Estoniya öz sərhəd xəttini qunduz bəndlərindən təmizləməyə çalışır

Qunduz təsviri Fotonun müəllifi AFP
Image caption Qunduzlar sərhədçilər üçün başağrısı yarada bilər

Sərhədboyu axan çaylarda qunduzların ağacdan qurduğu bəndlər qaçaqmalçıların və sərhədi qanunsuz keçənlərin işini xeyli asanlaşdırır.

Estoniya qonşu Rusiyadan gələn qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətin qarşısını almağa çalışır.

Qunduzların fəaliyyəti Estoniyanın Polis və Sərhəd Mühafizəsi İdarəsinin (PPA) qarşısında duran məsələni çətinləşdirib.

PPA qunduz bəndlərini sərhəd xəttinə uyğun olaraq kəsib Rusiyaya aid olan hissədən ayırmalıdır, Estoniyanın ERR dövlət yayım şirkəti bildirib.

PPA bu məsələnin öhdəsindən gəlmək üçün tender elan edərək, işin əhəmiyyətini "Aİ-nin xarici sərhədini qorumaq və qacaqmalçılığın qarşısını almaq" kimi vəzifələrlə əlaqələndirib.

İşin çətinliyi sərhəd xətti üzərində yerləşən ağacların kəsilməsi ilə bağlıdır.

Ağaclar elə kəsilməlidir ki, sərhədin Rusiyaya aid olan tərəfinə ayaq basılmasın, ERR qeyd edib.

Kəsilib yerə düşən ağacların kimin öhdəsinə aid olacağı məsələsi yerli Rusiya rəsmilərilə müzakirələr nəticəsində müəyyən edilməlidir. İşləri başlamaq üçün əvvəlcə razılıq əldə olunmalıdır.

Estoniyada hər il sərhəd xətti orta hesabla 30-dək qunduz bəndindən təmizlənir.

Estoniya bildirir ki, qunduz bəndləri Aİ-nin Rusiya ilə şərq sərhəd xəttinin qorunması işinə problem yaradır.

Bu yaxınlarda ölkəyə yüzlərlə NATO əsgəri gəldikdən sonra problemin həllinə ehtiyac daha da artıb.

NATO qoşunlarının Estoniyada yerləşdirilməsi Ukraynanın Krım bölgəsi Rusiya tərəfindən ilhaq olunduqdan sonraya təsadüf edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş