Pedro Agramunt onun istefasını gözləyən deputatların iclasına gəlməyib

Pedro Agramunt Fotonun müəllifi Getty Images
Image caption AŞPA-da Pedro Agramunt-un Suriya prezidenti Bəşər Əsəd ilə görüşü Suriya rejiminə dəstək kimi yozulub

Avropa Şurasının Parlament Assambleyası (AŞPA), qurumun prezidenti Pedro Agramunt-u təşkilatı təmsil etmək hüququndan məhrum edib.

Bu qərar onun Suriyaya səfər edərək, orada prezident Bəşər Əsədlə görüşməsi ətrafında yaranmış qalmaqaldan sonraya təsadüf edib.

Gözlənildiyinə görə, Agramunt cümə günü qalmaqallı insidenti şərh etməli və ya istefa verdiyini elan etməli idi, lakin o, iclasa qatılmayıb.

Təsdiqlənməmiş məlumatlara əsasən, o, AŞPA-ya vəzifəsindən istefa verməkdən imtina etdiyi barədə sənəd göndərib.

AŞPA prezidentini istefaya göndərməyin hüquqi mexanizmi mövcud olmadığından, AŞPA bürosu ona etimadsızlıq bildirərək qurumu təmsil etmək hüququndan məhrum edib.

"Prezident büronun iclasına gəlməyib və istefa ərizəsini təqdim etməyib. Prezidenti, vəzifəsindən azad etməyə imkan verməyən reqlamenti nəzərə alaraq, büro belə bir addım atmaq qərarına gəlib", - AŞPA-da Britaniya nümayəndə heyətinin başçısı Roger Gale bildirib.

AŞPA-da Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryev isə deyib ki, Agramunt-a büroda etimadsızlıq, səslərin mütləq çoxluğu ilə bildirilib.

"AŞPA, prezidenti vəzifəsindən kənarlaşdırmaq proseduruna malik deyil. 50 il ərzində buna ehtiyac olmayıb. Reqlament komitəsi indi bu proseduru işləyib hazırlamalıdır", - ukraynalı deputat deyib.

Suriya rejiminə dəstək?

Mart ayında Agramunt başda Dövlət Dumasının vitse-spikeri Vladimir Vasilyev olmaqla Rusiya parlamentinin nümayəndə heyətilə birgə Suriyaya səfərə yollanıb və prezident Bəşər Əsədlə görüşdə iştirak edib.

Agramunt qeyd edirdi ki, bu səfərə o, AŞPA rəsmisi kimi çıxmayıb. Lakin AŞPA-da onun səfəri Suriya rejiminə dəstək kimi qarşılanaraq kəskin tənqidə səbəb olub.

Bazar ertəsi Pedro Agramunt, Assambleyanın işini açıq elan edərkən bildirmişdi ki, Suriyaya səfərini səhv atılmış addım sayır və bunun üçün üzr istəyir. Agramunt, səfərinin deputatlar tərəfindən belə qarşılanacağını gözləmədiyini deyib.

Lakin deputatlar, ona etimadsızlıq bildirilməsi məsələsinin səsverməyə çıxarılmasını tələb etdikdən sonra, Agramunt cümə günü bəyanat verəcəyini elan edib və bundan sonra AŞPA iclaslarına qatılmayıb.

Rusiya nümayəndə heyəti AŞPA iclaslarında artıq bir neçə ildir ki, iştirak etmir.

2014 və 2015-ci illərdə Rusiyanın, Krım məsələsində mövqeyi ilə bağlı AŞPA, Rusiya nümayəndə heyətini sessiyalarda səs vermək hüququndan məhrum edən qətnamə qəbul edib.

Bunun müqabilində Rusiya nümayəndə heyəti AŞPA-nı 2015-ci ilin sonundan əvvəl tərk edib.

Bundan sonra Rusiya, öz nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləmək üçün lazım olan sənədləri göndərməkdən imtina etsə də, AŞPA ilə ümumilikdə işləməkdən imtina etməyib.

Bu barədə daha geniş