Britaniya mətbuatı: Hakerlər "Üçüncü Dünya Müharibəsinə lap az qaldığını" deyirlər

Fotonun müəllifi Tashatuvango

Hakerlər "Üçüncü Dünya Müharibəsinə lap az qaldığını" deyirlər

"The İndependent" qəzetində dərc olunmuş məqalədə deyilir ki, məşhur Anonymous haker qrupu Üçüncü Dünya Müharibəsinin bu il, ya da uzağı gələn il başlayacağının proqnozunu verib.

"Qarşıdan gələnlərə hazırlaşın, - deyilir qrupun YouTube kanalında yaydığı videoda, - Bu müharibə həm ətraf mühit, həm də iqtisadi səviyyələrdə qlobal dağıntıya səbəb olacaq".

Bunun ardınca videoda qarşıdan qaçılmaz şəkildə gələn müharibənin indi baş verən əlamətlərindən söz açılır.

Qrupun fikrincə, dünyanın ayrı-ayrı yerlərində baş verən strateji hərəkətlər müharibənin Koreya yarımadasında başlayacağını göstərir.

Anonymous bildirir ki, bu müharibədə də quru qoşunlarının olacağına baxmayaraq, Üçüncü Dünya Müharibəsi bundan əvvəlki iki cahan savaşından köklü şəkildə fərqlənəcək.

Onların sözlərinə görə bu müharibə daha şiddətli, daha qəddar və daha sürətli olacaq.

"Bu qlobal nəticələri ilə real bir müharibə olacaq və burada üç superdövlət bir-birinə qarşı duracaq. Başqa ölkələr tərəf seçmək məcburiyyətində qalacaq" - deyilir videoda.

Videoda Guy Fawkes-in maskası arxasında gizlənərək danışanın nitqi robot səslənişinə bənzəyir.

Videoda deyilir ki, Çinin öz vətəndaşlarını Şimali Koreyanı tərk etməyə çağırması, ABŞ-ın Minuteman III qitələrarası raketlərini sınaqdan çıxarması və Avstraliyaya qoşun yeritməsi təsadüfi deyildir.

Daha sonra aparıcı bildirir: "Çinlilər müharibənin qarşısını almağa çalışırlar, çünki bu ölkəni nəhəng qaçqın axını və iqtisadiyyatın dağıdıcı müharibə nəticəsində xaraba qalması gözləyir.

"Yalnız bu həftə həm ABŞ-a, həm də Şimali Koreyaya onilliklər ərzində mövcud olan gərginliyi eskalasiya etməkdən çəkinmələri üçün dəfələrlə müraciət etmiş Çin rəsmiləri onları bir-birini qıcıqlandırmamağa çağırıblar. Lakin praqmatik çinlilərin də, deyəsən səbri tükənir" - deyilir videoda.

Anonymous bunu da qeyd edir ki, Şimali Koreya ballistik raketlərinin potensial hədəfi və ABŞ-ın müttəfiqi olan Yaponiyanın Pxenyana önləyici zərbələr endirməsi mümkündür.

Videoda deyilir ki, "proqnozlaşdırılmayan Trump Şimali Koreya lideri Kim Jong-un-la görüşməyi özünə şərəf biləcəyini desə də, bu görüşün nə vaxtsa baş tutacağına inanmaq çətindir".

"Lakin əgər prezident Trump Filippin prezidenti Rodrigo Duterte kimilərinə müraciət edib, onları öz tərəfinə çəkmək istəyirsə, doğrudan da şübhələnməyə dəyər" - deyilir videoda.

Hərçənd hətta Duterte də Trump-ı çəkinməyə çağırıb, bildirir Anonymous qrupu.

Fotonun müəllifi Reuters

ABŞ kürdləri silahlandırmağa, türkləri sakitləşdirməyə çalışır

"The Financial Times" yazır ki, ABŞ prezidenti Donald Trump Suriyadakı kürd döyüşçülərin silahlarla təchiz edilməsinə dair sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, bu, özünü İslam Dövləti adlandıran təşkilatın onun de facto paytaxtı Raqqa şəhərindən çıxarılması məqsədini güdür.

