Suriya: "Təhlükəsiz zonaların" yaradılmasına başlanılır

Astana Fotonun müəllifi AFP

Bugündən Suriyada "təhlükəsiz zonaları"n yaradılmasına başlanılır.

Cümə axşamı Türkiyə, Rusiya və İran Suriyada dörd təhlükəsiz zonasının yaradılması barədə protokol imzalayıb.

Suriyada qiyamçıları dəstəkləyən Türkiyə onların zəmanətçisi kimi çıxış etməyə razılıq verib.

Rusiya deyir ki, ABŞ, BMT və Səudiyyə Ərəbistanı ideyanı dəstəkləyib.

Lakin Qazaxıstanın paytaxtı Astanada görüşən ölkələrin nümayəndə heyətlərinin protokolu imzalaması bəzi müxalif qrupların nümayəndələrinin narazılığına səbəb olub.

Bəzi müxalifət nümayəndələri qışqıra-qışqıra görüşlərin keçirildiyi zalı tərk edib.

Ali Danışıqlar Komitəsi (HNC) bildirib ki, planda "təminatlar və uyğunluq mexanizmləri" yoxdur və İranın zəmanətçi kimi çıxış etməsini qəbul etmir.

Atəşkəs zonaları harada olacaq?

Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada müqavilənin məmnuniyyətlə qarşılandığı bildirilib:

"Toplantıda atəşkəsin təminatçısı olan ölkələr - Türkiyə, Rusiya Federasiyası və İran arasında Suriyanın İdlib vilayətinin hamısı, əl-Laziqiyyə, Hələb və Həma vilayətlərinin müəyyən hissələri, Homs vilayətinin müəyyən hissələri, Şam/şərqi Quta bölgəsi və Deraa və Kuneytra vilayətlərinin müəyyən hissələrini əhatə edən təhlükəsiz zonaların yaradılması haqqında Niyyət Protokolu imzalanmışdır."

Bəyanatda o da deyilir ki, döyüşən tərəflər arasında yuxarıda sadalanan bölgələrdə hava ünsürləri də daxil olmaqla, hər cür silahdan istifadənin dayandırılması və bölgələrə təcili və fasiləsiz humanitar yardım axınının təmin edəcək bu Niyyət Protokolunu məmnuniyyətlə qarşılayırıq.

Protokolun imzalanmasından əvvəl prezident Recep Tayyip Erdoğan deyib ki, təhlükəsiz zonaların yaradılması problemin 50 faizini həll edir.

Fotonun müəllifi Reuters

Erdoğan və Rusiya prezidenti Vladimir Putin, çərşənbə günü Soçidə görüşərək Suriyada təhlükəsiz zonaların yaradılması barədə razılığa gəlib.

Liderlərin birgə mətbuat konfransında danışan Putin bildirib ki, bu məsələnin təfərrüatlarına Astanada görüşəcək Suriya hökuməti ilə silahlı müxalif qruplar qərar verməlidir.

O həmçinin qeyd edib ki, bu ideyaya bu həftə telefonda ABŞ Prezidenti Donald Trump da dəstək verib.

Suriya Xarici İşlər Nazirliyi də təhlükəsiz zonalar təklifini dəstəklədiyini bildirib.

Rusiya bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri təhlükəsiz zonaların üzərində uça bilməyəcək.

Bu barədə daha geniş