Fələstinli məhbusların aclıq aksiyasının lideri Mərvan Barğutinin videoda "yemək yediyi" iddia edilir

Qəzza zolağındakı etiraz aksiyasında Mərvan Barğutinin təsviri olan plakat, 30 aprel 2017-ci il. Fotonun müəllifi EPA
Image caption İsrailin İctimai Təhlükəsizlik naziri Gilad Erdan "Barğutinin siyasi gedişlərini" pisləyib.

İsrail həbsxanalar idarəsinin yaydığı videoda güman edildiyinə görə, dustaq fələstinlilərin keçirdiyi aclıq aksiyası liderinin yemək yediyi göstərilib.

Fələstinli məhbusların aclıq aksiyası 3 həftədir ki, davam edir.

İsrail rəsmilərinin bildirdiyinə görə, Mərvan Barğuti xəlvəti olaraq çərəz yeyərkən aprelin 27-i və mayın 5-də gizli qaydada lentə alınıb.

Yeməyin ona necə çatdırıldığı barədə məlumat verilməyib.

Haaretz qəzetinə məlumat verən mənbə isə fələstinliyə tələ qurulduğunu qeyd edib.

Barğuti-nin həyat yoldaşı videonun "saxta" olduğunu və aclıq edənlərin iradəsini qırmaq məqsədi daşıdığını vurğulayıb.

Aprelin 17-dən başlayaraq 890 fələstinli məhbus İsrail həbsxanalarında saxlanma şəraitinə etiraz edərək yemək qəbul etmirlər.

Fələstinli dustaqlar tibbi xidmətin yaxşlışadırılmasını, ailə üzvləri ilə görüşlərin sayının artırılmasını və məhkəməsiz həbsxanada saxlanma hallarına son qoyulmasını tələb ediblər.

Bazar günü İsrailin həbsxanalar xidməti tərəfindən yayılmış 9 dəqiqəlik videoda Barğuti kimi qələmə verilən şəxsin, saxlandığı məhbəs kamerasında xəlvəti olaraq çərəz yediyi deyilib.

Həmin video, deyildiyi kimi, aprelin 27-də və mayın 5-də çəkilib.

Barğuti, Qərb Sahilində Fəth hərəkatının keçmiş lideri və bu təşkilatın Tanzim adlı hərbiləşmiş qanadının rəhbəridir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Mərvan Barğutinin, deyildiyi kimi, məhbəsdəki kamerasından çəkildiyi görüntü

İsrailin İctimai Təhlükəsizlik naziri Gilad Erdan ölkə həbsxanalarında dustaqların saxlanma şəratinin "beynəlxalq standartlara cavab verdiyini" qeyd edib.

"Barğuti digər dustaqları aclıq etməyə çağırır, özü isə arxada yemək yeyir. O, riyakar və qatildir," - Gilad Erdan deyib.

Fələstinli Məhbuslar Klubunun rəhbəri Kadura Faris videonun saxta olduğunu bildirərək vurğulayıb kı, Barğuti, Kishon məhbəsində təkadamlıq təcriddə saxlanılır və ona yemək göndərilmir.

"Bu, məhbusların aclıq aksiyasına qarşı İsrailin apardığı müharibədir", - Kadura Faris Associated Press agentliyinə bildirib.

Fotonun müəllifi EPA
Image caption İsrail həbsxanalarında fələstinli məhbuslar 3-cü həftədir ki, aclıq aksiyası keçirirlər.

Barğutinin həyat yoldaşı Fadva isə deyib ki, İsrailin hərəkəti həqarət doğurur və "aclıq çəkənlərin əzmkarlığını daha da möhkəmləndirir".

İkinci Fələstin intifadası zamanı məhkum edilən Barğuti, o zamandan məşhurlaşaraq müxtəlif fələstinli qruplaşmaların dəstəyini qazanıb.

Fələstinlilər arasında prezident Mahmud Abbasın mümkün xələfi qismində məhz 57 yaşlı Barğutinin adı daha çox çəkilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş