Britaniya mətbuatı: "Əsl sevgilini" tapanadək adamın neçə sevgilisi olmalıdır?

Fotonun müəllifi STF
Image caption OPEC-in hasilatı ixtisar etməsinə baxmayaraq, kartelin ixracatı azalmayıb

Neftin qiyməti qalxmalı olduğu halda, niyə kəskin düşüb?

"Financial Times" yazır ki, Brent markasından olan neftin qiyməti ötən ilin noyabrından bəri ilk dəfə olaraq bir barrel üçün 50 dollardan aşağı düşüb.

Məqalədə deyilir ki, bu OPEC-in ABŞ-da şist nefti hasilatının yüksəlməsinə üstün gələcəyinə inamın sarsılması nəticəsində baş verib.

Brent neftinin qiyməti ötən cümə axşamı 4,8 faiz düşərək bir barrel üçün 48, 38 dollar olub.

Texas neftinin də qiyməti 4,8 faiz azalaraq bir barrel üçün 45, 52 dollaradək ucuzlaşıb.

FT yazır ki, beləliklə dünyanın ən böyük neft ixracatçılarının neft qiymətlərini son onilliklərdə ən böyük tənəzzüldən qurtarmaq məqsədilə əldə etdikləri ixtisar razılaşması nəticəsində əldə olunmuş yüksəliş heçə enib.

UBS Wealth Management firmasından Giovanni Staunovo FT-yə deyib ki, hazırda neft bazarının əhval-ruhiyyəsi çox aşağıdır.

Məqalədə deyilir ki, neft bazarının iştirakçıları OPEC-in və ya kartel xaricində Rusiya kimi böyük neft hasilatçılarının qiymətlərə təsir gücünü itirdiklərinə inanmağa başlayıblar.

Əksinə ilin əvvəllərində neft qiymətlərinin yüksək olması ABŞ-da şist sənayesini canlandırıb. Buna görə də OPEC hasilatın azaldılmasına baxmayaraq gözlənildiyindən çox neft hasil ediblər.

FT yazır ki, ötən gün neftlə birlikdə başqa materialların da qiyməti düşüb. Qızılın qiyməti 1 faiz enib, bu, mart ayından bəri ən böyük ucuzlaşmadır. Gümüş isə ilin əvvəllərindən bəri ən aşağı qiymət həddinə enib.

Mis və qarğıdalının qiymətlərində eniş qeydı alınıb.

Ən maraqlısı budur ki, ekspertlərin fikrincə OPEC-in hasilatı ixtisar etməsinə baxmayaraq, kartelin ixracatı azalmayıb.

OPEC və qeyri-OPEC ixracatçıları bu ayın sonunda yenə də Vyanada görüşməlidirlər və neft qiymətlərinin düşməsi bu görüşdən gözləntilərin elə də yüksək olmadığını göstərir, hərçənd ixracatçılar hasilatın ixtisarını böyük bir ehtimalla yenə də uzadacaqlar.

Bəzi enerji agentlikləri isə ümid edirlər ki, qiymətlər nəhayət ilin ikinci yarısında sabitləşəcək.

Bu arada isə ABŞ-da dalbadal 11 həftədir ki, hasilat artır və hazırda günə az qala 9, 3 milyon barrelə çatıb.

Fotonun müəllifi Getty Images
Image caption S-400 hazırda istehsal olunan havadan müdafiə sistemləri arasında ən kamillərindən biridir

Türkiyə və Rusiyanın raket sövdələşməsi NATO-nu narahat etməlidir

"The Economist yazır ki, Rusiya və Türkiyə prezidentləri mayın 3-də görüşərək Suriya münaqişəsini müzakirə ediblər, lakin bu danışıqlarda daha bir mühüm razılaşma əldə edilib. Məqalədə deyilir ki, Türkiyənin NATO müttəfiqləri bu sövdələşmədən narahat olmalıdırlar.

Söhbət Rusiyanın Türkiyəyə S-400 havadan müdafiə sistemlərini satması barədə prinsipial razılığın əldə olunmasından gedir. Hərçənd qiymət barədə danışıqlar hələ başa çatmayıb.

"Economist" yazır ki, son vaxtlarda yaxınlaşmış bu iki avtoritar liderin razılığa gələcəyi ehtimalı böyükdür.

Məqalədə deyilir ki, Türkiyənin bu addımı heç şübhəsiz onun NATO alyansına növbəti hikkəsi kimi qəbul ediləcək.

Müəllifin fikrincə, onsuz da Erdoğan Türkiyənin alyansa yarıbağlı bir ölkə olmasına çalışır.

Əslində Türkiyə bu barədə NATO-nun əsəblərini 2013-cü ildə Çindən havadan müdafiə və raket sistemləri almaq planını açıqlayanda qıcıqlandırmağa başlamışdı.

Belə etməklə, Ankara əslində Amerikanın və Avropanın Çinə qarşı sanksiyalarını pozurdu. Bu həm də o demək idi ki, Türkiyənin Çindən aldığı raket sistemini NATO-nun ümumi müdafiə şəbəkəsinə çinlilərin iştirakı olmadan qoşmaq texniki baxımdan mümkün olmayacaq. O vaxt Türkiyə Çin silahının daha ucuz olmasını əsas gətirirdi.

Türkiyəni xaricdən gətirilən müdafiə sistemlərinin asılılığından azad etmək Erdoğanın çoxdankı arzusudur. Ankara elan edib ki, bu sahədə idxaldan asılılığı 2023-cü ilədək ləğv etmək niyyətindədir.

Türkiyə və Çin arasında raketdən müdafiə sistemləri alış-verişinin baş tutmamasının səbəbi aydın deyil, lakin "Economist" yazır ki, bu, Çinin raket sistemlərinin ümumən S-300 sisteminə əsaslanması ilə izah oluna bilər. Belə ki, S-300 sisteminin intellektual mülkiyyət sahibi Rusiyadır.

O vaxt belə bir ümumi fikir yaranmışdı ki, Türkiyə Amerikanın Lockheed Martin və Avropanın MBDA şirkətlərinin MEADS müştərək müəssisəsinə üz tutacaq. Lakin aprel ayında Türkiyənin müdafiə naziri Fikri İşık deyib ki, "NATO-ya üzv ölkələr Türkiyəyə münasib qiymət təklif etməyiblər" və artıq Rusiyadan S-400 sisteminin alınmasına dair danışıqlar yekun mərhələyə daxil olub.

"Economist" yazır ki, S-400 hazırda istehsal olunan havadan müdafiə sistemləri arasında ən kamillərindən biridir. Cənab İşık bu sistemin NATO infrastrukturuna inteqrasiya edilməyəcəyini deyib. Lakin digər tərəfdən S-400 həm də bahalı sistemdir və ola bilsin Erdoğan bu sistemi almaqla Qərbə boyun əyməyəcəyini göstərmək istəyir.

Dünyanın ikinci böyük silah ixracatçısı olan Rusiya üçün də bu alış-veriş sərfəlidir, - yazır "Economist".

Atalar neçədən deyib?

Fotonun müəllifi Getty Images
Image caption Statistik orta rəqəm olan 12 həm kişilərə, həm də qadınlara aiddir

"The Independent" qəzetində Rachel Hosie-nin yazdığına görə bir çoxlarını narahat edən sual budur ki, insan əsl sevgilisini tapanadək neçə dəfə "səhv" etməli, daha doğrusu neçə başqa adamla yatmalıdır?

Rəy sorğusu əsasında keçirilmiş yeni araşdırmanın nəticələrinə görə ideal rəqəm 12-dir. Bu rəqəm çoxları üçün təəccüblü görünə bilər, lakin ən təəccüblüsü budur ki, statistik orta rəqəm olan 12 həm kişilərə, həm də qadınlara aiddir.

Evlilər üçün nikahdankənar tanışlıq təşkil edən Illicit Encounters (Günah tanışlıqlar) internet tanışlıq xidmətinin rəyinə görə 12 "ecazkar" göstəricidir, çünki bu, insanların "seksual baxımdan macəraçı, liberal və çılğın" olduqlarını göstərir.

Yeni araşdırmanın nəticələrinə görə 10-dan az seksual partnyoru olanlar "həddən ziyadə mühafizəkar" və "seksual baxımdan təcrübəsiz" kimi qiymətləndirilirlər.

Amma elə eyni tədqiqat 19-dan artıq seksual partnyoru olmuş insanları "çox xudbin", "acgöz" və "ayağı sürüşkən" hesab edir.

Beləliklə həm kişilər, həm də qadınlar 12 rəqəminin ideal olması barədə razılığa gəlsələr də, bu rəqəmi bilməyin nə dərəcədə lazım olması barədə fərqli fikirdədirlər.

Bu da bəlli olub ki, partnyorunun seksual keçmişi barədə daha çox məlumat almağa adətən kişilər meylli olurlar.

Kişilərin 53 faizi seksual partnyorlarının onlardan əvvəl necə kişi ilə yatdığını bilmək istədiyini söyləyib.

Qadınların yalnız 45 faizini belə "tarixçə" maraqlandırır.

Illicit Encounters firmasının sözçüsü Christian Grant bunu onunla izah edib ki, kişilər "yarış" məsələsinə gəldikdə qadınlardan daha özünəinamlıdırlar.

Grantın fikrincə kişiləri ilk növbədə məhz özlərinin "ən yaxşı" partnyor olmasının qəbul edilməsi maraqlandırır.

"Qadınlar isə daha bir təcrübəyə yiyələnməkdən məmnun qalmış olurlar" - deyir sözçü.