Britaniya mətbuatı: Almaniya naziri Trump-ı qohumbazlıqda ittiham etdi

Cənab Gabriel-in bu tənqidi İvanka Trump-ın Berlində keçirilən W20 sammitində iştirakının dərhal ardınca səslənib. Fotonun müəllifi Getty Images
Image caption Cənab Gabriel-in bu tənqidi İvanka Trump-ın Berlində keçirilən W20 sammitində iştirakının dərhal ardınca səslənib

"The İndependent" yazır ki, Almaniyanın xarici işlər naziri Sigmar Gabriel ABŞ prezidenti Donald Trump-ın qızı İvankanın, atasının administrasiyasındakı rolunu açıq tənqid edən ilk xarici vəzifəli olub.

Cənab Gabriel-in bu tənqidi İvanka Trump-ın Berlində keçirilən W20 sammitində iştirakının dərhal ardınca səslənib.

Bu sammit müasir dünya işlərində qadınların rolunun gücləndirilməsi yollarının müzakirəsinə həsr olunmuşdu.

Sammitdə Amerikanı məhz prezident qızı təmsil edirdi.

Almaniyanın Funke media qrupuna müsahibə verən cənab Gabriel İvankanın prezident Donald Trump-a, yəni doğma atasına müşavirlik etməsini "nepotism" - qohumbazlıq adlandırıb.

O deyib: "Bəzi qəribə şeylər var. Məsələn onun qızının Almaniyaya səfərinə az qala dünya hadisəsi kimi qiymət verilib. Halbuki siyasətin ailə və bizneslə qarışdırılması bizə nepotizmi xatırladır. Bizim ölkədə belə bir şey ağlasığmazdır".

"The İndependent" yazır ki, bu, xanım Trump-ın nepotizmlə bağlı qarşılaşdığı ilk ittiham deyil.

Mart ayında, Barack Obamanın baş etika müşaviri Norman Eisen CNN telekanalına demişdi ki, İvankanın prezidentə müşavir rolunda çıxış etməsi nepotizm qanunlarının pozulması deməkdir.

Bu qanuna görə Konqres üzvləri də daxil federal rəsmilərin hər hansı qohumlarını hakimiyyət və nəzarətə malik olduqları agentliklərə və ya nazirliklərə vəzifəyə təyin etməsi qadağandır.

Bundan əvvəl Donald Trump-ın seçki kampaniyasının baş sözçüsü Jason Miller xanım Trump-ı müdafiə edərək demişdi ki, onun vəzifəyə təyin edilməsi nepotizm sayıla bilməz, çünki bu iş könüllüdür və İvanka buna görə maaş almır.

Lakin tənqidçilər deyirlər ki, İvanka bütün hallarda ABŞ vergiödəyicisindən mənfəət götürür.

İvanka Trump-ın indi Ağ Evdə özünün West Wing ofisi var.

Ona təhlükəsizlik xidmətləri tərəfindən lisenziya və hökumət telefonlarından istifadə səlahiyyəti verilib.

İndi Avropanın Türkiyəyə yalnız iqtisadi təsir gücü qalır

Fotonun müəllifi AFP/Getty
Image caption Aİ ilə Türkiyə münasibətləri indiki nəticəyə gəlib çıxmaya da bilərdi

Türkiyənin nüfuzlu EDAM (Ekonomi ve Dış Politika Araştırma Merkezi) analitik mərkəzinin rəhbəri Sinan Ülgen "Financial Times" qəzetində yazır ki, o, əvvəlcə diplomat, sonra isə İstanbulda mənzillənmiş liberal meylli araşdırma təsisatının rəhbəri kimi üç onillik ərzində Türkiyənin Avropa ilə münasibətlərinin yaxşılaşdırılmasına xidmət edib.

"Mən illər ərzində inanmışdım ki, Türkiyə Qərb demokratiyaları arasında möhkəmlənmək üçün Avropa İttifaqının (Aİ) üzvü olmalıdır" - yazır Ülgen, - Lakin indi etiraf etməyin vaxtıdır ki, bu cığır çıxılmaz dalana dirənib".

Ülgenin fikrincə, ən böyük faciə bundadır ki, iş bu nəticəyə gəlib çıxmaya da bilərdi.

Politoloq yazır ki, əlbəttə Türkiyənin Aİ üzvlüyü çox çətin bir iş olacaqdı və hər iki tərəfdəki xürafata qarşı mübarizə aparılmalıydı. Bütün bunlara baxmayaraq, Türkiyə 2005-ci ildə üzvlük danışıqlarının start xəttinə çıxa bilmişdi.

Ülgenin fikrincə, bu, 1999-cu ildə Türkiyə siyasi partiyalarının təşəbbüsü ilə baş vermişdi və bu təşəbbüsün özü 2002-ci ildə AKP tərəfindən təzələnmişdi.

Məqalədə deyilir ki, 2005-ci ildə Türkiyənin Aİ üzvlüyünü ölkə əhalisinin 74 faizi dəstəkləyirdi.

"Bu nəhayət onu isbat etməli idi ki, İslam, demokratiya və müasirlik bir yerdə mövcud ola bilər" - yazır müəllif.

Türkiyə və Aİ bununla da mədəniyyətlər toqquşmasından yazan Samuel Huntington kimi adamların nəzəriyyələrini alt-üst edəcəkdilər.

Sinan Ülgen yazır ki, lakin indi, Türkiyənin təməl haqları pozduğuna görə namizədlik statusunun azaldılması barədə Avropa Şurasının səsverməsindən sonra Ankaranın Aİ üzvlüyü realist perspektiv deyil.

