Donald Trump FTB başçısını vəzifədən azad edib

Trump və Comey Fotonun müəllifi Reuters
Image caption Donald Trump bu yaxınlarda James Comey-ni işinə görə tərifləyirdi

ABŞ prezidenti Donald Trump Federal Təhqiqatlar Bürosunun (FTB) direktorunu vəzifəsindən azad edib.

Ağ Ev bildirir ki, James Comey Hillary Clinton-un şəxsi email-dən istifadəsinə dair aparılan təhqiqatın icrası ilə bağlı vəzifədən azad olunub.

Lakin Demokrat partiyasının nümayəndələri deyir ki, FTB rəhbəri Trump seçki kampaniyasının Rusiya ilə əlaqələri barədə iddiaları araşdırdığına görə işdən çıxarılıb.

Ötən həftə cənab Comey-in xanım Clintonun email-ləri barədə Konqresə qeyri-dəqiq məlumat verdiyi məlum olub.

Çərşənbə axşamı günü Baş Prokurorun müavini Rod Rosenstein deyib ki, Comey-in ciddi səhvlərə yol verdiyini demək olar ki, hamı etiraf edir.

Cənab Rosenstein deyib:

  • Cənab Comey Clintonun emaillərinə dair araşdırmaya son qoymaq barədə qərar verəndə əvvəlki prokurorun səlahiyyətlərini "üzərinə götürməklə" səhvə yol verib.
  • O, daha sonra xanım Clinton barədə "alçaldıcı məlumatı" açıqlamaqla öz səhvini daha da dərinləşdirib.

Ört-basdır?

Anthony Zurcher, BBC News, Washington

Donald Trump və Ədliyyə Nazirliyinin yüksək rütbəli rəsmiləri, James Comey-in vəzifədən kənarlaşdırılmasını Hillary Clinton-un email-lərinə dair araşdırmanın bəsit keçirilməsilə izah edir.

Onların işlətdiyi ifadələr hətta Clinton tərəfdarları arasında da dəstək qazana bilər.

Lakin demokratlar Ağ Evin dediklərinə inanmırlar. Onlar Clinton barədə deyilənləri gözdən pərdə asmaq cəhdi kimi görürlər.

Eynilə tələsik istefa Rusiya ilə Trump kampaniyasının əlaqələri barədə araşdırmaya təsir cəhdi kimi qəbul edilir.

Fotonun müəllifi Getty Images
Image caption Ötən həftə cənab Comey xanım Clintonun email-ləri barədə parlament komitəsinə məlumat verib.

Hazırda ən azı demokratların müstəqil araşdırma barədə çağırışlarını qulaq ardı vurmaq çətinləşə bilər. Bəzi respublikaçılar belə təhqiqatı dəstəkləyə bilər.

Comey email araşdırmasını necə icra edib?

Xanım Clinton-un şəxsi email-dən istifadə edərkən qanun pozuntusuna yol verib-vermədiyi barədə araşdımanın icra olunması demokratlar tərəfindən tənqid olunur.

Seçki kampaniyası vaxtı FTB rəhbəri həmin araşdırma barədə bəyanatla çıxış etmişdi.

O, iyul ayında elan etdi ki, ittiham irəli sürülmədən iş bağlanılmalıdır.

Lakin noyabr seçkilərinə 11 gün qalmış yeni açıqlama verən James Comey Clinton-la bağlı yeni email-lərin aşkar olunmasına görə araşdırmanın yenidən açıldığını bəyan etdi.

Clinton barədə FBI araşdırması nə barədədir?

Ötən həftə Senat dinləmələrinə qatılan James Comey deyib ki, onun müdaxiləsinin seçkilərə təsir göstərə bildiyi barədə fikir "ürəkbulandırıcı" olub.

Lakin FTB rəhbəri deyib ki, həmin addımı yenidən atardı.

Xanım Clinton ötən seçkilərdəki məğlubiyyətində FTB rəhbərinin də rolu olduğunu deyir.

Cənab Comey Mayın 3-də Senatın Ədliyyə Komitəsinə bildirib ki, xanım Clintonun baş müşaviri Huma Abedin, öz ərinə "təsnifləşdirilmiş məlumat" daşıyan "yüz və minlərlə" email ünvanlayıb.

Lakin çərşənbə axşamı günü FTB etiraf edib ki, Abedinin göndərdiyi təsnifləşdirilmiş email-lər yalnız iki yazışma zəncirindən ibarət olub və o, bunları ərinə printerdən çıxarılmaq üçün göndərib.

"Bu gün prezident Donald Trump James Comey-nin artıq işləmədiyini və vəzifədən çıxarıldığını bildirib", - rəsmi açıqlamada deyilir.

Ağ Evin bəyanatına görə FTB başçısı barədə qərar Baş prokuror Jeff Sessions-in təqdimatına əsaslanır.

Cənab Comey istefaya göndərildiyi barədə xəbəri Los Angeles şəhərində, FTB agentləri qarşısında çıxış edərkən televiziyadan eşidib, Politico və New York Times nəşrləri xəbər verir.

İddia edilir ki, 10 illik direktor müddətinin yalnız üç il yarımını başa vuran 56 yaşlı FTB rəhbəri istefaya göndərilməsi barədə xəbəri ələ salma cəhdi zənn edərək gülüb.

Bu, FTB tarixində direktorun vəzifədən çıxarılmasının ikinci halıdır.

Bu barədə daha geniş