İndoneziyada nadir fitva: Qadın İslam xadimləri uşaqlarla nikaha qarşı

Qadın islam xadimlərinin qurultayı İndoneziyada keçirilib Fotonun müəllifi BBC Indonesia
Image caption Yava adasında keçirilən qurultay qadın İslam xadimlərinin ilk irimiqyaslı tədbiri olub

İndoneziyada qadın İslam xadimləri uşaq yaşlarında nikah bağlanmasına qarşı nadir fitva veriblər.

Belə bir fitvanın verilməsi İndoneziya üçün görünməmiş bir hadisə kimi səciyyələndirilir, baxmayaraq ki, bu ölkədə fitva vermək adəti adi hala çevrilib.

Hüquqi qüvvəsi olmasa da, müsəlmanlara böyük mənəvi təsirə malik olan fitva ölkənin qadın dini xadimlərinin üç günlük qurultayından sonra verilib.

Din xadimləri, qadınlara nikah bağlamaq üçün aşağı yaş həddini hazırkı 16-dan 18-ə qaldırmağı hökümətə tövsiyə ediblər.

İndoneziyada müsəlmanlar əhali arasında çoxluq təşkil edirlər.

Eyni zamanda ölkə, nikaha girən uşaqların sayına görə də dünyada irəlidə gedənlər sırasındadır.

BMT-nin uşaqlara aid qurumu olan Unicef bildirir ki, İndoneziyada hər dörd qadından biri nikaha 18 yaşına qədər girir.

İndoneziyanın Yava adasında keçirilən qurultay qadın din xadimlərinin bu qəbildən olan ilk irimiqyaslı tədbiri kimi yadda qalıb.

Toplantı iştirakçılarının əksəriyyəti indoneziyalı olub, lakin eyni zamanda Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən də nümayəndələr tədbirə qatılıblar.

İndoneziyada fitvalar mütəmadi qaydada ölkənin ali islami qurumu sayılan Üləmalar Şurası tərəfindən verilir. Üləmalar Şurasının tərkibi demək olar ki, tamamilə kişilərdən ibarətdir.

Fitva, azyaşlılarla nikah bağlamağı "ziyanlı" adlandıraraq belə halların qarşısının alınmasının icbari olduğunu vurğulayıb.

"Qadın din xadimləri qadınların üzləşdiyi problemlərdən agahdırlar, biz hökumətin bu yolda atacağı addımları gözləmədən, özümüz hərəkətə keçməliyik",- toplantının təşkilatçısı Ninik Rahayu Reuters agentliyinə bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş