Britaniya mətbuatı: ABŞ bir-biri ilə döyüşən iki müttəfiqini - türkləri və kürdləri ayırmağa çalışır

"Bəzi xəbərlərə" görə ABŞ Ankaranın kürd mövqelərinə hava zərbələri ilə əlaqədar Türkiyə ilə Suriyanın şimalındakı muxtar kürd rayonu arasındakı əraziyə qoşun göndərib Fotonun müəllifi AFP
Image caption "Bəzi xəbərlərə" görə ABŞ Ankaranın kürd mövqelərinə hava zərbələri ilə əlaqədar Türkiyə ilə Suriyanın şimalındakı muxtar kürd rayonu arasındakı əraziyə qoşun göndərib

"The İndependent" yazır ki, "bəzi xəbərlərə" görə ABŞ Ankaranın kürd mövqelərinə hava zərbələri ilə əlaqədar Türkiyə ilə Suriyanın şimalındakı muxtar kürd rayonu arasındakı əraziyə qoşun göndərib.

Türkiyə hərbiyyəsi Suriyada özünüidarəyə malik üç Rojava ərazi vahidinə zərbələr endirib. Rojava Suriya kürdlərinin bu ölkənin şimalinda qurmaq istədikləri gələcək kürd dövlətinə verdikləri addır.

Türkiyə bu bölgəyə hava zərbələri endirdikdən sonra Rojava üzərinə artilleriya və tank hücumlarına keçib.

"The İndependent" alınan xəbərlərə istinadən yazır ki, sözü gedən ərazidə evlərə və məktəblərə ziyan dəyib və bir media mərkəzi dağıdılıb.

Türkiyənin bu hücumları nəticəsində bu bölgədə İŞİD-ə qarşı vuruşan 30 kürd döyüşçü həlak olub.

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə İraq Kürdüstanına endirilən hava zərbələri nəticəsində 6 kürd peşmərgəsi öldürülüb.

Məhz buna görə də Amerika qüvvələri ABŞ-ın iki müttəfiqi arasına girərək toqquşmaların önlənməsinə çalışır. Türkiyə NATO üzvüdür, lakin Suriya kürdləri İslam Dövləti adlandırılan təşkilatla mübarizədə Washington-un əsas döyüşən müttəfiqidir.

Kürd Xalq Müdafiə Birlikləri və ya qısaca YPG komandirlərindən biri Reuters agentliyinə ötən cümə günü bildirib ki, o bu bölgəyə Amerika əsgərlərinin gəlməsini gözləyir. Bu qoşunlar kürdlərin muxtar ərazilərindəki kəndləri hücumlardan müdafiə etməlidirlər.

Bu bölgədə çəkilmiş videoda Türkiyə sərhədi yaxınlığında üstündə ABŞ bayraqları olan çox sayda zirehli döyüş maşını görünür.

"The İndependent" yazır ki, peşmərgə və YPG qüvvələri, ABŞ-ın İD-in de facto paytaxtı olan Raqqanın alınması planlarının həlledici elementi sayılırlar.

Məqalədə deyilir ki, Türkiyə aviazərbələrinin nəticəsində həlak olanların arasında YPG-nin qadınlardan ibarət batalyonunun döyüşçüləri də var.

Türkiyə həm İŞİD cihadçılarını, həm də kürdləri özünün cənub sərhədlərindən uzaqlaşdırmaq məqsədilə ötən il "Fərat qalxanı" əməliyyatına başlamışdı. Bu əməliyyat ötən ay başa çatıb.

Həmin əməliyyatın gedişində Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusu ilə kürd qüvvələri arasında bir neçə toqquşma baş vermişdi. O vaxt kürdlər öz torpaqlarını müdafiə etmək üçün sonadək vuruşmağa and içmişdilər.

Türkiyə İraq əsgərlərinin həlak olmasına görə üzr istəyib, lakin bildirir ki, onun hədəfi PKK qruplaşması idi.

Prezident Recep Tayyip Erdoğan kürd siyasi partiyalarını qadağan edib və bildirib ki, öz sərhədlərində Rojava kimi kürd dövlətlərinin yaradılmasına "heç vaxt" yol verməyəcək.

ABŞ Türkiyə kimi PKK-nı terrorçu təşkilat hesab edir, lakin eyni zamanda Suriya Demokratik Qüvvələrini dəstəkləyir. Kürdlərin YPG qüvvələri isə bu qrupun tərkibində əsas rollardan birini oynayır.

Rojavanın siyasi liderləri və bütün dünya boyunca kürd haqları müdafiəçiləri Suriyanın şimalında milyonlarla Suriya qaçqını da daxil dinc insanların mühafizəsi üçün uçuşlarsız zona yaradılmasına çağırırlar.

YPG-nin siyasi qanadı sayılan PYD-nin sözçüsü Sihanuk Dibo deyib ki, "biz bir düşmənə qarşı döyüşürük və onun adı İŞİD-dir, bu isə tələb edir ki, Birləşmiş Ştatlar Rojava və Şimali Suriya üzərində uçuşlarsız zona elan etsin".

Başqa fəallar isə bu qənaətdədirlər ki, YPG Rojava əhalisini qorumaq naminə Raqqanın alınması əməliyyatında iştirakdan əl çəkməlidir.

"The İndependent" yazır ki, bu ərazinin Türkiyə tərəfindən nizamsız bombardmanları artıq dörd ildir davam edir, lakin bu həftənin hücumları təcavüzün yüksəldiyini göstərir.