ABŞ Suriyadakı YPG qüvvələrini İŞİD-ə qarşı mübarizədə özünün əsas müttəfiqi hesab edir, lakin onun NATO müttəfiqi Türkiyə Washington-u Raqqanın alınmasında kürdlərsiz keçinməyə çağırmışdı.

Bu qərar Türkiyə prezidenti Recep Tayyip Erdoğanın gələn həftə Ağ Evə səfəri ərəfəsində qəbul edilib. Trump-ın bu qərarından əvvəl cənab Erdoğanın hərbi qərargah rəisləri, kəşfiyyat rəhbərləri və başqa rəsmilər Washington-u YPG kimi tanınan kürd silahlı birləşmələrinə dəstək verməkdən çəkindirməyə çalışırdılar.

Cənab Erdoğan YPG-ni kürd terrorçuları hesab edir və onun Suriyanın döyüş meydanındakı uğurlarını, ərazilər əldə etməsini və ABŞ tərəfindən dəstəklənməsini Türkiyənin təhlükəsizliyinə hədə sayır.

Pentaqonun sözçüsü Dana White deyib ki, əksəriyyətini YPG kürd döyüşçülər təşkil edən Suriya Demokratik Qüvvələri ABŞ-ın köməyi ilə tezliklə Raqqanı İŞİD-dən azad edəcəklər.

Bununla yanaşı, Pentaqonun bəyanatında deyilir ki, ABŞ Türkiyə xalqını və hökumətini əlavə risklərdən narahat olmamağa və Amerikanın öz NATO müttəfiqi Türkiyənin müdafiəsinə sadiq qalacağına əmin olmağa çağırır.

Raqqa hazırda Suriyada İŞİD-in son istehkamıdır. Bu şəhərin terrorçulardan azad edilməsinə, indiyədək Suriyanın sərhəd bölgələrini kürd qüvvələrindən "təmizləməyə" can atan Türkiyə ilə Suriyada muxtariyyət əldə etməyə çalışan kürdlər arasında davam edən rəqabət mane olub.

YPG-yə olan münasibət, habelə Türkiyənin ABŞ və Rusiya ilə münasibətlərini tarıma çəkib.

Bəzi təhliliçilərin fikrincə, Trump-ın bu qərarı ABŞ kəşfiyyat və hərbi icmasında çoxdan gözlənilirdi, lakin onun qəbul edilməsi Türkiyədə aprelin 16-da keçirilmiş referendumdan sonraya saxlanmışdı.

Atlantic Council analitik mərkəzindən Aaron Stein deyib ki, qərarın mətnindən onun referendumla Erdoğanın Ağ Evə səfəri arasında elan edilmək üçün hazırlandığı görünür.

"Erdoğanın səfəri ABŞ-la həmrəyliyi göstərəcək, lakin eyni zamanda Türkiyənin ABŞ-ın müharibə planlarının dəyişdirilməsinə təsir etmək cəhdlərini dəf edəcək" - deyib Stein.

Trump-ın sərəncamı ABŞ-ın YPG-ni birbaşa silahlandırması qarşısındakı son maneəni aradan qaldırmış olub. Bu maneəni YPG-nin etibarlılığının yoxlanmamış olması yaradırdı. İndi isə kürd YPG qüvvələrinə Konqres tərəfindən 2016-cı ildə qəbul edilmiş 600 milyon dollarlıq dəstək veriləcək.

FT yazır ki, sərəncama hər halda Türkiyənin ürəyini almaq üçün müəyyən müddəalar da salınıb. Məsələn, xanım White deyib ki, bütün "azad edilmiş ərazilər yerli ərəblərə qaytarılmalıdır".

Türkiyə daim şikayətlənir ki, YPG ABŞ-ın dəstəyi ilə əldə etdiyi ərazilərlə Suriyanın etnik xəritəsini dəyişməyə çalışır.

FT yazır ki, Türkiyə hökuməti ABŞ-ın son qərarı ilə bağlı heç bir şərh verməyib.

Washington-dakı Yaxın Şərq Siyasəti İnstitutundan Soner Cağatay deyib ki, bu sərəncam Ağ Evin Erdoğana mesajıdır.

