Britaniya mətbuatı: Bütün gələcək seçkilərin taleyini həll edəcək partiya - Facebook?

Fotonun müəllifi Getty Images

Bütün gələcək seçkilərin taleyini həll edəcək partiya - Facebook?

"The Guardian" yazır ki, Facebook sosial media platforması özünü siyasi nüfuz və təsir alətinə çevirməkdədir.

Qəzetin əldə etdiyi məlumata görə, Facebook əsas siyasi partiyaları içərisindən tanıyan siyasətçilərin səfərbərliyi ilə məşğuldur.

İddia edilir ki, bunların arasında Britaniyanın keçmiş mühafizəkar baş naziri David Cameron da var.

Bazar ertəsi Facebook etiraf edib ki, siyasətçilərin, siyasi partiya və hökumətlərin bu sosial platformadan səmərəli istifadə yollarının araşdırılması üçün müvafiq şəxsləri işə götürür.

İstər Donald Trump-ın, istərsə də Britaniyanın Avropa İttifaqından çıxmasına çalışan Leave.EU kampaniyalarının qalibiyyət qazanmasında Facebook-un rolu əhəmiyyətli olub.

Hazırda Britaniya mühafizəkarları və leyboristləri Facebook-la işləmək üçün xüsusi komandalara malikdirlər və onların qarşıdan gələn həftələrdə San Fransisco-da mənzillənmiş şirkətə 1 milyon funt sterlinq ödəyəcəkləri gözlənilir.

"The Guardian" yazır ki, siyasətçilərin öz seçicilərini bu sayaq Facebook-la hədəfləməsi narahatlıq yaratmaya bilməz. Təkcə Britaniyada Facebook-un 31 milyon istifadəçisi var.

Hazırda Britaniya Seçki Komissiyası, Leave.com təbliğat komandasının seçiciləri hədəfləmək məqsədilə Washington-da mənzillənmiş Cambridge Analytica şirkətinə pul xərclədiyi barədə iddiaları araşdırır.

Bəzi iddialara görə, Analytica şirkəti seçicilərin siyasi təmayüllərinin aşkar edilməsi üçün onların sosial media hesablarını izləyir.

Bu strategiyadan xəbərdar olan, lakin adının çəkilməsini istəməyən mənbə "The Guardian" qəzetinə deyib ki, məqsəd partiyaların "qulağına uğur qazanmaq üçün nə etmək lazım olduğunu pıçıldayan" xidmət yaratmaqdır.

2015-ci ilin parlament seçkisi zamanı Britaniyanın Mühafizəkar Partiyası Facebook-da reklama 1 milyon funt sterlinq xərcləyib. Müxalif leyboristlər də təxminən bu qədər xərcləməyi planlaşdırdıqlarını bildirirlər.

Maraqlıdır ki, Britaniya siyasi partiya liderlərinin kommunikasiyalar üzrə köməkçiləri olmuş gənclər hazırda Facebook-un siyasət komandasında çalışırlar.

"The Guardian" yazır ki, Facebook siyasi partiya liderlərinə köməkçilik etmiş şəxslərin işə cəlb olunmasına dair suallara cavab verməkdən imtina edib.

Lakin Facebook-un Birləşmiş Krallıq üzrə siyasət departamentinin rəhbəri Simon Milner BBC telekanalının bəzi suallarını cavablandırıb.

O etiraf edib ki, Facebook istər iqtidar, istərsə də müxalifət partiyası ilə işləyir.

Milner deyib ki, Facebook hər hansı adi normal şirkət kimi öz məhsullarını və xidmətlərini satır.

Hillary Clinton və Donald Trump-ın seçki kampaniyalarından danışarkən Milner deyib ki, bu kampaniyalar üçün nə qədər insanın işlədiyini söyləyə bilməyəcək. O izah edib ki, belə bir işə böyük tələbat olub.

Britaniyanın Avropa İttifaqından çıxması üçün kampaniya aparmış amerikalı strateq Gerry Gunster BBC-nin Panorama proqramına deyib ki, "Facebook referendumun məhz belə nəticə ilə bitməsində "həlledici" rol oynayıb".

