Əfqanıstan: Döyüşçü Hekmatyar sülh razılaşmasından sonra Kabula qayıdıb

Qulbuddin Hekmatyar Fotonun müəllifi EPA

Veteran döyüşçü Qulbuddin Hekmatyar hökumətlə sülh razılaşmasından sonra paytaxt Kabula geri dönüb.

Bir çox qırğınlarda günahlandırılan islamçı döyüşçü olan cənab Hekmatyar, ölkədəki ikinci böyük hərbi qruplaşmaya - Hezb-e-İslamiyə rəhbərlik edir.

Razılaşmaya görə o, konstitusiyanı qəbul edir və zorakılıqdan yayınacaq.

Bəzilər bu razılaşmanın Əfqanıstan üçün irəliyə doğru addım olduğunu düşünsələr də, digərlərinə görə bu, hökumətdəki parçalanmanı kəskinləşdirə bilər.

Qulbuddin Hekmatyar yüksək təhlükəsizlik altında Cəlilabaddan paytaxta səyahət edib. Onun karvanını Əfqanıstan ordusunun helikopteri müşayiət edib.

Prezident Əşrəf Qani onu prezident sarayında qarşılayıb və "sülh danışıqlarında iştirakına" görə ona təşəkkür edib.

Fotonun müəllifi EPA
Image caption Cənab Hekmatyar-ın tərəfdarları onunla birgə Kabula gəliblər

Cənab Hekmatyar milli himn üçün ayağa durub. BBC Əfqan xidmətinin bildirdiyinə görə bu çox əhəmiyyətli hadisədir, çünki bir çox dini liderlər musiqi üçün ayağa durmamalı olduğunu düşünürlər.

Cümə günü o, prestijli məsciddə imamlıq edəcək.

Keçmiş baş nazir olan Hekmatyar Əfqanıstanın müasir tarixində ən qalmaqallı şəxslərdən biri sayılır.

Taliban qüvvələri 1996-cı ildə onu Kabuldan çıxmağa məcbur etmişdilər.

O, 1980-ci illərdə Sovet işğalına qarşı vuruşan mücahidin döyüşçülərə başçılıq edib.

Lakin o daha çox 1990-cı illərdəki qanlı vətəndaş müharibəsindəki roluna görə xatırlanır. Həmin vaxt Hezb-e-İslam Kabula nəzarət üçün digər mücahidin qruplarla toqquşub.

2003-cü ildə ABŞ dövləti onu terrorçu kimi tanıyıb və onu Əl-Qaidə və Taliban tərəfindən həyata keçirilən hücumlara dəstək verməkdə ittiham edib.

Lakin Hezb-e-İslami son illər ərzində münaqişədə elə də böyük rol oynamayıb və 2016-cı ilin sentyabr ayında Əfqanıstan hökuməti razılaşmaya gələrək cənab Hekmatyara immunitet verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş