Trump Putinlə telefonla danışacaq

Trump, Putin Fotonun müəllifi Getty Images

Çərşənbə axşamı ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutacaq, Ağ Ev bildirib.

Amerika administrasiyasının nümayəndəsinin sözlərinə görə, söhbətin əsas mövzusu "böyük ehtimalla Suriya olacaq".

Söhbət Moskva vaxtı ilə 19:30-da baş tutmalıdır.

Bu Donald Trump prezident vəzifəsinə başlayandan sonrakı müddətdə iki ölkə prezidenti arasındakı üçüncü telefon danışığı olacaq.

Telefon danışığı Moskva və Vaşinqton arasında münasibətlərin daha da kəskinləşməsi fonunda baş tutacaq.

İki ölkə lideri birinci dəfə yanvarın 28-də telefonla danışıb. Bu danışıq Suriya münaqişəsinin nizamlanması və özünü İslam Dövləti adlandıran qruplaşma ilə mübarizəyə həsr olunub.

Kremlin mətbuat xidməti bildirib ki, o zaman cənab Putin və cənab Trump terrorizmlə mübarizə, Yaxın Şərqdəki vəziyyət, İranın nüvə proqramı, ikitərəfli ticarət və iqtisadi əlaqələrin bərpası və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Buna qədər onlar telefonla danışsalar da, bu Donald Trump-ın andiçmə mərasiminə qədər olan dövrdə baş tutmuşdu və Vladimir Putin onu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etmişdi.

Prezidentlər arasında növbəti danışıq aprelin 4-də baş tutub. O zaman cənab Trump Vladimir Putinə Sankt-Peterburq metrosundakı partlayış ilə əlaqədar başsağlığı vermək üçün zəng edib.

Donald Trump öz seçkiqabağı kampaniyası zamanı rusiyameylli namizəd sayılırdı. O, Putinlə münasibətləri normallaşdırmaq istədiyini deyirdi. Kreml də Vaşinqtonla münasibətlərin normallaşacağına ümid etdiyini söyləyirdi.

Trump və Putin qiyabi olaraq bir-birinin ünvanına komplimentlər deyirdilər.

Amma artıq aprel ayında prezident Putin bəyan edib ki, Trump-ın prezidentlik dövründə Moskva və Vaşinqton arasında etimad səviyyəsi daha da zəifləyib.

Münasibətlərin soyumasına Trump-ın Suriya aviabazasına hava zərbələri endirilməsi barədə göstərişi xüsusilə təsir edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın ABC telekanalının efirində Good Morning America proqramına müsahibəsində "ABŞ və Rusiya arasında soyuq müharibə gedirmi?" sualına cavab verib ki, "vəziyyət, bəlkə də daha pisdir".

Sonra o əlavə edib ki, ABŞ və Rusiya münasibətləri ən aşağı nöqtədə olsa da, onun fikrincə, Putin və Trump "hər halda dialoq yarada bilərlər".

Bu barədə daha geniş