Britaniya mətbuatı: Erdoğan Trump-ı kürdlərlə ittifaqdan çəkindirə biləcəkmi?

Fotonun müəllifi AFP

Erdoğan Trump-ı kürdlərlə ittifaqdan çəkindirə biləcəkmi?

"The Independent" qəzetinin mükafatlı müxbiri Patrick Cockburn yazır ki, Türkiyə bir vaxtlar Yaxın Şərqdəki nüfuz və təsirini İraq və Suriyadakı müharibələrlə genişləndirəcəyinə ümid edirdi, lakin indi hər iki müharibə Ankara üçün böyük iflasla nəticələnib.

2011-ci ildən bəri Türkiyə bir tərəfdən Bashar al-Assad-ın postunu tərk etməsinə, digər tərəfdən isə Suriyanın iki milyonluq kürd əhalisinin onun sərhədləri boyunca torpaqlara nəzarət etməsinin qarşısını almağa çalışırdı.

Cockburn yazır ki, Türkiyə kürdlərin irəliləyişinin qarşısını ala bilməyib, onun Suriyadakı türkmən və ərəb müttəfiqləri isə hətta əl-Bab kimi kiçik bir şəhəri də Türkiyə ordusunun birbaşa iştirakı olmadan İŞİD-dən ala bilməyiblər.

Türkiyə daim ABŞ-a özünü İŞİD-ə qarşı mübarizədə YPG-nin alternativi kimi təklif etsə də, bu təklif çox şübhəli görünürdü. Çünki çoxdan bəlli idi ki, Erdoğanı İŞİD-dən daha çox kürdləri hədəfləmək maraqlandırır.

Bunun ardınca YPG və Suriya Demokratik Qüvvələrinin hərbi uğurlarının qarşısını almaq üçün Ankara aprelin 25-də YPG-nin mövqelərinə hava zərbələri endirmiş və yarısı qadınlar olmaqla 20 döyüşçünün ölümünə səbəb olmuşdu. Erdoğan zərbələrdən sonra belə hərəkəti "istənilən yerdə və istənilən vaxt" edə biləcəyini demişdi.

Məhz bu məqamda ABŞ bəyan etmişdi ki, Türkiyənin hərəkəti "qeyri-məqbuldur". Washington Türkiyənin hərəkətlərindən o qədər narahat olmuşdu ki, Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə bilavasitə öz əsgərlərini yeritmişdi. ABŞ bildirirdi ki, o İŞİD-in de facto paytaxtı Raqqanı, əksəriyyətini YPG döyüşçüləri olan SDF qüvvələrinin köməyi ilə azad edəcək. Suriya kürdləri öz növbələrində deyirdilər ki, onlar Türkiyənin hava zərbələrinın davam edəcəyi təqdirdə, Raqqa əməliyyatına qoşulmayacaqlar.

Lakin indi belə görünür ki, Trump YPG-yə ağır silahların verilməsi barədə sərəncamı imzalamaqla Ankaraya açıq mesaj verib. Bu o deməkdir ki, Ankaranın hədələrinə baxmayaraq, ABŞ kürdlərlə müttəfiqliyi davam etdirmək əzmindədir. Bu isə Türkiyə ordusunun YPG üzərinə hücum əməliyyatları keçirməsini çətinləşdirir.

Cockburn yazır ki, cənab Erdoğan mayın 16-17-də Ağ Evdə cənab Trump-la görüşərkən, onun kürdləri dəstəkləyən siyasətini dəyişməyə çalışacaq. Amma Erdoğanın uğur qazanacağı inandırıcı deyil.

Öz prezidentliyinin son günlərində Obama da Suriya kürdlərinin silahlandırılmasına dair qərar qəbul etmişdi. Trump-ın sərəncamı Ağ Evin siyasətinin olduğu kimi qaldığını göstərir. Hərçənd ABŞ Türkiyəni əmin etməyə çalışır ki, Suriya kürdlərinə silahlar onların yalnız İD-ə qarşı döyüşmələri üçün verilir. Türkiyə isə narahatdır ki, bu silahlar son məqamda PKK-nın əlinə keçə bilər.

Suriya kürdlərinin narahatlığı isə bundandır ki, İŞİD məğlub edildikdən sonra, ABŞ öz siyasətini NATO müttəfiqi Türkiyənin xeyrinə dəyişə bilər.

Amma kürdlər məmnundurlar ki, ABŞ ən azı indilik onların yanında olmağı seçib.

Fotonun müəllifi EPA

Trump-ın impiçmenti realdırmı?

"The Guardian" qəzetinin siyasət məsələləri müxbiri Jill Abramson yazır ki, senator Bob Casey, prezident Trump-ın FTB-nin direktoru James Comey-ni işdən azad etməsini "niksonvari hərəkət" adlandırıb.

