Britaniya mətbuatı: Gecələr lüt yatmağın faydaları

Britaniya qəzetləri

Bu həftəsonu Britaniya mediasında:

  1. Kürdlər gələcək dövlətlərini "dənizə çıxarmaq" istəyirlər
  2. Almaniyadakı türklərə "ölüm cəzası referendumunda" iştirak imkanı verilməyəcək
  3. Çılpaq yatmağın müalicəvi faydaları varmış…

Kürdlər gələcək dövlətlərini "dənizə çıxarmaq" istəyirlər

"Observer" yazır ki, Suriya kürdləri ölkənin şimal xəritəsini dəyişmək, yarımmuxtar Rojava rayonunu Aralıq dənizi ilə birləşdirmək planlarını açıqlayıblar və bunun Türkiyəni qəzəbləndirəcəyi şəksizdir.

Məqalədə deyilir ki, Suriyanın şimalında özlərini getdikcə daha qətiyyətli hiss edən kürdlər ABŞ-dan onların bu ideyasının dəstəklənməsini istəyəcəklər. Onlar bunun müqabilində özünü İslam Dövləti adlandıran təşkilatın de facto paytaxtı Raqqanın alınmasında mühüm rol oynayacaqlar.

50 min döyüşçüsünün əksəriyyəti YPG kürd birləşmələri olan Suriya Demokratik Qüvvələri (SDQ) habelə Raqqanı İŞİD-dən aldıqdan sonra, bir qədər də ərəb ərazisinin dərinliklərinə gedərək Deyr əz-Zaur şəhərini azad etməyi planlaşdırırlar. SDQ ABŞ-ın Suriyada İŞİD-ə qarşı mübarizəsində onun əsas müttəfiqidir.

Bunun ardınca SDQ rəsmiləri daha gözlənilməz bəyanatla çıxış ediblər. Onlar bildiriblər ki, Raqqadan 170 kilometr Qərbdə yerləşən və hazırda islamçıların və cihadçıların nəzarətində olan İdlibi də azad etməyi planlaşdırırlar.

Özünü muxtar elan etmiş "Şimali Suriya Demokratik Federasiyasının" federalizm layihəsinə cavabdeh Hediya Yusef "Observer" qəzetinə deyib ki, son məqsəd kürdlərin nəzarətində olan ərazilərin Aralıq dənizinə birləşdirilməsidir.

"Observer" qəzetinə, bu yaxlınlarda Türkiyənin hava zərbələrinə hədəf olmuş əraziyə yaxın Malikiyyə şəhərində müsahibə verən xanım Yusef deyib ki, "əgər biz Aralıq dənizinə çıxsaq bu, Suriyanın şimalındakı əhalinin bir çox problemlərini həll etmiş olacaq".

Yusef bunu da bildirib ki, buradan keçən beynəlxalq ticarət yolları Suriyanın şimal ərazilərinin inkişafına xidmət edəcək və həm də Rojavanın Türkiyə sərhədinin bağlı olması ilə əlaqədar yaranmış blokadasını aradan qaldıracaq.

Fotonun müəllifi DELIL SOULEIMAN/AFP/Getty Images

"Observer" qəzeti yazır ki, bu planlar heç şübhəsiz Türkiyəni qəzəbləndirəcək. Ankara məhz kürd muxtariyyətinin qarşısını almaq məqsədilə Suriyanın şimalına hərbi müdaxilə etmişdi.

Lakin bu yaxınlarda ABŞ Türkiyə sərhədi ilə kürd əraziləri arasına qoşun yertiməklə, kürdlərlə tam həmrəy olduğunu nümayiş etdirib.

Ötən çərşənbə günü Recep Tayyip Erdoğanın vəzifəli müşaviri xəbərdarlıq edib ki, Türkiyə aviasiyası kürd qüvvələri ilə yanaşı onların müttəfiqi Amerika qüvvələrini də hədəfləyə bilər. Lakin hətta bu xəbərdarlıq da Washington-nun kürdlərə olan etimadını sarsıtmayıb və amerikalılar bildirirlər ki, kürd qüvvələri Raqqanın azad edilməsində əvəzedilməz amildir.

"Observer" yazır ki, Aralıq dənizi kürdlərin nəzarətində olan ən qərb ərazi nöqtəsindən 100 kilometr aralıdadır.

Bu ərazinin kürdlərin nəzarətinə verilməsi üçün Suriya hökumətinin razılığı lazım gələcək. Bəşər əl-Əsəd və YPG arasında indiyədək bəzi razılaşmalar əldə edilib. Məsələn Qamışlı hərbi aerodromu kürdlərin nəzarətində olan ərazidə yerləşsə də, hökumət qoşunlarının ondan istifadəsinə imkan yaradılıb. Bundan başqa bu məsələdə Əsədin əsas müttəfiqi olan Rusiyanın da razılığı lazım gələcək. Rusiya artıq YPG qüvvələrinə təlim vermək üçün bu əraziyə öz qoşunlarını yeridib.

"Observer" yazır ki, Fərat çayı ilə yanaşı Raqqanın və Deyr əz-Zaurun SDQ tərəfindən azad olunması Suriyanın şimalındakı muxtar federativ ərazinin sahəsini bütün Suriya ərazisinin üçdə birinə bərabər edəcək, halbuki hazırda kürdlərin muxtar ərazisi Suriyanın 16 faizini təşkil edir.

Yusef deyib ki, Raqqa azad edildikdəbn sonra onun əhalisinə referendum keçirmək imkanı veriləcək. Əgər əhalinin razılığı olsa, SDQ burada hökumət təşkil edə biləcək, çünki onun tərkibində kürdlərlə yanaşı ərəblərdən və assuriya xristianlarından ibarət qüvvələr də var.

Xanım Yusef əmindir ki, Deyr əz-Zaur və Raqqa əhalisi SDQ-ni istəyir, çünki bu qüvvənin döyüşçüləri həmin şəhərlərin adamlarıdır.

"Observer" müxbiri yazıb ki, o, Raqqa azad edildikdən sonra şəhərə nəzarət edəcək kürd və ərəb polis qüvvələrinin Mabruka şəhərində birlikdə təlim keçdiklərini görüb.

SDQ bildirir ki, o artıq Deyr əz-Zaurun 10 kilometrliyindədir.

Xanım Yusef deyib ki, İdlib hazırda Cəbhət ən-Nüsranın nəzarətindədir və qrup terrorçu qruplaşmaların siyahısına salınıb.

Bu arada ABŞ Dövlət Departamenti bəyan edib ki, Suriyanın gələcəyini suriyalılar müəyyən etməlidirlər və Washington heç bir "yarımmuxtar ərazini" birtərəfli qaydada tanımayacaq.

Almaniyadakı türklərə "ölüm cəzası referendumunda" iştirak imkanı verilməyəcək

"The İndependent" yazır ki, Almaniya hökuməti bu ölkədə yaşayan türklərin Türkiyədə ölüm cəzasının bərpasına dair hər hansı mümkün referendumda səs verməsini qadağan edəcək.

Fotonun müəllifi OZAN KOSE/AFP/Getty Images

Recep Tayyip Erdoğan ötən ay ona hədsiz hakimiyyət səlahiyyətləri vermiş referendumdan dərhal sonra bildirmişdi ki, o, Türkiyədə ölüm cəzasının bərpası məqsədilə Konstitusiyaya dəyişikliklər təklif edə bilər.

Türkiyədə keçirilmiş 16 aprel referendumunda Almaniyada yaşayan türklər də səs vermişdilər, lakin Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib ki, ölüm cəzasının bərpasını nəzərdə tutan referendumun həm də Almaniya ərazisində keçirləcəyi ağlasığmazdır.

"Mən belə düşünürəm ki, biz belə bir səsvermənin qarşısının alınması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəyik, - deyib sözçü, - Hər hansı dövlət Almaniya ərazisindəki konsulluq və səfirliklərində səsvermə keçirmək istəyirsə, buna icazə verib-verməmək Almaniya hökumətinin kompetensiyasındadır".

Almaniyada qarşıdan gələn seçkidə Angela Merkelin əsas rəqibi olacaq sosial-demokrat lider Martin Schulz da belə bir mövqeyi dəstəklədiyini bildirib.

"Biz Almaniya ərazisində öz konstitusiyamıza və dəyərlərimizə zidd olan bir alət üçün səsvermə keçirilməsinə icazə verə bilmərik" - deyib Schulz.

"The İndependent" yazır ki, Türkiyə Almaniyadakı 1, 5 milyon türkün səfirliklərdə səs verə bilməsi üçün 1961-ci il Konvensiyasına əl ata bilər.

Türkiyə ölüm cəzasını 2004-cü ildə Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasına şərt kimi ləğv etmişdi.

Erdoğan deyib ki, əgər parlamentdən ölüm cəzasının bərpasına dair təklif gələrsə, o belə bir təklifi dəstəkləyəcək.

Avstriyanın xarici işlər naziri Sebastian Kurz da deyib ki, türklərin bu məsələyə dair referendumda səs verməsinə imkan yaradılmayacaq.

Qərb narahatdır ki, Türkiyə ölüm cəzasını baş tutmamış çevriliş cəhdi ilə bağlı həbs edilmiş minlərlə əsgərə, dövlət qulluqçusu və jurnalistə tətbiq edə bilər.

Avropa İttifaqı və ABŞ Türkiyədə baş tutmamış çevriliş cəhdinin arxasında Amerikada yaşayan müsəlman vaiz Fethullah Gülenin durduğuna dair Ankaranın iddialarını qəbul etmir.

Bununla belə, Almaniya kansleri Angela Merkel, Avropanı insan haqlarına dair narahatlığa baxmayaraq Türkiyəni özündən kənara itələməməyə çağırıb.

"The İndependent" yazır ki, hazırda Almaniyada bu ölkədən sığınacaq istəyən 450 türk diplomat, əsgər, hakim və başqa rəsmi şəxslər var.

Bundan başqa 77 min türk Almaniyadan qorunma istəyib.

Çılpaq yatmağın müalicəvi faydaları varmış…

"The Telegraph" qəzeti gecələr çılpaq yatmağın faydalarından yazır.

Fotonun müəllifi George Marks

Məqalədə deyilir ki, ABŞ-dakı Stanford Universiteti Milli Uşaq Sağlamlığı və İnsan İnkişafı İnstitutu tərəfindən 2015-ci ildə aparılmış elmi araşdırma, kişilərin alt paltarında yatmasının sperm istehsalına mənfi təsirini göstərib.

Araşdırmanın nəticələrinə görə kip gecə paltarları xayaların temperaturunu artırır ki, bu da kişilərdə spermlərin keyfiyyətinə mənfi təsir göstərir. Bunun əksinə daha boş və rahat gecə paltarları sperm keyfiyyətini 25 faiz artırır.

Lakin bu gecələr çılpaq yatmağın yeganə faydası deyil:

  • Daha yaxşı yuxu

Əksər yuxu ekspertləri deyirlər ki, gecələr yataqda "anadan gəldiyiniz qiyafədə" olmaq bədəninizə öz temperaturunu daha yaxşı tənzimləmək imkanı verir. Bu isə öz növbəsində daha yaxşı və daha dərin yuxuya kömək edir.

  • Artıq çəkidən xilas olmaq

"Tam ciddi, sözdür" - yazır qəzet. İsti paltarda yatmaq "insan böyüməsi hormonlarının" buxarlanmasına imkan yaratmır. Əvəzində bədənin kortizol hormonu yüksək olaraq qalır, bu isə gecə saatlarında insulinin miqdarını artırır.

Kip alt paltrarında bədən "rahatlıq" yox, "gərginlik" vəziyyətində olur. Warwick Universitetinin araşdırmalarına görə diabet xəstəliyinin səbəblərindən biri də kifayət qədər yatmamaqdır.

  • Daha gənc görünəcəksiniz...

Çılpaq yatmaqla ən azı yaşınıza görə cavan görünəcəksiniz. Çünki bədəndəki piyləri əritməli olan hormonlar həm də cavanlaşdırcı effektə malikdir. Hüceyrələrin təzələnməsi insanın üzünə gümrahlıq gətirir, qırışların sayını azaldır.

  • Daha xoşbəxt məhəbbət

Qəzet yazır ki, bu məsləhət daha çox gecələr tək yatmayanlara aiddir. Təcrübələr göstərib ki, çılpaq yatmaq partnyorlar arasında daha mehriban münasibətlərin yaranmasına kömək edir.

1000 nəfər arasında aparılmış sorğu göstərib ki, çılpaq yatan cütlərin 57 faizi özlərini sevgi mənasında daha xoşbəxt hiss ediblər.

Alimlər inanırlar ki, bədənlərin bilavasitə təması "yaxşı əhval hormonu" olan oksitosinin daha çox buraxılmasına imkan yaradır. Bunu demək artıqdır ki, çılpaq yatanlar arasında seks əhvalatı daha çox baş verir.

  • Göbələk xəstəliklərindən qorunma

Pijamalar və başqa gecə paltarları bədənin tərləməsinə yol açır ki, bu da müxtəlif göbələk xəstəlikləri üçün münbit zəmin yaradır.

Doktor Sarah Brewer deyir ki, müxtəlif dəri xəstəlikləri yüksək temperaturlarda daha tez inkişaf edir. Buna görə də həm yataq otağınızı, həm də özünüzü mümkün qədər sərin saxlamalısızınız.