Britaniya mətbuatı: ABŞ kəşfiyyatçısı, ərli qadın İŞİD cihadçısına qoşulub qaçıbmış…

Bir İD videosunda Deso Dogg ayaması daşıyan cihadçı Denis Cuspertin əlində kəsilmiş baş olub Fotonun müəllifi EPA
Image caption Bir İD videosunda Deso Dogg ayaması daşıyan cihadçı Denis Cuspertin əlində kəsilmiş baş olub

"The Telegraph" qəzeti öz təşkilatına xəyanət edərək cihadçı sevgilisinə qovuşmaq üçün Suriyaya gizli səfər etmiş ABŞ kəşfiyyatçısının əhvalatından yazır.

Federal Təhqiqatlar Bürosunda (FTB) işləyən amerikalı qadın Daniela Greene ona verilmiş tapşırıq əsasında Deso Dogg ayaması daşıyan cihadçı Denis Cuspertin sosial mediadakı fəaliyyətini izləməliydi.

Keçmiş reper Cuspert İslam Dövləti adlanan təşkilat üçün internet vasitəsilə insan səfərbər etməklə məşğul idi.

Cuspert özünün replərindən birində prezident Barack Obamanı boğazının üzülməsi ilə hədələmiş, İŞİD videolarından birində əlində kəsilmiş başla çəkilmişdi.

Lakin sonradan hadisələr Amerikanın məşhur Homeland teleserialında olduğu kimi inkişaf etdi. Bu serialda Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olan qadın əməliyyatçı Carrie keçmiş Amerika əsgəri, amma indi cihadçı olan Brody-yə vurulur.

Xanım Green də teleserialın qəhrəmanı kimi Cuspert-in şirin dillərinə uyaraq əvvəlcə İstanbula, oradan isə Suriyaya yola düşüb.

CNN telekanalının əldə etdiyi məhkəmə materiallarına görə, Greene ABŞ-ı 2014-cü ilin iyununda tərk etmiş, amma bundan əvvəl FTB-dəki rəislərinə guya Almaniyaya valideynlərinə baş çəkməyə getdiyini bildirmişdi.

38 yaşlı xanım Greene Cuspertlə Skype-da danışmışdı. Onlar İstanbulda görüşməli və evləndikdən sonra Suriya sərhədini keçməli idilər.

Lakin qadın Suriyaya gəldikdən sonra kimliyi açıqlanmayan bir nəfərə e-mail-lər göndərərək peşman olduğunu bildirirdi.

O iyunun 8-də yazdığı məktubda "nə etməli olduğunu bilmədiyini" yazırdı.

Çexoslovakiyada doğulmuş, lakin Almaniya və ABŞ-da böyüyüb başa çatmış Greene nəhayət Amerikaya qayıda bilib və dərhal terrorizm ittihamı ilə həbs olunub.

O iki il həbsxana cəzası yatdıqdan sonra azadlığa çıxıb.

"The Telegraph" yazır ki, işə baxan hakimin bəzi sənədləri açıqlaması ilə faş olan bu əhvalat ABŞ məxfi xidmətlərinin pərtliyinə səbəb olub.

Buna baxmayaraq FTB-nin xanım Greene-dən şübhələnmək üçün heç bir əsası olmayıb. Onu alman dilini mükəmməl bildiyi üçün işə götürmüşdülər və diqqətlə yoxlamışdılar.

Məqalədə deyilir ki, xanım Greene Suriyaya cihadçı sevgilisinin görüşünə gedəndə bir amerikalıda ərdə idi.

Qəzet yazır ki, Greene hazırda mehmanxanalardan birində növbətçi işləyir.

Mediaya verdiyi qısa müsahibədə keçmiş qaçaq FTB agenti deyib ki, əhvalatın bütün təfərrüatlarını aça bilməz, çünki Almaniyadakı valideynlərinin həyatı üçün narahatlıq keçirir.

Xanım Greene-in vəkili Shawn Moore onu "ağıllı, bilikli, amma açıq-aşkar sadəlövh" adam adlandırıb.

Səudiyyə şahzadəsi: "İran İslam dünyasına nəzarət etmək istəyir"

Fotonun müəllifi AFP
Image caption Şahzadə Məhəmməd bin Salman: "İran şiələrin 12-ci imamı Mehdinin gəlişinə hazırlıq olaraq İslam dünyasına nəzarəti ələ almağa səy göstərir"

"The Guardian" qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi, kral Salmanın oğlu, şahzadə Məhəmməd bin Salman bəyan edib ki, onun ölkəsi ilə İran arasında dialoq üçün məkan yoxdur, çünki İran "İslam dünyasına nəzarətə yiyələnmək istəyir".

Səudiyyə telekanallarına özünün nadir, lakin geniş müsahibəsini vermiş şahzadə İrana qarşı düşmənçiliyinin miqyasını açıq şəkildə ortaya qoyub.

Məqalədə deyilir ki, bin Salman bu müsahibədə həmçinin malik olduğu hakimiyyətin təfərrüatlarına işıq salıb.

31 yaşlı şahzadə 2015-ci ildə atası tərəfindən Səudiyyə taxt-tacının vəliəhdi elan edilib. O eyni zamanda ölkənin müdafiə naziri postunu tutur və Yəmən müharibəsində İranın dəstəklədiyi qiyamçılara qarşı hərbi əməliyyatlara komandanlıq edir. Bundan başqa bin Salman Səudiyyə Ərəbistanı iqtisadiyyatının gələcəyi üçün cəsarətli proqram hazırlayıb.

"The Guardian" yazır ki, İranla yaşanan gərginliyi "məzhəb zəminində şərh etməklə alovlandıran" şahzadə Tehranın ambisiyalarını tənqid edib.

O deyib ki, "İran şiələrin 12-ci imamı Mehdinin gəlişinə hazırlıq olaraq İslam dünyasına nəzarəti ələ almağa səy göstərir".

"Mən öz etiqadını ekstremist ideologiya üzərində quran birisi ilə və ya bir rejimlə necə anlaşma əldə edə bilərəm? Bizim aramızda olan maraqlar nədir ki?" - deyib Səudiyyənin vəliəhd şahzadəsi.

Məqalədə deyilir ki, İran və Səudiyyə regionda təmsili müharibələr aparır. Onlar Suriya və Yəmən müharibələrində qarşı duran tərəfləri dəstəkləyirlər. İki ölkə arasında Livan, Bəhreyn və İraqdakı qruplaşmaların təmsilçiliyi ilə qarşıdurma davam edir.

İranla Səudiyyə arasında münasibətlər ötən il Səudiyyədə nüfuzlu şiə ruhanisi edam edildikdən sonra son dərəcə gərginləşmiş, Tehrandakı Səudiyyə səfirliyi qəzəbli iranlılar tərəfindən yandırılmışdı.

Bunun ardınca iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb.

"Biz İranın əsas məqsədini bilirik, - deyib şahzadə Məhəmməd, - Biz döyüşün Səudiyyənin içərisinə gəlməsini gözləməyəcəyik. Biz elə edəcəyik ki, bu döyüş Səudiyyənin yox, İranın içərisində baş versin".

Yəmən müharibəsi məsələsinə gəlincə, şahzadə bu ölkəyə hərbi müdaxiləsini müdafiə edib.

Burada əsasən Səudiyyənin hava zərbələri nəticəsində minlərlə dinc sakin həlak olub.

Ekspertlər bildirirlər ki, iki ildir davam edən Yəmən müharibəsi hazırda pat vəziyyətinə gəlib.

"The Guardian" yazır ki, Səudiyyə milyonlarla dollar xərcləməsinə baxmayaraq qiyamçı şiə husiləri Yəmən paytaxtından vurub çıxara bilməyib.

Qadınlar kosmetikadan kişiləri ovlamaq üçünmü istifadə edirlər?

Fotonun müəllifi Getty Images Entertainment
Image caption İkili standart: Bir tərəfdən qadınları kişilərin gözünü aldatmaqda ittiham edirlər, digər tərəfdən isə tamamilə kosmetikasız üz də məqbul sayılmır

"The İndependent" qəzetinin qadın məsələlərindən yazan müxbiri Sara Young-ın məqaləsində zərif cinsin nümayəndələrinə müraciətlə deyilir: "siz üzünüzdəki ləkələri örtürsünüz, ənnik-kirşan çəkirsiniz, amma heç ağlınıza da gəlməz ki, sizi estetik casusluqda ittiham edə bilərlər".

Kişilərin əksəriyyəti kosmetikası ilə çox məşğul olan qadınları - A qrupuna aid edirlər, yəni kişi nəzərlərinin ovçusu sayırlar.

YouGov ictimai rəyi öyrənmə firmasının apardığı sorğunun nəticələrinə görə kişilərin 63 faizi qadınların kosmetikadan eyiblərini gizlətmək və başqalarını aldadaraq gözəl olduqlarına inandırmaq üçün istifadə etdiklərini düşünür.

Belə çıxır ki, yazır jurnalist, qadınlar güzgü qabağında saatlarla özlərinə pişik mükəmməlliyini kişilərə görə verməyə çalışırlar?

Lakin belə düşündüklərinə görə kişiləri qınamağa dəyərmi? Maraqlıdır ki, qadınların da 47 faizi elə bu qənaətdədir.

Rəyi soruşulanların 53 faizi bildirir ki, qadınları qeyri-realist gözəllik standartlarına can atmağa media sövq edir.

Lakin kişilərin cəmi 30 faizi razılaşır ki, qadınları mümkün olmayanı əldə etməyə media həvəsləndirir.

"Təəssüf ki, söhbət qadınların kosmetikasından gedəndə, çox adam səsini ucadan qaldırmağı özünə rəva görür" - yazır Young.

Amma qadınlara qarşı ikili standart mövcud deyildirmi? Bir tərəfdən onları kişilərin gözünü aldatmaqda ittiham edirlər, digər tərəfdən isə tamamilə kosmetikasız üz də məqbul sayılmır.

Bəli, qadınlar gözəlləşdirmə vasitələrindən eyiblərini örtmək və ya gözəlliklərini qabartmaq üçün istifadə edirlər. Lakin onların məqsədi bir çoxlarının düşündüyü kimi məkrli deyildir.

Kişilərə də demək olar ki, məsələn, onlar saqqalı üzlərinin eybini, məsələn iti çənələrini örtmək üçün saxlayırlar.

Amma buna baxmayaraq qadınların yalnız 34 faizi düşünür ki, kişilər saqqalları ilə onlara tələ qurmaq istəyirlər, Young yazır.