O bunun necə baş verdiyini izah da edib: "Deyək ki, mən Britaniyanın bir sıra balıqçılıq regionlarında balıqçıları mikrohədəfləmək istəyirəm. Onlara eşitdirirəm ki, əgər onlar Avropadan çıxmağa səs versələr, onda balıqçılıq sənayesindəki qaydalar onlara əlverişli şəkildə dəyişdirilə bilər".

Strateq bildirib ki, Facebook vasitəsilə istənilən qrup insanı və ya icmanı hədəfləmək mümkündür.

"The Guardian" yazır ki, siyasi partiyaların elektoratı hədəfləmək üçün nəhəng sayda elektron ünvanları, telefon nömrələri və Facebook hesabları var.

Məqalədə deyilir ki, məsələn təkcə "Taxpayers Alliance" və "38 Degrees" kimi təzyiq qruplarının sərəncamında 10 milyon Britaniya seçicisinin şəxsi məlumatları var.

Adının çəkilməsini istəməyən bir ekspert "The Guardian" qəzetinə deyib ki, siyasi partiyalar, sosial şəbəkələrdə hədəfləməklə müəyyən coğrafiyalarda rəqib partiyaların elektoratını tamamilə neytrallaşdıra bilər.

Fotonun müəllifi Thinkstock

Küfr etməyə görə Avropa ölkələrində də cəzalandırıla bilərsiniz

"The İndependent" yazır ki, bəziləri bunu zarafat kimi başa düşə bilərlər, lakin İrlandiya Respublikasının polisi Britaniyanın ən tanınmış komediya aktyorlarından olan Stephen Fry barəsində küfr ittihamı üzrə cinayət işi açıb.

Deyilənlərə görə, iki il əvvəl Fry klassik ilahiyyat arqumentlərindən birini - "şər problemini" dilə gətirib. Bu arqumentin mənası bundan ibarətdir: "Necə ola bilər ki, hamını sevən Allahın "uşaqlarda sümük xərçəngi" də daxil bu boyda iztirabları olan dünyası olsun?"

Fry məhz belə bir arqumenti dilə gətirdiyinə görə küfrdə ittiham olunur. Bu, İngiltərədə orta məktəbdə ilahiyyatdan dərs deyən bir keşişi təəccübləndirib: "Biz İngiltərədə bu arqumenti ilahiyyat üzrə imtahanların suallarına daxil edirik. Bizi ki, tutan yoxdur…"

"The İndependent" yazır ki, ümumən din və inanc kimi qüdrətli və emosional mövzularda debat və müzakirə son dərəcə təxribedici hərəkətdir.

Amma bu məsələlər həm də son dərəcə həyatidir. Oxucuların çoxuna təəccüblü görünəcək isə budur ki, hələ də bir çox ölkələrdə belə incə məsələlərdə "ağzına gələni danışanları" cinayət məsuliyyətinə cəlb edə bilərlər.

İngiltərə və Uelsdə küfr qanunları lap bu yaxında, 2008-ci ildə ləğv olunub. Onsuz da bu qanundan son illərdə heç istifadə də olunmurdu.

Amma göründüyü kimi, İrlandiyada belə bir qanun var. Eləcə də Danimarkada son 46 ildə ilk dəfə olaraq küfr qanunu yada düşüb.

İtaliya, Avstriya, Polşa və Türkiyə kimi ölkələrdə küfr cinayət əməli sayılır və küfr qanunları kifayət qədər canlıdır.

2014-cü ildə Yunanıstanda Philippos Loizos adlı birisi patriarx Elder Paisiosun karikaturasını çəkdiyinə görə 10 ay şərti iş alıb.

Elə Rusiyanın özündə də küfr qanunundan Pussy Riot qrupunun üzvlərini mühakimə etmək üçün istifadə edilib.

Bu il isə bu qanundan, Rusiyada özünün kilsədə Pokemon Go oynadığını videoya çəkmiş blogeri mühakimə etmək üçün istifadə olunacaq.

Amma hər halda ən amansız küfr qanunları Avropa ölkələrində yox, müsəlman ölkələrindədir. 13 müsəlman ölkəsində küfr ölüm cəzası ilə nəticələnə bilər.

Belə cəzaya layiq bilinənlərdən bəzilərinin adları mətbuata məlumdur. Bunlardan biri Şeyx Ould Mxeytir quldarlığa qarşı məqaləsinə görə Mavritaniyada "peyğəmbəri təhqir" ittihamı ilə üzləşib.

Vaxtilə Brüssel universitetində professor olmuş Əhmədreza Jəlaliyə qarşı küfr ittihamı isə onun doğma vətəni İranda irəli sürülüb.

Səudiyyə Ərəbistanında elə ötən həftə Əhməd əş-Şəmri ateizmdə ittiham olunub.

Bir də bu ittihamlarla bağlı bu qanunlardan qaynaqlanan hüquqdanklənar qətllər var. Pakistanda, Hindistanda və Maldiv adalarında humanizm fəallarının çoxu son həftələrdə məhz bu cür öldürülüb.

Pakistanda son bir neçə gündə öldürülmüş adamların arasında 10 yaşlı bir uşaq da var. Onun ümumiyyətlə küfr ilə əlaqəsi yox idi və o, sadəcə olaraq antiküfr iğtişaşlarının əsnasında həlak olub.

Son vaxtlar Banqladeşdə də islamçılar 84 nəfərlik "kafir siyahısı" tərtib ediblər və əllərindəki iti qəmələrlə bloggerləri öldürməkdə davam edirlər.

İslam dövlətləri küfr qanunlarına görə tənqid ediləndə adətən özlərini onunla müdafiə edirlər ki, belə qanunlar Avropa ölkələrində də mövcuddur.

Bununla belə, Avropa İttifaqının 2013-cü ildən bəri yürütdüyü siyasətə görə, bütün üzv ölkələr belə qanunları ləğv etməlidirlər.

Bu qanunların ləğv edilməsi üçün fəal kampaniyalar aparılır. Məsələn son iki ildə küfr qanunları Norveç, İslandiya, Malta və Fransada ləğv olunub.

İrlandiya Respublikası da bu qanunun ləğvi üçün referendum keçirməyi planlaşdırır.

Fotonun müəllifi Getty Images

Dilimiz nə deyir?

"Metro" qəzeti yazır ki, burada söhbət dilin danışaraq nə deməsindən yox, onun rəngindən, vəziyyətindən və başqa hallarından gedir.

Həkimlər elə buna görə də bizə bəzən "lütfən dilinizi çıxarın" deyirlər.

Belə hallarda dil bizim özümüzə də bəlli olmayan sirlərimizi aça bilər.

Dilin yanması

"Dilim ağzımda yanır" ifadəsi tamamilə doğrudur və bu, adətən menopauzadan sonra qadınlarda olur.

Əlbəttə, qaynar çay və qəhvə, siqaret də dilin yanmasına səbəb ola bilər.

Çəhrayı dil

Dili parlaq çəhrayı rəngdə olanlarda çox güman ki, dəmir, fol turşusu və ya B12 vitamininin çatışmazlığı var.

Bu, bir də qlutenə allergik reaksiya ilə bağlı ola bilər.

Ağ dil

Ağ dil adətən siqaret çəkənlərdə, içənlərdə və ya ağız boşluğunun gigiyenası ilə məşğul olmayanlarda olur.

Dilin üstündəki ağ xətlər və ziyillər dəmrov adlanan xəstəliklə də bağlı ola bilər.

Bəzən C hepatiti və allergiyalar da dilin ağlığına səbəb olur.

Qırmızı dil

Dilin qırmızılığı bədəndəki hərarətdən və ya hormonal mübadilənin pozulmasından xəbər verir.

Dilinin ucu qırmızı olanlar adətən astma xəstəliyindən və ya stresdən əzab çəkirlər.

Solğun və ya rəngsiz dil

Dilin rəngsizliyi enerji çatışmazlığının əlaməti ola bilər.

Dilin solğunluğu adətən qadınlarda aybaşılardan sonra müşahidə edilir.

İmmun sisteminin zəifləməsi və qan azlığı da dilin rəngsizliyinə səbəb olan hallardır.