Almaniyada niqab taxmaq qismən qadağan edilib

Hərbçilərə, məmurlara və hakimlərə niqab taxmaq qadağandır Fotonun müəllifi AFP
Image caption Hərbçilərə, məmurlara və hakimlərə niqab taxmaq qadağandır

Cümə axşamı Bunderstaq dövlət müəssisələrində çalışan əməkdaşlara üzü tamamilə bağlayan niqab və parancu geyinməyi qadağan edən qanun layihəsini təsdiqləyib.

Qanun dövlət işçilərinə, hakimlərə və hərbçilərə şamil olunub.

"İnteqrasiya o deməkdir ki, biz açıq-aşkar öz dəyərlərimizi nümayiş etdirməliyik və aşılamalıyıq, həmçinin digər mədəniyyətlərə tolerantlığımızın sərhədlərinin harda bitdiyini də göstərməliyik, Almaniyanın daxili işlər naziri Thomas de Maiziere Reuters agentliyinə açıqlamasında bildirib.

"Bizim qəbul etdiyimiz bu qanun layihəsi bu iş üçün böyük töhfədir".

Yeni qanun Almaniyada dövlət işçilərinə, hakimlərə və hərbçilərə iş zamanı üzü bağlayan geyimi qadağan edir.

Bununla yanaşı sağçılar hökuməti Fransa və digər ölkələrdə olduğu kimi niqabı ictimai yerlərlərdə də qadağan etməyə çağırıblar.

2016-cı ilin dekabrında Almaniya kansleri Angela Merkel ölkədə niqab və parancunun taxılmasının qadağan edilməsinə öz münasibətini bildirmişdi. Xristian-Demokrat İttifaqı Partiyasının Essendə keçirilən qurultayında çıxış edən kansler bu cür geyimlərin hüququ baxımdan mümkün olan hər yerdə qadağan olunmasının lazım olduğunu vurğulamışdı.

"Üzü və bədəni bütövlükdə örtmək bizdə qəbul edilmir, bu bizə məxsus deyil ", - deyən kanslerin sözlərinə görə, Almaniyada insanlar arasında ünsiyyət zamanı üzü nümayiş etdirmək qəbul olunub.

Bir qədər əvvəl Merkel bütün bədəni örtən müsəlman geyimini inteqrasiya prosesinə uğursuzluq işarəsi adlandırmışdı. Qurultayda Merkel məktəblərdə, məhkəmələrdə və digər dövlət müəssisələrində parancunun qadağan edilməsini dəstəkləmişdi.

2011-ci ildə ictimai yerlərdə parancunu və üz örtüyünü qadağan edən ilk Avropa ölkəsi Fransa olub.

2016-cı ilin sentyabrında isə buna bənzər qanun layihəsini İsveçrənin aşağı palatası təsdiqləyib.

2017-ci ildə Avstriyadakı hakim koalisiya Fransadakı qanuna bənzər qanun layihəsini qəbul edib.

Əlaqəli mövzular