Ülgenin fikrincə, bu tarixi iflasa görə hər iki tərəf məsuliyyət daşımalıdır. Onun qənaətinə görə, ilk öncə Fransanın ovaxtkı prezidenti Nicolas Sarkozy-yə "təşəkkür" edilməlidir.

Türkiyənin Aİ üzvü olmaq arzularını ilk dəfə o bloklamışdı. Müəllifin sözlərinə görə 2007-2012-ci illər arasında Sarkozy antitürk kartından daxili siyasətdəki faydaları üçün sui-istifadə edib.

Məqalədə deyilir ki, Aİ üzvlüyünün münasibliyinə türklər arasında ilk şübhələrin yaranmasına da Sarkozy bais olub.

Ülgen yazır ki, Kiprin parçalanmış şəkildə Aİ sıralarına qəbul edilməsi də Qərbin ciddi səhvlərindən biri idi.

"Bəs indi nə olacaq?" - yazır keçmiş diplomat. Onun fikrincə bu, Türkiyənin Aİ-yə doğru 1963-cü ildən başlanan səfərinin sonudur. Politoloqun fikrincə, indi miqrant sazişinin və bunun müqabilində Türikiyəyə vizasız gediş-gəliş rejiminin verilməsi imkanı da iflas ərəfəsindədir.

"Lakin bütün bunlara baxmayaraq Türkiyə və Aİ bu və ya başqa şəkildə öz münasibətləri üçün yeni çərçivə düzəltməli olacaqlar" - yazır Ülgen.

Keçmiş Türkiyə diplomatının düşüncəsinə görə bu yeni münasibətlərdə əsas diqqət ticarətin liberallaşadırılmasına yönəlməlidir. Ülgenin fikrincə Türkiyə-Aİ Gömrük İttifaqının modernizasiya təklifi bu mənada gözəl imkandır.

Politoloqun firkincə yeni danışıqları insan haqları məsələsinə bağlamaq lazım deyil. Bunun əvəzində Aİ Türkiyədən qanunun aliliyi və bazar iqtisadiyyatı sahəsində irəliləyiş istəyə bilər.

Sinan Ülgen yazır ki, indiyədək bu səhvlərə görə Avropa son onillikdə Türkiyənin siyasi trayektoriyasına təsir gücünü itirib. Bununla da, Avropa özünü Türkiyənin qüsurlu demokratiyasının daha liberal versiyasının qurulması gələcəyində oynaya biləcəyi roldan da məhrum edib.

Keçmiş diplomat belə bir nəticəyə gəlir ki, indi Avropa Türkiyəyə təsir üçün yalnız iqtisadi alətlərə malikdir.

İnfarkt qan qrupundan asılıdırmı?

Fotonun müəllifi Getty Images
Image caption II, III və IV qrupa (A, B və AB) daxil olanlar 1-ci qan qrupu ilə müqayisədə ürək və qan-damar xəstəliklərinə tutulmağa azacıq daha meyllidirlər

"The Telegraph" qəzetində Sophie Jamieson yeni araşdırmanın nəticələrinə istinadən yazır ki, 1-ci (0) qan qrupuna mənsub olmayan şəxslər daha yüksək infarkt və ya beynə qan sızması riskinə malikdirlər.

Britaniyada insanların təxminən yarısı, daha dəqiq deyilərsə, 48 faizi 1-ci qan qrupuna aiddir.

Lakin 1,3 milyon insanın xəstəlik tarixlərinin öyrənilməsi göstərib ki, 2, 3 və 4-cü qrupa (A, B və AB) daxil olanlar 1-ci qan qrupu ilə müqayisədə ürək və qan-damar xəstəliklərinə tutulmağa azacıq daha meyllidirlər.

Alimlərin fikrincə, bunun səbəbi 1-ci qrupdan başqa qan qrupunda olanların qanlarında laxtalanma yaradan zülalların miqdarının daha çox olması ola bilər.

Hollandiyadakı Groningen Universiteti Tibb Mərkəzinin professoru və bu araşdırmanın müəllifi Tessa Kole deyir ki, kardiovaskulyar xəstəliklərin riski qiymətləndirilərkən qan qruplarına diqqət yetirilməsi mühümdür.

Tədqiqatlar göstərib ki, 1-cü qan qrupuna aid hər 1000 insandan 14-ü infarkt keçirib. Başqa qruplar üçün bu rəqəm 15 olub.

"The Telegraph" yazır ki, fərq çox cüzi görünə bilər, lakin ümumi əhali arasındakı faiz hesablamalarına görə bu, əhəmiyyətli rəqəmdir. Başqa sözlərlə əhalinin 52 faizi daha yüksək risk qrupuna daxildir.

Həkimlər deyirlər ki, ürək və qan-damar xəstəliklərinin ən yaxşı profilaktikası sağlam qidalanma, siqaretin tərgidilməsi və idmandır.

Britaniya Ürək Fondunun direktorlarından Mike Knapton deyib ki, əksər adamlar üçün risk elementi yaş və genetika kimi dəyişməz faktorlarla bağlıdır.

Lakin alimin dediyinə görə, bu riskə dəyişdirilməsi mümkün olan faktorlar da daxildir. Söhbət ilk növbədə qidalanma, çəki, siqaret, qan təzyiqi, xolesterol və diabetdən gedir.

Doktor deyir ki, bu araşdırmanın nəticəsi 1-ci qan qrupuna daxil insanları arxayınlaşdırmamalıdır.

Onlar da başqaları kimi öz sağlamlıqlarının qeydinə qalmalıdırlar.