Britaniya mətbuatı: Neft qiymətləri: "Ölü pişiyin hoppanmağı" nə deməkdir?

Fotonun müəllifi Getty Images

Neft qiymətləri: "Ölü pişiyin hoppanmağı" nə deməkdir?

"Financial Times" yazır ki, yaxın gələcəkdə neft qiymətlərinin qalxması ehtimalı azdır və bu baş verərsə belə, "ölü pişiyin hoppanmağına" bənzəyəcək.

"Ölü pişiyin hoppanması" (dead cat bounce) frazeoloji deyimi yalnız maliyyə və bazarlara aid edilir. Bu ifadədən bazarlardakı müvəqqəti dirçəlməni göstərmək üçün istifadə edirlər.

Məqalədə deyilir ki, neft qiymətlərinin ötən ildən bəri ən aşağı həddə enməsi, bu ilin ilk rübündəki qazanc ümidlərini heçə çıxarıb.

OPEC-in ağzınacan dolu neft anbarlarını boşaldaraq tələbatı artırmaq cəhdlərinin fayda verəcəyinə, ümumiyyətlə OPEC-in neft qiymətlərinə təsir qabiliyyətinin olmasına dair inamlar əriyib gedir.

Anbarlar dolu olaraq qalır və üstəlik OPEC-in öz ixracatı da gözlənildiyindən yüksəkdir. Bu tərəfdən də Amerika şistinin istehsalı artır.

FT yazır ki, OPEC və Rusiyanın neft nazirlərinin hasilatın ixtisarına dair mayın axırında başa çatacaq razılaşmanı daha altı ay müddətinə uzadacaqları gözlənilir, lakin indiyədək neft hasilatının azaldılması neft qiymətlərini bir barrel üçün 50 dollar səviyyəsindən yuxarıda saxlaya bilməyib.

Alphavalue mərkəzindən neft təhlilçisi Aleksandr Andlauer deyir ki, hətta yaxın müddətdə "ölü pişiyin sıçrayışı" baş versə də, irəlidə qiymətlərin daha çox düşməsi ehtimalı qalır.

Bloomberg saytının yazdığına görə isə, ABŞ neft hasilatının dirçəlişi OPEC-in hasilatı ixtisar etməsinin bütün gözlənilən nəticələrini heçə endirib.

Məqalədə deyilir ki, neft qiymətlərinin düşməsinə təkcə Amerika nefti səbəb olmayıb. Ötən həftə Liviya özünün iki ən böyük neft yatağında hasilatı bərpa edib və 2014-cü ilin dekabrından bəri rekord həcmdə neft çıxarıb.

OPEC-in başqa bir üzvü - Nigeriya gələn ay özünün Forcados terminalından neft nəqlini bərpa edəcək və beləliklə neft bazarına gündə 200 min barrel izafə neft axacaq.

Bloomberg yazır ki, neftə tələbatın hələ bir müddət təklifin arxasınca sürünməsi müşahidə olunacaq.

Bir sıra neft ekspertləri bu qənaətdədirlər ki, neft hasilatçıları neftə qlobal tələbin artması ilə bağlı ümidlərini həddən ziyadə şişirdiblər.

Bu arada Hindistan, Rusiya və Braziliyada neftə tələbat 2017-ci ilin birinci rübündə gözlənildiyindən az olub.

Buna baxmayaraq Beynəlxalq Enerji Agentliyi ilin ikinci yarısında neftə tələbatın hər halda artacağını proqnozlaşdırır. Bəzi təhlilçilər düşünürlər ki, agentliyin proqnozları da son vaxtlarda özünü doğrultmayıb.

Bütün bunlara görə mayın 25-də görüşməli olan neft nazirlərini çox çətin seçimlər gözləyir.

Bu da qeyd olunur ki, OPEC və karteldən kənarda olan ixracatçılar hələlik hasilatı 6 ay əvvəl razılaşdırıldığından daha artıq ixtisar etmək məsələsini müzakirə etməyi planlaşdırmırlar. Bəzi ekspertlərin fikrincə, onlar məntiqlə məhz bunu etməli idilər.

Neft təhlilçilərindən bəziləri düşünürlər ki, OPEC-in hasilatı daha çox azaltmağa həvəsli görünməməsini başa düşmək olar. Kartel anlayır ki, hasilatı bundan sonra da azaltmaq bu razılaşmaya bütün ölkələrin sadiq qalmasını çətinləşdirir.

Bloomberg yazır ki, "Səudiyyə Ərəbistanı və onun neft partnyortları 2014-cü ildə harada idilərsə, elə o nöqtəyə də qayıdıblar".

Fotonun müəllifi Getty Images

Ərəb dünyasını geridə qoyan kişi-qadın bərabərsizliyidir

"The Economist" məcmuəsində dərc olunmuş məqalədə söhbət ərəb cəmiyyətində qadınlara olan münasibətdən gedir.

Qahirə sakini Əhməd arvadının işləməsinə icazə verib. "Əvvəlcə israr edirdim ki, evdə otursun. Amma o həm uşaqlara və evə baxdı, hələ işə getməyə də vaxtı qaldı" - deyir. Amma ər hələ bununla da vəziyyətdən razı deyil: "Əlbəttə, mən kişiyəm, evi dolandıran əsas mənəm. Qadınlar belə şeylərə qadir deyillər".

"The Economist" yazır ki, Əhmədin dünyaya baxışı bütün ərəb regionunda olduğu kimidir. Bu ölkələrdə kişilər hər yerdə - evdə, parlamentdə, idarədə üstünlük təşkil edirlər.

Bu ölkələrdə kişi şovinizmi, yəni qadınlara ikinci növ adam kimi baxılması sadəcə məişətlə məhdudlaşmır. Bu münasibət ölkələrin qanunlarına yazılıb.

BMT-nin və Promundonun birgə keçirdikləri son sorğuda ərəb kişilərin kişi-qadın münasibətlərinə baxışları tədqiq olunub.

Məlum olub ki, Misirdə kişilərin 90 faizinin fikrincə, evdə son söz kişinin dediyi olmalıdır.

Məqalədə deyilir ki, əslində bu nəticəyə gəlmək üçün sorğu-filan keçirməmək də olardı. Amma bu sorğu hər halda qiymətli bilgilər də verib.

Söhbət dörd ölkədə - Misir, Livan, Mərakeş və Fələstində kişilərin apardığı mübarizədən, daha doğrusu onların bərabərliyə doğru inkişafı əngəlləmək mübarizəsindən gedir.

Bu ölkələrin kişilərinin azı üçdə ikisi ailələrinin təhlükəsizliyindən və rifahından narahatdır.

Misirdə və Fələstində kişilərin əksəriyyəti işsizlikdən və ya maaşın aşağı olmasından şikayətlənir.

Belə şəraitdə qadınların da vəziyyəti yaxşı deyil, amma kişilər bunu "kişiliyin böhranı" kimi qəbul edirlər.

Ərəb kişilər nəinki ailədə başçı və patriarx səlahiyyətlərini azaltmaq istəmirlər, əksinə bu hakimiyyətdən daha möhkəm yapışırlar.

Bundan başqa dini xürafat atmosferi kişilərin yeni azadlıqlara şübhə ilə yanaşmasını şərtləndirir.

Müsəlman hüquq üləmaları "qivama" prinsipini təbliğ edirlər. Bu prinsip kişilərə qadınlar üzərində hökmranlıq verir. Səudiyyə Ərəbistanı kimi mühafizəkar ölkələrdə "qivama" rəsmi dövlət siyasətidir. Lakin ərəb dünyasının ən liberal guşlərində də münasibət elə belədir. Məsələn, Mərakeşdə kişilərin 77 faizi inanır ki, onlar qadın qohumların üzərində nəzarətə malik olmalıdırlar.

Təbiidir ki, belə bir şəraitdə zorakılıq və qısnamalar əl-qol açır. Sözü gedən 4 ölkədə evli kişilərin 10 faizindən 45 faizinə qədəri arvadlarını döydüyünü etiraf edir. Kişilərin 31 faizdən 64 faizə qədəri küçələrdə qadınları qısnadıqlarını bildiriblər.

Mərakeş kişilərinin yarıdan bir qədər azı düşünür ki, nikahda ikən zorlama cinayət əməli sayılmalıdır. Əksər kişilər bu qənaətdədirlər ki, qadınlar seksə onların istədikləri an hazır olmalıdırlar. Misirdə kişilərin 70 faizi qadın sünnətinə haqq qazandırır.

Məsələ burasındadır ki, Misirdə qadınların yarıdan çoxuna görə də qadın sünnəti normaldır. Əslində ərəb dünyasında qadınların əksəriyyəti kişilərin baxışlarını bölüşür.

Misir və Fələstində qadınların 50 faizi deyir ki, qadın zorlanarsa, onu zorlayana ərə getməlidir.

Azı üç ölkədə kişilərdən daha çox qadın düşür ki, "təxribatçı" şəkildə geyinən qadının qısnanmasına haqq qazandırmaq olar. Bu ölkələrdə rəyi soruşulan qadınların əksəriyyəti kişilərin nəzarətçiliyini qəbul edir.

Fəallar ərəb qadınlarını öz haqlarını tələb etməyə səsləyirlər. Amma bütün bunlar kişilərin münasibətini dəyişmir.

Buna baxmayaraq araşdırma müəllifləri bu qənaətdədirlər ki, kişilərin ata olması və qadınların işləməsi ərlərin münasibətində yumşalma ilə müşayiət olunur.

İndiyədək aparılmış bütün araşdırmalar göstərir ki, qadın və kişi bərabərliyi ərəb ölkələrinin daha zəngin olmasına, azad qadınların daha çox qazanmasına gətirib çıxarardı.

Bəzi qanunlar dəyişilsə də, hökumətlər bunu canları çıxa-çıxa edirlər.

"Bizim ərəb dünyamızda hələ ki Justin Trudeau-muz yoxdur" - deyir professor Əl-Feki.

Ən son xəbər isə budur ki, Livanda ilk dəfə təsis edilən qadın işləri naziri postuna kişi təyin ediblər.

Fotonun müəllifi Thinkstock

Xərçəngə dərman axtarırdılar, keçəlliyin çarəsini tapdılar?

"The Telegraph" yazır ki, kişilərdə dazlaşmanın və saçın çallaşmasının qarşısını alan krem və ya yağ gerçəkliyə çevrilə bilər.

ABŞ alimləri bəzi xərçəng şişlərini tədqiq edərkən təsadüfən saçları yaradan və onları ağardan hüceyrə və geni aşkar ediblər.

Məqalədə deyilir ki, bu tapıntı bir gün kişilərdə dazlaşmanın və saçın ağarmasının qarşısını almaq üçün dərmanların yaradılmasına yol aça bilər.

Dermatologiya professoru Lu Le deyib ki, "biz bəzi şişlərin necə inkişaf etdiyini öyrənməyə çalışırdıq, lakin əvəzində saçların ağarmasının səbəbi olan geni və bilavasitə saçların yaranmasına təkan verən hüceyrələri aşkar etdik".

Professor bildirir ki, bu tapıntı gələcəkdə saç kisəciklərinin lazımi genlərlə təchiz edilməsinə imkan yarada bilər.

Tədqiqat zamanı bəlli olub ki, əsəb sistemində xərçəngin inkişafı ilə əlaqələndirən KR0X20 adlı zülal, dəri hüceyrələrinə yönəldikdə saç kisəciklərinə çevrilir.

Bu başlanğıc hüceyrələr daha sonra gövdə hüceyrəsi faktoru adlanan SCF zülalını yetişdirir ki, bu da saçların rəng piqmentasiyasına cavabdeh olur.

Alimlər siçanların saçyetişdirən hüceyrələrindən SCF genini çıxardıqda, onların tükləri ağarıb. Siçanın toxumalarından KROX20 zülalını istehsal edən hüceyrələr çıxarıldıqda isə siçanlarda ümumiyyətlə tük əmələ gəlməyib.

Professor Le bu nəticəyə gələrkən neyrofibromatoz xəstəliyini tədqiq edirdi. Bu xəstəlik zamanı xərçəng şişləri sinirlərin üzərində inkişaf edir.

Alimlər bundan əvvəl də bilirdilər ki, saç kisəciyinin şişkin hissəsindəki hüceyrələr saçın yaranmasında iştirak edir və SCR piqmentli hüceyrələrdə vacib elementdir.

Alimlər yaxın gələcəkdə hüceyrələrdəki KROX20 zülalının və SCF geninin "düzgün işləməməsinin" səbəbinin adamların yaşlanması olub-olmadığını dəqiqləşdirməlidirlər. Çünki istər dazlaşma, istərsə də saçların ağarması yaşlanma ilə bağlıdır.

Lakin məqalədə deyilir ki, bu elmi araşdırma təkcə "saçlar niyə ağarır və niyə tökülür" sualının yox, həm də ümumiyyətlə insanlar niyə qocalırlar sualının cavabını verməlidir.

Əlaqəli mövzular