Britaniya mətbuatı: Erdoğanın xaricdəki opponentlərinin "ovu" davam edir

Fotonun müəllifi AFP

Erdoğanın xaricdəki opponentlərinin "ovu" davam edir

"The Guardian" yazır ki, Malayziyada iki türkün həbs edilməsi onların Türkiyəyə deportasiya oluna biləcəklərinə dair narahatlığa səbəb olub.

İnsan haqları təşkilatları bildirirlər ki, Türkiyəyə deportasiya edilən şəxslər bu ölkədə ədalətsiz mühakimə və işgəncələrlə üzləşə bilərlər.

Məqalədə deyilir ki, Turqay Karaman və İhsan Aslan Malayziya Cinayət Məcəlləsinin "Malayziyanın təhlükəsizliyinə hədə maddəsi ilə tutulublar".

Bu barədə Malayziya polisinin baş müstəntiqi Xalid Abu Bakar Tvitter postu ilə məlumat verib.

Polisin belə bir bəyanatından əvvəl internetdə, Kuala Lumpurun avtodayanacaqlarından birində mülki geyimdə olan dörd naməlum şəxsin bir nəfəri əlləri arxasında bağlı apardığını göstərən süjet yayılıb.

Həbs edilənin dostu Malay Mail xəbər portalına deyib ki, təhlükəsizlik kamerasından götürülmüş görüntüdəki şəxs cənab Karamana bənzəyir.

"The Guardian" yazır ki, Türkiyə hökumətinin özünün xaricdəki opponentlərini izləmək kimi fəaliyyət göstərdiyi məlumdur. Rəsmi Ankara iddia edir ki, bu şəxslər ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenlə əlaqələrdə şübhəli bilinirlər.

Türkiyə hökuməti ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdinin arxasında məhz Gülenin durduğunu iddia edir.

New York-da mənzillənmiş Human Rights Watch insan haqları qrupu bəyan edib ki, Malayziya hökuməti "heç bir şəraitdə" bu iki nəfəri zorla Türkiyəyə ekstradisiya etməməlidir.

"Çox az şübhə var ki, bu iki nəfər Türkiyəyə qaytarılarsa, orada həbsxanada işgəncə ilə üzləşəcəklər. Onlara qarşı ittiham irəli sürülərsə, standartlara cavab verməyən şəkildə mühakimə olunacaqlar" - deyib təşkilatın Asiya direktoru Phil Robertson.

Malayziya baş nazirinin ofisi "The Guardian" qəzetinə bildirib ki, hazırda bu məsələ araşdırılır. Bu iki nəfərin ekstradisiya edilib-edilməyəcəyi barədə heç bir məlumat verilməyib.

Erdoğan bəyan edib ki, o Gülen tərəfdarlarını dövlət və hökumət xidmətlərindən "təmizləyəcək".

Çevriliş cəhdindən indiyədək Türkiyədə Gülenin Hizmet şəbəkəsi ilə bağlı olmaqda şübhəli bilinən 41 min nəfər həbs edilib.

Hizmet davamçılarının dünya boyunca təqibi üçün Ankara müxtəlif ölkələrdən Gülen tərəfdarlarının həbs və ekstradisiyasını tələb edib.

Xarici hökumətlər, habelə onlarca məktəbi Ankaranın tələbi ilə bağlayıblar.

Ötən ilin oktyabr ayında Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirmişdi ki, Malayziya indiyədək Gülenə bağlı üç nəfəri ekstradisya edib.

"Bizim onlarla mübarizəmiz həm ölkədə, həm də xaricdə sonadək davam edəcək. Biz onların təqibini dayandırmayacağıq" - deyib Çavuşoğlu.

Bu həftə həbs edilmiş iki nəfərin Gülen hərəkatı ilə bağlı olub-olmadıqları bilinmir.

Yerli media onların buradakı beynəlxalq məktəbdə işlədiklərini yazır. Bu məktəbin internet saytında Gülen və ya Hizmet hərəkatı barədə heç nə deyilmir.

Məktəb sorğulara cavab verməkdən imtina edib.

Karaman bu həftə Kuala Lumpurdakı məhkəmə dinləməsində ifadə verməliydi. Bunun onun həbsi ilə bağlı olub-olmadığı da bəlli deyil.

Karamanın xanımı internetlə yaydığı bəyanatda deyir ki, onlar Malayziyada artıq 13 ildir yaşayırlar və Karamanın bu ölkədə çalışmaq üçün iş icazəsi var.

Fotonun müəllifi EPA

Donald Trump da öz opponentlərini axtarır

"The İndependent" qəzeti yazır ki, Donald Trump onun inaqurasiyası zamanı toplaşmış izdihamı Barack Obama-nın inaqurasiya izdihamı ilə müqayisə edən iki fotonu tvit etmiş şəxsin axtarışında birbaşa iştirak edib.

ABŞ Milli Park Xidmətinin bir işçisi tərəfindən postlanmış olduğu düşünülən bu tvit dərhal internetdən silinib, onu göndərən hesab isə müvəqqəti olaraq bağlanıb.

Ağ Ev bu tvitin silinməsinə göstəriş verdiyini danır.

Buna baxmayaraq MuckRock internet saytının, İnformasiya Azadlığı Qanununa uyğun olaraq əldə etdiyi məlumat, habelə CBS News telekanalının reportajı cənab Trump-ın həmin tvitdən nə qədər narahat olduğunu və bu tvitin necə postlandığı barədə təhqiqata müdaxilə etdiyini göstərir.

Milli Park Xidmətinin rəqəmsal strategiya şöbəsinin rəhbəri Tim Cash təsdiq edib ki, prezident bu barədə "həddən artıq narahat olaraq" birbaşa parkın direktor əvəzi Mike Reynolds-a müraciət edib.

Bu barədə email Milli Park Xidmətinə inaqurasiyadan bir gün sonra, yanvarın 21-də göndərilib.

Əldə olunmuş sənədlərdən görünür ki, Milli Park Xidmətinin rəhbərləri tviti yazmış işçinin üzə çıxarılmasına cəhd göstəriblər.

Onlar hətta tvitin göndərildiyi İP ünvanını da aşkar ediblər. Bundan sonra İP ünvanının yerləşdiyi San Bruno dairəsində Milli Park Xidməti işçilərinin sosial media ilə mümkün kontaktları araşdırılıb.

Bu tvit cənab Trump-ın inaqurasiyasına toplanmış izdihamın kiçik olduğunu göstərməklə böyük qalmaqala səbəb olmuşdu.

Ağ Evin sözçüsü Sean Spicer özünün birinci mətbuat konfransında jurnalistlərin inaqurasiyanı işıqlandırma tərzini tənqid etmişdi.

O demişdi ki, bir sıra media nümayəndələri qərəzli şəkildə yalan məlumat yayırlar.

Cənab Trump da mətbuatı tənqid edərək bildirmişdi ki, inaqurasiyaya gələnlərin sayı ona "milyon yarım kimi görünüb".

Barack Obama-nın 2009-cu ildə keçirilmiş inaqurasiyasına 1, 8 milyon insan gəlmişdi.

Cənab Trump-ın andiçmə mərasimi zamanı havadan çəkilmiş fotolarda izdihamın əhəmiyyətli dərəcədə azsaylı olduğu görünür.

Buna baxmayaraq, "Trump-ın izdihamı" barədə rəsmi rəqəmlər indiyədək açıqlanmayıb.

Fotonun müəllifi NOEL CELIS/AFP/Getty Images

Arabir "dilxoşluq üçün" siqaret çəkmək də təhlükəlidir

"The Telegraph" qəzetinin elm müxbiri Sarah Knapton yazır ki, siqaret çəkməyənlərin bəzən yalnız dostlarla yeyib-içmək məclislərində bir ya iki siqaret yandırması nisbətən daha az zərərli ola bilər, amma yeni elmi araşdırma belə əyləncənin də ciddi ürək problemlərinə yol aça biləcəyini göstərib.

Belələrini adətən "sosial siqaretçəkənlər" adlandırırlar, lakin ABŞ alimlərinin bu yaxınlarda apardığı tədqiqat, belə adamlarda da qan təzyiqi və xolesterol göstəricilərinin müntəzəm siqaret çəkən adamların müvafiq göstəricilərinə bənzər olduğunu nümayiş etdirib.

Araşdırmaya daxil edilmiş 39 min adamın yalnız 10 faizi "sosial siqaretçəkən" olduğunu etiraf edib. 39 min adamın 17 faizi isə gündəlik qaydada siqaret çəkdiyini deyib.

Araşdırmadan məlum olub ki, hər iki qrupdan olanların 75 faizində qan təzyiqi, 54 faizində isə xolesterolun miqdarı normadan yüksək olub.

Araşdırmanın əsas müəllifi, Ohio Dövlət Universitetinin professoru doktor Kate Gawlik deyib ki, "ən salamatı heç siqaret çəkməməkdir".

Onun sözlərinə görə, hətta ara-sıra məclislərdə bir-iki siqaret çəkmək də ürək-damar sağlamlığına ciddi zərbə vura bilər.

Məqalədə deyilir ki, siqaret çəkmək həm qan təzyiqinin, həm də xolesterolun yüksəkliyi üçün risk faktordur və bu iki göstərici ürək-damar xəstəliklərinin əhəmiyyətli səbəblərindən sayılır.

Kardiovaskulyar xəstəliklər istər kişilər, istərsə də qadınlar arasında ölümlərin əsas baiskarı sayılır.

Araşdırmanın daha bir müəllifi - Bernadette Melnyk isə deyib ki, həkimlər və tibb personalı "sosial siqaretçəkənlərə" adi siqaretçəkənlər kimi baxmalı, onların bu adəti tərgitmələrinə kömək etməlidirlər.

Həkimin sözlərinə görə, sosial siqaretçəkənlərdən siqaret çəkən olub-olmadıqları soruşulanda onlar adətən "yox" cavabı verirlər.

Məqalədə deyilir ki, sözü gedən araşdırma Ohio Universitetində Milyon Ürək layihəsi çərçivəsində 2012-ci ildən 2016-cı ilədək aparılıb.

Araşdırma sosial siqaretçəkənlərin adətən kişi cinsindən və 40 yaşından gənc olduqlarını göstərib.