Casey və onun demokrat partiyadaşları olan senatorlar bunu dedikdə prezident Richard Nixon-un vaxtilə baş prokuroru işdən azad etməsini nəzərdə tuturlar. Həmin baş prokuror ki, Watergate qalmaqalını araşdırırdı. Nixonun bu addımını o vaxt jurnalistlər "şənbə qətliamı" adlandırmışdılar, çünki prokuror şənbə gecəsi işdən qovulmuşdu.

Abramson yazır ki, bu qətliam Nixon-u o vaxt impiçmentdən xilas edə bilməyib.

"Amma biz bilirik ki, prezident Trump-ın tarixdən bixəbərliyi heyrətamizdir" - yazır jurnalist.

Jurnalsitin fikrincə, tarixi pis bildiyindəndir ki, Trump Watergate qalmaqalından dərs almayıb.

"Onun ala biləcəyi ən əsas dərs isə bu olmalıydı ki, istənilən ört-basdır həmişə cinayətdən pisdir" - deyilir məqalədə.

Abramson yazır ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinin təfərrüatları hələlik aydın deyil, amma bu müdaxiləyə dair təhqiqat aparan şəxsin işdən qovulması ört-basdırı xatırladır.

"İşdənqovmalar Richard Nixon-u impiçmentdən xilas etmədiyi kimi, Trump-ı da Rusiya qalmaqalının atəşindən qurtara bilməyəcək" - yazır Abramson.

Müəllifin fikrincə, Comey-nin qəfil işdən çıxarılması yalnız və yalnız müstəqil prokurorun təyin edilməsinə çağırışları gücləndirib.

Respublikaçılar Comey-nin işdən atılmasını onun Clinton e-mailləri ilə bağlı düzgün hərəkət etməməsi ilə bağlamaq istəyirlər. Bu, əslində absurd iddiadır, yazır müxbir.

Niyə indi?

Kaliforniya konqresmeni, Konqresin Kəşfiyyat Komitəsinin Mərkəzi Kəşfiyyat İdarəsinə baxan alt komitəsinin üzvü Eric Swalwell FTB rəhbərinin işdən qovulmasını "Trump-ın çərşənbə axşamı günorta qətliamı" adlandırıb. Yeri gəlmişkən, bu komitə də Rusiya ilə bağlı iddiaları araşdırır.

Comey Clinton-un e-mailləri ilə bağlı təhqiqatın elanını verəndə bundan sevinən namizəd Trump demişdi ki, FTB rəhbəri nəhayət ki, öz reputasiyasını xilas etdi. O bundan əvvəl Comey-ni Clinton-un e-mail insidentini araşdırmadığına görə kəskin tənqid etmişdi.

Bir çox demokrat və respublikaçı hüquqşünaslar deyirlər ki, Clinton-a qarşı heç bir rəsmi ittihamın irəli sürülmədiyi bir vaxtda onu "son dərəcə səhlənkar" adlandırmaqla Comey mühakimə olunacaq peşə pozuntusuna yol vermişdi.

Məqalədə deyilir ki, bütün bunlar izahat sayıla bilməz. Comey niyə 9 ay bundan əvvəl baş vermiş hadisələrə görə məhz indi işdən qovulub? Əgər Comey belə pozuntulara yol vermişdisə, prezident onu daha əvvəllər vəzifəsindən azad etməli idi.

Comey Senat qarşısında ifadə verərkən demişdi ki, o, özünün seçkinin nəticəsinə təsir etdiyini düşünəndə ürəyi bulanır. Abramson yazır ki, Trump-ı da görünür onun məhz bu sözləri özündən çıxarıb. Trump seçkinin legitimliyinə dair hər hansı şübhəni çox həssaslıqla qarşılayır.

Fotonun müəllifi BBC/REUTERS

Trump və Nixon-un fərqi

Burası da var ki, FTB direktoru Rusiya qalmaqalının yenidən qızışdığı bir vaxtda işdən çıxarılıb. Buna səbəb daha əvvəl işdən qovulmuş Sally Yates-in Senatdakı ifadəsi olub.

Məqalədə deyilir ki, Senat və Konqresin Rusiya təhqiqatlarının yerindən tərpənmədiyi bir vaxtda Comey-nin vəzifədən kənarlaşdırılması bu təhqiqatı da əngəlləyə bilər.

Lakin hadisəyə ilkin reaksiyalar göstərir ki, FTB direktorunun işdən qovulması Trump-ın istədiyindən tam fərqli nəticəyə səbəb olub.

İndi bu işlə əlaqədar müstəqil prokurorun təyin edilməsi tələbləri daha ucadan səslənir.

Nixon hadisəsi zamanı da belə olmuşdu. Lakin Abramson yazır ki, o vaxt həm demokratlar, həm də respublikaçılar bir araya gərərək ölkəni korrupsiyalı Ağ Evdən xilas etmişdilər. Belə bir partiyalararası müdriklik bu gün mümkün deyil.

"Demək, ümid müstəqil prokurora qalır" - yazır Abramson.