Suriya: İD-nin qaçqınlar düşərgəsinə hücumunda ölənlər var

Həssakə Fotonun müəllifi AFP
Image caption Suriya Demokratik Qüvvələrin nəzarətində olan sərhəd bölgəsində bir neçə qaçqın düşərgəsi fəaliyyət göstərir.

Suriyanın İraqla sərhəd bölgəsində özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın həyata keçirdiyi hücumda 30 mülki şəxs və kürdlərin başçılığı ilə yaradılan hərbi dəstənin döyüşçüləri öldürülüb.

Bəzi xəbərlərə görə Suriya və İraq qaçqınlarının mənzilləndiyi Rəhm əl-Səlibi düşərgəsinə həmlədə intiharçı bombaçılar istifadə olunub.

Daha sonra silahlılarla Suriya Demokratik Qüvvələri üzvləri arasında toqquşmalar baş verib.

Şərqi Suriyada İD-ə qarşı döyüşlərdə ABŞ rəhbərliyi altında bir araya gələn müxtəlif qüvvələr iştirak edir.

Qruplaşmaya daxil olan kürd və ərəb birləşmələri Fərat vadisində yerləşən strateji əhəmiyyətli Tabqa şəhərini nəzarət altına almaq üzrədir.

Daha sonra İD-nin qeyri-rəsmi paytaxtı sayılan Raqqa şəhərinə hücum gözlənilir.

Britaniyada mənzillənən Suriya fəallarına əsasən Rəhm əl-Səlibə hücum vaxtı düşərgənin içində və kənarında olan 5 intiharçı özünü partladıb.

Hücum və daha sonra baş verən toqquşmalarda 21 mülki şəxs də daxil 32 nəfər həlak olub, Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi xəbər verir.

Daha 30 adamın xəsarət aldığı bildirilir.

BBC-ə danışan İraq hərbi mənbəsi hücum vaxtı onlarla mülki şəxsin oğurlandığını bildirib.

Bu məlumatların həqiqiliyini dəqiqləşdirmək mümkün deyil.

Fotonun müəllifi AFP
Image caption Suriya Demokratik Qüvvələri Raqqa üzərində döyüşə hazırlaşırlar.

Suriyanın rəsmi Sana agentliyi qarşıdurmada 30 mülkinin öldüyünü xəbər verir. Kürdlərin ANNA agentliyinə əsasən isə döyüşlərdə 22 nəfər həlak olub.

Suriya Demokratik Qüvvələrin nəzarətində olan sərhəd bölgəsində bir neçə qaçqın düşərgəsi fəaliyyət göstərir.

Düşərgələr müntəzəm olaraq İD tərəfindən hücuma məruz qalır, Kürd mediası bildirir.

Bu barədə daha geniş