Avstraliya parlamentində ilk dəfə olaraq siyasətçi körpəsini əmizdirdi

Larissa Waters Fotonun müəllifi Reuters

Avstraliyalı senator Larissa Waters ölkə parlamentində körpəsini əmizdirərək bir ilkə imza atdı.

Solçu Yaşıllar Partiyasının üzvü olan Waters çərşənbə axşamı keçirilən səsverməyə iki aylıq qızı Alia Joy-la birlikdə qatılıb.

Ötən il təsdiqlənən qanun parlamentdə körpələri əmizdirməyə icazə verir. Lakin bu günə qədər bu hüquqdan istifadə edən olmayıb.

2015-ci ildə nazir Kelly O'Dwyer-in körpəsini əmizdirmək üçün tez-tez iclas zalından çıxması qalmaqala səbəb olmuşdu. Ona "süd ehtiyatı" toplamaq tövsiyə olunmuşdu.

Larissa Waters Facebook-da "Parlamentdə daha çox qadına və valideyinə ehtiyacımız var" deyə bildirir.

Millət vəkili "ailələrə daha mehriban iş yeri və hamı üçün əlçatan uşaq baxımı"na çağırıb.

Əmək Partiyasından deputat Katy Gallagher parlamentdə baş verən hadisənin əhəmiyyətini vurğulayıb.

"Dünya boyunca qadın siyasətçilər bunu illərdir ki, edirlər", - Katy Gallagher Sky News kanalına bildirib.

İndiyədək parlamentin aşağı palatasının üzvləri körpələrini yalnız öz ofislərində əmizdirə bilərdilər.

Üst palata olan Senatda isə əmizdirməyə icazə 2003-cü ildə verilib.

Ötən il müxtəliflik məsələlərinə dair hesabat müəllifləri təklif ediblər ki, bənzər addım Britaniya parlamentində də nəzərdən keçirilsin.

Ancaq parlament üzvlərindən biri belə qərarın tabloid mediası tərəfindən lağa qoyulacağı barədə xəbərdarlıqla çıxış edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş