə olacaq, - Avropa İttifaqı üzvləri ilə eyni və hətta onlardan daha böyük hüquqlara malik ola bilməzlər və olmayacaqlar" - deyib xanım Merkel.

Avropa liderlərinin belə sərt mövqeyi Britaniyada bir çoxlarını narahat edir. Bu narahatlıq ondan qaynaqlanır ki, acığa düşən mühafizəkar rəsmilər Aİ-dən heç bir saziş bağlamadan çıxmaq istəyə bilərlər.

Belə olduqda Britaniyada fəaliyyət göstərən bir sıra xarici şirkətlər qibtəolunmaz vəziyyətdə qalacaq.

Məqalədə deyilir ki, insafən Berlin rəsmiləri Londonun "boşanma haqqı" kimi 60 milyard avronun dərhal ödənilməsi tələbindən azad edilməsi yollarını axtarırlar.

Almaniya hökumət mənbələri bildirirlər ki, Britaniya Aİ-dən çıxmaq barədə danışıqların başlanması üçün pensiyalar, büdcə, inkişaf fondları kimi sahələrdə öz payına düşən vəsaiti ödəməlidir.

Belə yanaşma London rəsmilərini narahat edir. Onlar Aİ-dən çıxmaqla, Aİ ilə gələcək münasibətlər məsələsinin eyni vaxtda müzakirə olunmasını istərdilər.

"The Guardian" yazır ki, bəzi təhlilçilərin firkincə, xanım Merkelin sərt danışığına qarşıdan gələn Almaniya seçkisi də səbəb ola bilərdi.

Fotonun müəllifi HOANG DINH NAM/AFP/Getty Images

Baş örtüyü İranda qadın idmançıların başına bəlalar açır

"The Daily Mail" qəzeti yazır ki, İranın qadın futbolçusu İsveçrəyə şəxsi səyahəti zamanı başını örtmədiyinə görə milli yığmadan qovulub.

Məqalədə deyilir ki, Şiva Əmini məzuniyyətdə olarkən bir qrup kişi ilə futbol oynayıb və İranın Futsal Federasiyasından olan rəsmilər onun sosial media hesablarında bunu əks etdirən fotoları aşkar ediblər.

Bu fotolarda xanım Əmini idman şortu geyinmiş iki kişi ilə başı açıq vəziyyətdə top qovur.

Lakin futbolçu qadın federasiyanın qərarını pisləyib və deyib ki, onun üçün idman baş örtüyündən daha mühüm məsələdir.

"Hicab futbolçu qadın üçün lazımsız bir şeydir. Amma görünür ölkəmin rəsmiləri üçün bu daha mühümdür. Onların mənə göndərdikləri məktubda deyilir ki, başımın açıq olması bir yana, mən hələ kişilərlə futbol oynamışam. Beləliklə, məni yığmadan çıxarıblar. Bunun mənim üçün problem olacağını bilirdim" - deyib futbolçu.

Şiva Əmini gileylənib ki, futbol pərəstişkarlarından heç kəs onun müdafiəsinə qalxmayıb.

"Susmaq bizim özümüzə qarşı xəyanətimzidir" - deyib Əmini.

Bu hadisə barədə "Mənim oğrun azadlığım" kampaniyasını yaratmış jurnalist Məsiq Əlinejada müsahibə verən Əmini deyib ki, İsveçrədəki oyun rəsmi qarşılaşma deyildi və o, İslam Respublikasını təmsil etmirdi.

"İran rəsmiləri mənə yazıblar ki, mən kişilərlə hətta başıörtülü oynasam da komandadan qovulacaqdım" - deyib idmançı.

"The Mail" yazır ki, ötən fevral ayında iki ümidverən şahmatçı - bacı və qardaş turnirdən çıxarılıblar. Bacı yarışda başını örtməmişdi, qardaş isə israilli ilə şahmat oynamışdı.

Ölkənin iki aparıcı gənc şahmatçısı - Dorsa və Borna Derəxşanilərə deyiblər ki, onlar daha milli yığmanın üzvü ola bilməzlər.

İspaniyada tələbə olan 18 yaşlı Dorsa "Tradewise Gibraltar" Şahmat Festivalında başını örtməmişdi.

Onun 15 yaşlı qardaşı Borna İranda yaşasa da, onu da komandadan çıxarıblar. Beləki o da eyni turnirdə israilli şahmatçı ilə qarşılaşıb.

Bu hadisədən bir ay sonra İran qadın bilyard komadasının bəzi üzvlərini Çində keçirilmiş turnir zamanı islami geyim qaydalarını pozduqlarına görə bir il müddətinə yarışlardan çıxarıblar.

2012-ci ildə FİFA baş örtüyünə görə iranlı idmançıların Olimpiadada iştirakını qadağan etmişdi.

1979-cu il İran İslam İnqilabından bu yana İran qadınları ictimai yerlərdə yalnız başları örtülü görünə bilərlər.

İslami geyim qaydaları habelə qadınlara ailələri xaric başqa kişilərə toxunmağı və ya onlarla rəqs etməyi qadağan edir.

Qadınların yalnız üzlərinin, əllərinin və ayaqlarının görünməsinə icazə verilir.

Lakin göründüyü kimi qadınlar ildən-ilə bu qaydaları pozmaqda davam edirlər.

Fotonun müəllifi Orlando/Three Lions/Hulton Archive/Getty Images

İnsanı fikir qocaldır…

"The İndependent" qəzetində Olivia Blair yazır ki, insanlar daha cavan görünmək üçün antiqırış kremlərinə, botoksa və saç transplantasiyalarına on minlərlə funt sterlinq pul xərcləyirlər, amma halbuki bunun ən ucuz, daha doğrusu havayı yolu düşüncə tərzimizi dəyişməzimiz ola bilər.

Məqalədə deyilir ki, Nobel mükafatlı alim Elizabeth Blackburn və sağlamlıq psixoloqu Elissa Epel telomerlərin öyrənilməsinə illərlə vaxt sərf ediblər.

Onların yenicə çapdan çıxmış müştərək kitabı "Telomer effekti: daha gənc, daha sağlam və daha uzun ömrə inqilabi yanaşma" (The Telomere Effect: A Revolutionary Approach to Living Younger, Healthier and Longer) adllanır.

Bu kitabda söhbət insan beynindəki müəyyən fikirlərin telomerlərin qısalmasına təsirindən gedir. Telomerlərin qısalması isə sürətlə qocalmaya və erkən ölümə xidmət edir.

Bəs telomer nədir. Telomerlər bizim xromosomlarımızın uclarıdır. Onlar bir çox başqa faktorlarla yanaşı bizim necə yediyimiz, necə idman etdiyimiz barədə "qeydiyyat" aparırlar. Telomerlərin qısalması yaşlanma, ölüm və yaşlılıqla əlaqədar xəstəliklərə rəvac verir.

Blackburn və Epel belə bir fikir irəli sürürlər ki, müəyyən düşüncə tərzləri telomerlərin qısalmasına səbəb olur.

Bunlardan birincisi "həyasız davakünlükdür". Bu düşüncə tərzi hiddət, habelə başqa adamlara etinasızlığın və inamsızlığın qarışığından ibarətdir.

"Davakün olan bəziləri yalnız düşünməklə qalmırlar. Onlar bunu hər addımda bəyan edirlər: "Mən baqqal dükanında növbəyə dayanmağa nifrət edirəm" və ya "Bu alıcını görürsən, özünü necə də məndən qabağa soxur?.." - deyə Blackburn izah edir.

Alim deyir ki, həyasız davakün adamların ürək-damar xəstəliklərinə, metabolik pozuntulara məruz qaldıqları və erkən öldükləri artıq elmi cəhətdən sübut edilib.

Bizim telomerlərimizi qısaldan ikinci hiss pessimizm və ya bədbinlikdir. Blackburn və Epelin öz araşdırmaları göstərib ki, bədbinlik testlərində yüksək nəticə göstərənlər daha qısa telomerlərə malikdirlər və daha erkən ölürlər.

İnsana mənfi təsir göstərən üçüncü düşüncə tərzi mövcud problemləri beyində zaman-zaman, təkrar təkrar fırladıb "çürütməkdir". Belə düşüncə tərzinə malik insanlarda da telomerez prosesinin, yəni telomerlərin uzanmasının yavaşıdığı müşahidə olunub.

Dördüncü neqativ düşüncə tərzi, nə qədər qəribə səslənsə də, pis fikirləri və hissləri başdan atmaq cəhdləridir. Təcrübə göstərir ki, insan hər hansı hisslərdən xilas olmağa can atdıqca, bu hisslər və fikirlər onu daha çox girələyir. Bu vəziyyət də telomerləri qısaldır.

Nəhayət insanı vaxtsız qocaldıb erkən öldürən beşinci amil fikir və ya diqqət yayğınlığıdır. Fikir yayğınlığı insanın bir iş görərkən başqa bir şey haqıqnda düşünməsidir. Bu hiss bütün insanlara xasdır, amma bəzi peşələrdə, məsələn sürücülükdə qəzalara səbəb ola bilər.

Buna fikir dağınıqlığı da demək olar. Fikir yayğınlığı da telomerləri qısaldan faktordur.

Lakin müəlliflər əmindirlər ki, qocalmanı yavaşıtmaq, erkən ölümü uzağa itələmək mümkündür, çünki bu telomer dediklərinin qısaldıqları kimi uzanmaq xüsusiyyəti də var.

Başlıcası fikir burulğanından çıxmaqdır. Mümkündürmü?