Britaniya mətbuatı: Türkiyə-ABŞ arasında gərginlik qorxulu həddə çatıb

Fotonun müəllifi Reuters

Türkiyə-ABŞ arasında gərginlik qorxulu həddə çatıb

"The Telegraph" qəzetinin Beyrut müxbiri Josie Ensor yazır ki, ABŞ qoşunları ilk dəfə olaraq Türkiyə-Suriya sərhədi boyunca patrul keşiyi çəkməyə başlayıb.

Məqalədə deyilir ki, bu, Türkiyə Suriyanın şimalında ABŞ-la müttəfiqlik edən kürd döyüşçülərin mövqelərinə hava zərbələri endirəndən dərhal sonra baş verib.

Türkiyə ötən həftə Suriyadakı Kürd Xalq Müdafiə Birlikləri və ya qısaca YPG-nin mövqelərinə hava zərbələri endirib və bunun nəticəsində ABŞ-a müttəfiq olan çox sayda döyüşçü həlak olub.

"The Telegraph" qəzetinin müxbiri yazır ki, zərbələr nəticəsində 25 döyüşçünün ölməsi Türkiyənin NATO müttəfiqi olan Washington-u qəzəbləndirib.

ABŞ YPG-ni İŞİD-ə qarşı mübarizədə özünün əsas döyüşən müttəfiqi sayır.

Məqalədə deyilir ki, hazırda xüsusi qüvvələrdən olan 500 Amerika hərbçisi Suriya Demokratik Qüvvələrinə (SDQ) Suriya torpağında dəstək verir.

Müxbir yazır ki, ötən həftəsonu Amerikanın zirehli texnikası Suriyada Türkiyə ilə həmsərhəd bölgədə görünüb və Washington, bu çox qeyri-adi hərəkəti ilə Türkiyəni kürdlər üzərinə gələcək mümkün zərbələrdən çəkindirəcəyinə ümid edir.

ABŞ-ın rəhbərliyi altında koalisiyanın birləşmiş komandanlığı bəyan edib ki, "patrul keşiyində məqsəd ABŞ-ın iki ən etibarlı anti-İŞİD partnyoru arasında zorakılığın eskalasiyasının qarşısını almaqdır".

Bu bəyanata baxmayaraq Türkiyə prezidenti Recep Tayyip Erdoğan həftəsonu hava zərbələrinin təkrar olunacağı ilə hədələyib.

"Biz gecənin bir aləmində gözlənilmədən gələ bilərik, - deyib Erdoğan, - Biz terrorçu qüvvələrə əvvəlcədən xəbərdarlıq etməyəcəyik və Türkiyə Silahlı Qüvvələri hər an gələ bilər".

"The Telegraph" yazır ki, ABŞ hərbçiləri, Türkiyə hava zərbələrini endirərkən hədəfdən bir neçə kilometr aralı idilər və Ankara ABŞ-a zərbələrə cəmi 52 dəqiqə qalanda xəbərdarlıq etmişdi.

Cənab Erdoğan deyib ki, hərbi karvanlarda YPG nişanları ilə yanaşı Amerika bayraqlarını da görmək Türkiyəni "ciddi şəkildə kədərləndirib".

Türkiyə prezidenti bunu da əlavə edib ki, bu məsələni mayın 16-da Washington-a səfəri zamanı prezident Donald Trump-la söhbətində qaldıracaq. O həmçinin ABŞ hərbiyyəsi ilə YPG arasında koordinasiyaya son qoyulmasına çağırıb.

ABŞ-YPG arasında əlaqələndirmə Obama-nın vaxtında başlanıb. Cənab Trump seçki kampaniyası zamanı bu siyasətə yenidən baxacağını vəd etsə də, vəziyyət dəyişməyib.

"Bu dərhal dayandırılmalıdır, - deyib Erdoğan, - Başqa cür olsa, bu, region üçün və bizim üçün narahatlıq yaradacaq. Bu, həm də iki NATO üzvü və strateji partnyor kimi bizim üçün də narahatlıq olacaq".

Türkiyə İŞİD cihadçılarını və kürd döyüşçüləri Suriyanın şimal bölgələrindən çıxarmaq üçün 2016-cı ildə bu ölkəyə hərbi müdaxilə etmişdi. Məqsəd Türkiyə və yarımmuxtar kürd əraziləri arasında bufer zonasının yaradılması idi.

Beynəlxaql Böhran Qrupunun (The International Crisis Group- İCG) son hesabatında deyilir ki, Suriya böhranı ABŞ qarşısında YPG dilemması qoyub.

İCG bildirir ki, YPG özünü İslam Dövləti adlandıran təşkilatla mübarizədə "əvəzsiz" qüvvədir. Lakin digər tərəfdən, ABŞ belə bir fakta da göz yuma bilməz ki, o, əslində PKK tərəfindən təlimləndirilmiş silahlı qüvvəyə dəstək verir. Bu həmin PKK-dır ki, ABŞ-ın NATO müttəfiqi olan Türkiyəyə qarşı qiyamı davam etdirir.

İCG xəbərdarlıq edir ki, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq hava zərbələrini davam etdirməsi hadisələrin çox təhlükəli inkişafı sayıla bilər.

Fotonun müəllifi PA

Donald Trump da Amerika Konstitusiyasından narazıdır

"The İndependent" yazır ki, Donald Trump özünün ilk 100 günündə qarşılaşdığı problemlərə görə Birləşmiş Ştatların Konstitusiyasını ittiham edib.

O 100 gün münasibətilə Fox News şəbəkəsinə müsahibəsində deyib ki, hakimiyyətə nəzarət və onun balanslaşdırılması "arxaik" prinsipdir.

"Bu çox çiy sistemdir, - deyib Trump, - Köhnəlmiş, arxaik sistemdir…Bu bizim ölkəmiz üçün çox pis bir şeydir".

"The İndependent" xatırladır ki, Trump prezidentliyinin ilk aylarında bir sıra uğursuzluqlar və pərtliklərlə üzləşməli olub.

Onun müsəlman ölkələrindən miqrantlatın gəlişinə qoyduğu qadağa məhkəmələr tərəfindən ləğv olunub. Bundan sonra prezident ikinci dəfə düzəliş edilmiş sərəncam variantını təqdim etməli olub.

Bundan bir neçə həftə sonra isə onun Obamacare sistemini ləğv etməyə yönəlmiş səhiyyə haqqında qanun layihəsi Konqres tərəfindən rədd edilib. Bu layihə Trump-ın partiyadaşları olan respublikaçılardan lazımi dəstəyi ala bilməyib.

Bu uğursuzluqlar nəticəsində Trump-ın reytinqi ABŞ prezidentləri üçün görünməmiş həddə enib.

Trump-ın hazırkı populyarlığı 40 faiz ətrafında dövran edir, amma Obama prezidentliyinin müvafiq mərhələsində 65 faiz populyarlığa malik idi.

Fox televiziyasına müsahibəsində Trump respublikaçı senatorlardan da şikayətlənib.

ABŞ prezidenti bu müsahibədə amerikalıları 1 may gününü "Sədaqət günü" kimi qeyd etməyə çağırıb. O deyib ki, söhbət "fərdi azadlıqlara, məhdudlaşdırılmış hakimiyyətə və bütün insanların ləyaqətinə olan loyallıqdan" gedir.

"The İndependent" yazır ki, Soyuq müharibə dövründən qalmış ənənə 1 may gününü solçu təşkilatların bayramı hesab edir.

Trump deyib ki, bütün uğursuzluqlara baxmayaraq o, Amerika xalqına verdiyi vədləri bir-bir icra etməyə çalışır.

Fotonun müəllifi Chris Ratcliffe/Getty Images

Britaniyanın qədim və qəribə qadağanları

"The Mirror" məsləhət görür ki, Britaniyada yaşayanlar bu ölkənin qədim və həm də müasir qadağanlarını yaxşı bilməlidirlər, əks halda gözləmədikləri yerdə işə düşə bilərlər.

Parkda quşları yemləməkdən tutmuş, kandardakı ayaqaltını çırpmağa qədər ən müxtəlif hərəkətlər ağır cərimələrlə nəticələnə bilər.

Məsələn, Şərqi Devon rayonu bu yaxınlarda qağayıları yemləməyi qadağan edib. Bundan sonra əlindəki bulkanı fırtına quşları ilə bölüşənlər 80 funt sterlinqlərindən məhrum edilə bilərlər.

Yerli bələdiyyənin 67 yaşlı sözçüsü Ian Chubb deyir ki, məşhur Mary Poppins bu gün yaşasaydı, quşları yemlədiyinə görə ciddi problemlərlə qarşılaşardı.

Qəzet qadağanlardan bir neçəsini misal da gətirir.

Avtodayanacaqda xırda pul istəmək

Bunu demək olar hamı edir. Avtomobilini dayanacaqda saxlayırsan və əlini cibinə atıb parklama haqqını ödəmək üçün xırda pul tapmırsan. Bu zaman çoxları yaxınlıqdakılara müraciət edirlər.

Amma bu hərəkət 1824-cü ildən qüvvədə olan Avaraçılıq qanununa görə, bir aylıq islah-əmək işləri ilə nəticələnə bilər.

Hərbi forma geyinmək

1906-cı il tarixli Saxta Matroslar və Əsgərlər qanunu hərbi forma geyinməklə özünü Silahlı Qüvvələrin nümayəndəsi kimi qələmə verməyi qadağan edir.

Odur ki, karnavala və ya maskarad şənliklərinə general və ya admiral qiyafəsində gəlməzdən əvvəl yaxşıca düşünmək lazımdır.

Əks halda bu axmaq hərəkət barədə üç ay müddətində həbsxanada fikirləşmək üçün kifayət qədər vaxtınız olacaq.

Meyxanədə və ya pabda içib sərxoş olmaq

1872-ci ilin Lisenziya qanununun 12-ci hissəsinə görə, hər hansı küçədə və ya ictimai yerlərdə sərxoş vəziyyətdə tutulmaq 200 funt sterlinqlik cərimə ilə nəticələnə bilər (Azərbaycan pulu ilə 400 manat edir).

"The Mirror" zarafatla yazır ki, bu qanunu bütün ölkə boyunca bir-iki cümə günü doğrudan da tətbiq etsəydilər, Britaniya büdcəsinin bütün kəsirlərini doldurmaq olardı.

Taxta-şalban daşımaq

1839-cu ilin Bələdiyyə Polisi qanununun 54-cü maddəsi küçə ilə nərdivan, xərək, taxta-şalban, boru və vanna kimi şeyləri daşımağa görə 500 funt sterlinq cərimə nəzərdə tutur.

Fotonun müəllifi Ezra Shaw/Getty Images

Qapını döyüb qaçmaq oyunu

1854-cü ilin Bələdiyyə Polisi qanununa görə, "qanuni səbəb olmadan və sakinləri bilərəkdən narahat etmək məqsədilə qapını döymək və ya zəngini çalmaq" cəriməlik hərəkətdir.

Valideynlər bu barədə uşaqlarına ciddi şəkildə xəbərdarlıq etməlidirlər. Qəpik-quruşa dəyməyən konfet-peçenye üçün papaqatdı oyunu ailə büdcəsinə 500 funt sterlinq ziyan vura bilər.

Polşa kartofu

Bu tam müasir qanundur. 2004-cü il tarixli Polşa Kartofu qanununa görə, İngiltərəyə əsaslı səbəb olmadan Polşa kartofu gətirmək qadağandır.

Bu qanun yerli kartof əkinlərinə xəstəlik düşəndən sonra qəbul edilib.

Küçədə top qovmaq

İngiltərə futbolun vətəni olsa da, burada küçədə futbol oynamaq 1839-cu il tarixli qanunla qadağandır.

Bunun da cəriməsi 500 funt sterlinqdir. Yeri gəlmişkən, eyni qanun çərpələng uçurmağı da qadağan edir.

Ayaqaltının tozunu çırpmaq

İngirltərədə qapının kandarındakı ayaqaltının tozunu küçəyə çırpmağın "qiyməti" 500 funt sterlinqdir. Bu hərəkəti də 1839-cu ildən qadağan ediblər.