"Yəni, əgər sən bunu rahatca həzm eləsən, mən də Ankaranı PKK-ya qarşı bütün başqa yerlərdə dəstəkləyərəm" - deyib Cağatay.

Suriya kürdlərinin siyasi təşkilatı olan PYD partiyasının keçmiş lideri Nəvaf Xəlil deyib ki, ABŞ-ın kürdlərə birbaşa dəstək vermək qərarı kürdlərin siyasi baxımdan tanınması və onların Şimali Suriyada özünüidarəsi olan muxtariyyətə yaxınlaşması deməkdir.

FT yazır ki, kürd rəsmilər illərlə siyasi baxımdan tanınmaq və hərbi dəstəyə malik olmaq üçün kampaniya aparsalar da, Qərb hökumətləri kənarda dayanmağa üstünlük verirdilər.

Bu, bir tərəfdən Türkiyə ilə münasibətlərin pozulmamasına, digər tərəfdən isə terrorçu kimi tanınann PKK ilə eyni mövqedə dayanılmamasına imkan verirdi.

Fotonun müəllifi Thinkstock

Bir qırpımının vaxt ölçüsü və başqa maraqlı göz faktları

"The Telegraph" yazır ki, elm və texnika az qala günbəgün inkişaf etsə də, görmə qabiliyyətimizi müəyyən edən metod son 100 ildə olduğu kimi qalıb.

Söhbət eynəksiz halda gözlərimizin necə gördüyünü müəyyən edən metoddan gedir.

İstənilən göz həkiminin kabinetində üzərində sətirbəsətir kiçilən hərflərin olduğu lövhəni görmək mümkündür.

Bu diaqramlarda hər sətirdə düzülmüş müxtəlif hərflər eyni boydadır, lakin onun altındakı sətirdə hərflər artıq bir qədər kiçilmiş olur və sair.

Oftalmoloqlar məhz bu lövhədəki hərfləri oxumaq qabiliyyətimizə görə bizim görmə qabiliyyətimizi müəyyənləşdirirlər.

Bu lövhələrə Monoyer diaqramı da deyilir. Diaqramın yaradıcısı Ferdinand Monoyerin bu həftə 181 illiyi tamam olub.

Monoyer 1836-cı ildə Fransada doğulub. Lion şəhərində böyüyən gənc 1871-ci ildə universitet təhsili almaq üçün Strasburqa yollanıb. Sonra isə vətəni Liona qayıdaraq 1912-ci ildə vəfat edib.

O həm də dioptriyanı icad edib. Dioptrlar diaqramdakı müəyyən şrift ölçüsünə uyğun gələn vahidlərdir.

Məsələn, pasient diaqramdakı sətirlərin hərflərini oxuyur, hər sətir isə bir dioptra - yəni gözün görmə qabiliyyəti vahidinə bərabərdir.

"The Telegraph" qəzetindəki məqalədə həm də göz haqqında çoxumuzun güman ki, bilmədiyimiz bir neçə faktlar sadalanıb.

  • İnsan gözünün çəkisi təxminən 28 qramdır, onun eni 2, 5 santimetrdir və altı əzələsi var
  • Gözlər insan doğulandan ölənədək ölçücə bir o qədər də dəyişmir
  • Gözlər yalnız qırmızı, mavi və yaşıl rəngləri görür, qalan rənglər bu rənglərin qarışığıdır
  • Gözlər boz rəngin 50 min çalarını seçmək qabiliyyətinə malikdir
  • Bir göz qırpımı saniyənin onda biri qədərdir
  • İnsanlar gözlərini bir dəqiqədə 12-dən 17 dəfəyədək qırpırlar
  • Cızılan gözün sağalması üçün 48 saat lazım gəlir
  • İnsan gözündə 137 milyon çöpcük və kolbacıq adlanan hüceyrələr var
  • Gözü idarə edən əzələ insan bədənində ən aktiv əzələdir
  • İnsan gözündəki periferial (yan) görüntülər adətən aşağı keyfiyyətli və demək olar ağ-qara rənglidir