Məqalədə deyilir ki, bu hücumların intensivliyi xüsusən də 16 aprel referendumundan sonra artıb.

Bu referendum cənab Erdoğana yeni məhdudiyyətsiz hakimiyyət səlahiyyətləri verib.

Türkiyə evlənmə və tanışlıq teleşoularını qadağan edir

Image caption Türkiyə fövqəladə vəziyyət şəraitində azadlıqların məhdudlaşdırılması çərçivəsində telekanalların populyar evləndirmə və tanışqlıq şouları göstərməsini qadağan edib

"The Mirror" qəzeti yazır ki, Türkiyə hökuməti fövqəladə vəziyyət şəraitində azadlıqların məhdudlaşdırılması çərçivəsində telekanalların populyar evləndirmə və tanışqlıq şouları göstərməsini qadağan edib.

Bu qadağan haqqında məlumat rəsmi qəzetdə dərc olunub. Bundan bir qədər əvvəl hökumət bu proqramları bağlayacağını bəyan etmişdi. Hökumət bildirirdi ki, bu proqramlar Türkiyənin milli ənənə və adətlərinə ziddir.

Maraqlıdır ki, bu qadağanla eyni gündə Türkiyə internet ensiklopediyası Wikipedia-ya girişi bloklayıb və yeni repressiyalar dalğasında daha 4000 dövlət qulluqçusu vəzifələrindən uzaqlaşdlırılıb.

Məqalədə deyilir ki, bütün bu hadisələr Türkiyədə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda baş verir.

Televiziyada tanışlıq və evləndirmə şoularının qadağanına gəlincə isə, onların qadağanı barədə sərəncamda belə verilişlərin yolverilməz olduğu göstərilir.

Ötən ay Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş yerli telekanallardan birinə müsahibəsində "belə qəribə proqramların ailə dayaqlarını sarsıtdığını" demişdi.

O vaxt Kurtulmuş "biz bunun üzərində işləyirik və inşaallah yaxın gələcəkdə buna fövqəladə bir fərmanla çarə tapacağıq" deyə əlavə etmişdi.

Bu arada Türkiyənin Kommunikasiyalar Nazirliyi Wikipedia-nı ölkəyə qarayaxma kampaniyası aparmaqda ittiham edib.

Nazirlik bildirib ki, Wikipedia onun qarşısına qoyulmuş şərtləri qəbul etsə, bu sayta giriş bərpa olunacaq.

Türkiyənin hazırkı qanunları hökumətə ayrı-ayrı səhifələrə və internet saytlarına blok qoymaq imkanı verir.

Monitorinq qrupları Türkiyə hökumətini tez-tez Twitter və Facebook kimi sosial media platformalarına blok qoymaqda ittiham ediblər.

Hər xeyirli meyvə-tərəvəz xeyirli deyil?

Fotonun müəllifi PIERRE ANDRIEU

"The İndependent" qəzetində dərc edilmiş elmi məqalədə deyilir ki, meyvə-tərəvəz bir qayda olaraq sağlamlığa xeyirli qidalar kimi təbliğ olunur, lakin bunların heç də hamısı 100 faiz ziyansız sayıla bilməz.

Kardioloq, ürək cərrahı və avtoimmun xəstəlikləri eksperti Steven Gundry deyib ki, qidalı tərəvəzlərin bəzi növləri həzm sistemi üçün ciddi problemlər yarada bilər.

Mind Body Green saytına mesahibəsində Gundry izah edir ki, söhbət xüsusilə də bitki proteinlərinin - zülallarının birindən gedir: lektindən.

Həkim bildirir ki, bu kiçik züllalar müəyyən bitkilərin toxumalarında bu bitkilərin ziyanvericilərdən qorunmasına xidmət edir.

Doktorun fikrincə, məhz lektin zülalı Amerikanın səhiyyə böhranında əsas rollardan birini oynayır.

Məqalədə deyilir ki, lektinlər əsasən kəpəkli buğda ununda, püstəkimilərdə, paxlalılarda, badımcanda, qarğıdalıda, qara düyüdə, pomidor və günəbaxan tumlarında daha çoxdur.

"Lektin müxtəlif xəstəliklərə, bakteriya və viruslara həssas elə bir zülaldır ki, siz onu yeyəndə şəkər, nişasta və lifləri sizin orqanizminizdə müəyyən hüceyrələrə toplaşmağa məcbur edir" - deyir Gundry.

Alimin fikrincə lektinlər bir sıra mühüm hüceyrələrin öz arasındakı kommunikasiyaya mane olur. Bu baş verəndə isə orqanizm buna iltihabla və ya ayağın işləməsi və qusma ilə reaksiya verir.

Bundan başqa hüceyrələr arasında kommunikasiyanın pozulması yorğunluq və unutqanlıq kimi simptomlarla müşayiət oluna bilər.

Doktor Gundry inanır ki, siz lektin qəbulunu məhdudlaşdırmaqla daha sağlam ola bilərsiniz.

Onun fikrincə kəpəkli çörəkdənsə, ağ çörək daha yaxşıdır, pomidorun isə yeməzdən əvvəl qabığını soymaq, toxumlarını çıxarmaq lazımdır.

Həkim bir də tənəkədə konservləşdirilmiş lobyadansa, təzə lobyanı məsləhət görür.

Gundry deyir ki, Braziliya fıstığının (o onsuzda qoz yox, toxum sayılır) əvəzinə pekan, qoz və makadamiya yemək daha faydalıdır.