Apple: "Bu ilin ilk rübündə iPhone smartfonları daha az sayda satılıb"

Apple logo Fotonun müəllifi Getty Images

Apple şirkətinin bildirdiyinə görə, bu ilin ilk rübündə, keçən ilin eyni dövrü ilə müqayisədə iPhone smartfonları daha az sayda satılıb.

ABŞ-ın California ştatında mənzillənən şirkət bu ilin sonunadək iPhone-nun yeni modelini bazara cıxarmalıdır.

Şirkətin bildirdiyinə görə, bu ilin ilk rübündə 50.8 milyon ədəd iPhone satılıb.

Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satılmış smartfonların sayı baxımından 1 faizlik geriləmənin baş verməsi deməkdir.

Apple şirkətinin rəhbəri Tim Cook geriləmənin səbəbini istehlakçıların yeni iPhone mödelinin bazara çıxacağı anı gözləmələrı ilə və bu səbəbdən yaranmış "fasilə ilə" izah edib.

Rüb göstəriciləri elan olunduqdan sonra, son zamanlar artmaqda olmuş Apple-in səhm indeksi təxminən 2% enib.

Bununla belə, Apple bildirib ki, ümumilikdə bütün bölümlər üzrə şirkətin gəlirləri 4.6% artaraq 52.9 milyard dollar təşkil edib. Bu rəqəm proqnozlaşdırılan göstəricidən bir qədər aşağı çıxıb.

Apple iPhone-larının satışında geriləməni Apple Pay, iCloud və App Store xidmətləri sayəsində kompensasiya etmək mümkün olub - həmin tətbiqlərin satışı 18 faiz artaraq 7 milyard dollar təşkil edib.

Tim Cook eyni zamanda, Apple Watch, AirPods cihazları və Beats qulaqçıqlarının satışında da artımın olduğunu qeyd edib.

Satılmış smartfonların sayında geriləməyə baxmayaraq, iPhone satışından ümumi gəlir 1 faiz artaraq 33.2 milyard dollar təşkil edib. Qeyd olunduğuna görə, bu, daha həcmli və daha bahalı iPhone 7 Plus cihazlarının satışı hesabına əldə olunub.


Təhlil: iPhone-nun 10illiyi ərəfəsindəki ümidlər

Dave Lee, BBC Şimali Amerika, texnologiya üzrə müxbir

Fotonun müəllifi Getty Images

Bayramlardan sonraya təsadüf edən ilin 1-ci rübü Apple üçün maliyyə baxımından həmişə çətin dövr sayılıb.

Amma gözlənildiyindən daha zəif nəticənin alınması investorları biraz qayğılandırıb.

Rüb nəticələri elan edilməzdən əvvəl Tim Cook investorlara deyib ki, o, Apple Music, Apple TV, iTunes və bu kimi digər xidmətlərin nümayiş etdirdiyi artımdan razılıq hissi keçirsə də, Apple şirkətinin sağlam durumunu bildirən əsas göstərici smartfonların satış rəqəmləridir.

Bu baxımdan, ilin qalan hissəsinin təhlilçilər üçün maraqlı keçəcəyi gözlənilir.

İlk iPhone-ların bazara çıxışının 10-cu ildönümü yaxınlaşdığı ərəfədə gözləntilər yüksəkdir - sərmayəçilər ümid edirlər ki, növbəti iPhone sadəcə növbəti yeni model yox, heyrətamiz bir cihaz olacaq.

Ötən il Apple üçün problemli olmuş Çin bazarının bu il də şirkət üçün çətin olacağı ehtimal olunur. Çin bazarında Apple-ın gəlirləri 14% düşüb, Tim Cook bunu qismən vayuta bazarının qeyri-sabitliyi ilə izah edib.

Canalys şirkətindən təhlilçi Tim Coulling deyir ki, Çin smartfonları yüksək dərəcədə rəqabətlidir, çünki onlar Apple smartfonlarının xüsusiyyətlərini təkrarlamaqla yanaşı eyni zamanda ucuzdurlar.

Onun təbirincə, hazırda yeni, "nəsə bir inqilabi cihaz icad etmək çətindir". Təhlilçinin proqnozuna görə, yeni iPhone-nun ekranı daha böyük olacaq.

Apple isə bildirib ki, bütün dünya üzrə rüblük gəlir 11 milyard dollar təşkil edib, bu isə keçən ilin eyni dövrünün rəqəmindən 4.9 faiz yuxarıdır.

Şirkət eləcə də bildirib ki, Apple səhmlərini saxlayanlara gəlir qismində əlavə olaraq 50 milyard dollar ödəniləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş