Britaniya mətbuatı: Diktatoru məzarından çıxarmaq, yoxsa bağışlayıb unutmaq?

Fotonun müəllifi Denis Doyle/Getty Images

Diktatoru məzarından çıxarmaq, yoxsa bağışlayıb unutmaq?

"The Guardian" qəzetinin Madrid müxbiri Sam Jones yazır ki, İspaniya paytaxtının sakit guşələrindən birindəki panteonda fəxri məqbərədə uyuyan keçmiş dövlət başçısı Fransisco Franco-nun və Falangist (millətçi) Partiyasının banisi José Antonio Primo de Rivera-nın qalıqlarının başqa yerə köçürülməsi təklifi verilib.

Məqalədə Franco-nun "El Caudillo" titulundan istifadə olunub. İspanca olan bu sözün başqa dillərə dəqiq tərcüməsi olmasa da, siyasi termin kimi qarşılığı "diktator" sözü ilə ifadə olunur.

Primo de Rivera 1936-cı ildə vətəndaş müharibəsinin gedişində respublikaçılar tərəfindən edam edilib.

Bu iki tarixi şəxsiyyətin məzarlarından çıxarılaraq köçürülməsini İspaniyanın bir sıra millət vəkilləri təklif ediblər.

Sosialist Partiyasından olan millət vəkillərinin icbari qüvvə daşımayan təklifində deyilir ki, Şəhidlər Vadisi adı ilə tanınan by xiyaban vətəndaş müharibəsi qurbanlarından daha çox onun qaliblərini şərəfləndirir.

Respublikaçı və siyasi məhbusların əməyindən istifadə olunaraq tikilmiş bu kompleks vətəndaş müharibəsində həyatlarını itirmiş 500 min insanın xatirə ansamblı olsa da, onun ən görünən yerində Franco və Primo de Rivera-nın məqbərələri yerləşir.

Bu məzarlığın yaxınlığındakı, daha doğrusu onun "başının üstündəki" 150 metrlik xaç vətəndaş müharibəsində hər iki tərəfdən həlak olmuş 30 min insanın kütləvi məzarlığının yerində ucalır.

Sosialist Partiyasının təklifinə görə, bu vadinin nəhayət yenidən qurulmalı və buranın frankoçu və millətçi katolik xatirə məkanı kimi tanınmasına son qoyulmalıdır.

Onların fikrincə, vadi-xiyaban milli barışıq və demokratik yaddaşın anım yerinə çevrilməlidir.

Sosialistlər deyirlər ki, diktatorluq və onun qurbanları eyni fəxri məzarlıqda yan-yana yata bilməzlər.

Buna görə də sosialistlər Franco-nun qalıqlarının buradan dərhal çıxarılmasını istəyirlər. Onların fikrincə, Primo de Rivera-nın qalıqları panteonda qala bilər, lakin o da daha az görünən hissəyə köçürülməlidir.

Bu təkliflər, 6 il əvvəl José Luis Rodríguez Zapateronun sosialist hökuməti tərəfindən təyin edilmiş komissiyanın gəldiyi nəticələr əsasında tərtib olunub.

Sosialistlər həmçinin "həqiqət komissiyasının" yaradılmasını, Franco-nun təbliğatı, müdafiəsi və bəraəti ilə məşğul olan qrupların maliyyələşdirilməsinin dayandırılmasını, itkinlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT bankının yaradılmasını tələb edirlər.

Məcburi xarakter daşımayan qətnamə 198 leyhinə, 1 əleyhinə nisbətində qəbul edilib. Lakin mühafizəkar Xalq Partiyasının və Kataloniyanın Respublikaçı sol partiyasının 140 millət vəkili səsvermədə bitərəf qalıblar.

Xalq Partiyası Zapatero tərəfindən 10 il əvvəl qəbul edilmiş "Tarixi Yaddaş Qanununun" əleyhinə çıxır.

"The Guardian" yazır ki, elə buna görə də hakim Xalq Partiyasının bu təklifi qəbul edəcəyi inandırıcı görünmür.

İnşası 60 il əvvəl başa çatmış "Şəhidlər Vadisi" bu gün Madridin turist məkanıdır.

Bura həm də Franco zəmanəsinin xiffətini çəkənlərin ziyarətgahına çevrilib.

Diktatorun məzarından çıxarılması təklifini ispanlar birmənalı qəbul etməyiblər. Abidəni ziyarət edən 68 yaşlı Ramón Mateo deyir ki, keçmişi basdırıldığı yerdə rahat buraxmaq lazımdır.

"Məncə onlar Franco-nu elə basdırıldığı yerdə dinc buraxmalıdırlar. O çoxdan ölüb, ölülərin isə olduqları yerdə qalmaları düzgündür, - deyib Mateo, - İngiltərə və ABŞ öz vətəndaş müharibələrinin üstündən adlayıb keçiblər. İspaniya niyə belə etməsin?"

Amma heç də hamı belə düşünmür. 91 yaşlı Nicolás Sánchez-Albornoz siyasi məhbus kimi Şəhidlər Vadisinin tikintisində işləməyə məcbur edilib. O Franco-nun məzardan çıxarılması təklifi ilə razılaşır, amma bunun üçün artıq bir qədər gec olduğunu da deyir.

"Bu qətnaməni çox-çox illər bundan əvvəl qəbul etmək olardı. Şəxsən mənə görə bu abidənin hələ də yerində qalması mənim kimi insanların və frankoçuluq qurbanlarının təhqir edilməsi deməkdir. Hitler və Mussolini Avropadan yoxa çıxıblar, amma İspaniyada elə o ikisinə bənzəyən bu adamın burda qalmasına dözürlər".

Fotonun müəllifi Science Photo Library

Xərçəngin dərmanları yaxşılaşdıqca bahalaşır

"The Economist" yazır ki, əksər xəstəliklərin dərmanlarının effektivliyi artdıqca onların qiymətində az da olsa ucuzlaşma hiss edildiyi halda, xərçəng dərmanları getdikcə bahalaşır.

Məqalədə deyilir ki, xərçəng xəstəliyinin miqyası sürətlə genişlənir və tezliklə adamların beşdə ikisi ömrünün hansısa məqamında xərəçəng xəstəliyi tapacağını gözləməlidir. Bu, dərmanların və müalicənin səmərəliliyinin az olması ilə yox, əslində həyat keyfiyyətinin yüksəlməsi və adamların daha uzun ömür yaşaması ilə bağlıdır.

Məhz buna görə də son on ildə bəzi xərçəng preparatlarının istehsalı 60 faiz artıb.

Ən son zamanlarda 600-dək müxtəlif xərçəng növlərinin müalicəsində istifadə olunan preparatların istehsalına icazə verilib. Xərçəng xəstəliyinin müalicəsi üçün nəzərdə tutulmuş dərmanlar daha tez rəsmən təsdiq edilir.

Xərçəng xəstəliklərinin müəyyən növünün müalicəsi üçün işlədilən dərman preparatlarının çeşidi də artır. Mayın əvvəllərində Amerikanın Qida və Dərmanlar Administrasiyası Durvalumab (başqa adı İmfinzidir) adlı dərmanı istehsalat üçün təsdiq edib. Britaniya firmasının istehsal etdiyi bu dərmanın bir il müddətində müalicə üçün buraxılan miqdarının topdan satış qiyməti 180 min dollardır.

Əsasən sidik kisəsi xərçənginin müalicəsində istifadə olunan İmfinzi xərçəng dərmanlarının yeni kareqioriyasına daxildir. Bu qəbildən olan dərmanlar müəyyən molekulyar hədəflər üzərinə işləməklə pasientlərin immun sisteminin güclənməsinə və orqanizmin özünün xəstəliyə müqavimət göstərməsinə imkan yaradır.

Ameikanın pembrolizumab (Keytruda), Britaniyanın nivolumab (Opdivo) və İsveçrə istehsalı olan atezolizumab (Tecentriq) belə dərmanlardandır.

"The Economist" yazır ki, bu dərmanların bahalığı hökumətlərin, sığortaçıların və pasientlərin narazılığına səbəb olur. Vəziyyəti çətinləşdirən budur ki, ayrı-ayrılıqda da ucuz olmayan bu dərmanlardan bəzilərini eyni pasient birlikdə qəbul etməlidir.

Belə bir şəraitdə hansı xərçəng dərmanından istifadə məsələsində səhvə yol verilməsi həqiqətən də ölüm-həyat məsələsinə çevrilir.

Digər bir təklif isə bundan ibarətdir ki, dərmanların pulu onların effektivliyinə uyğun olaraq ödənsin.

"The Economist" yazır ki, bütün məntiqliyinə baxmayaraq bu yanaşama da təcrübədə özünü doğrultmur.

Fotonun müəllifi SSPO

Yapon mətbəxinin həvəskarları ehtiyatlı olsunlar

"The İndependent" yapon mətbəxini sevənləri ehtiyatlı olmağa çağırır.

Qəzetdə dərc olunmuş məqalədə deyilir ki, çiy balıqdakı bəzi qurdabənzər parazitlər insanın daxili orqanlarına yapışaraq kəskin ağrılara və qızdırmaya səbəb ola bilər.

Əlbəttə, bütün suşilər çiy balıqdan hazırlanmır, lakin yapon mətbəxinin daha bir populyar təamı olan saşimini çiy balıqdan hazırlayırlar.

Bu yaxınlarda İspaniyada qızdırma və ağrı simptomları ilə xəstəxanaya gətirilmiş pasientin bağırsaqlarında anisakis yumru qurdları aşkar edilib.

Qəzet yazır ki, sözü gedən pasient ağrılardan və qızdırmadan, habelə qusmadan 1 həftəyədək əzab çəkib.

BMJ - Britaniya Tibb Jurnali yazır ki, belə hallarla bağlı əsas tibb ədəbiyyarı Yaponiyada yazılıb, çünki bu ölkənin mətbəxində dəniz mənşəli qidalardan geniş istifadə olunur.

Həkimlər deyirlər ki, indi vəziyyət dəyişib və anisakis qurdu Qərb ölkələrində də yayılmağa başlayıb. Bu onunla əlaqədardır ki, yapon mətbəxi Avropada və başqa yerlərdə getdikcə daha çox populyarlaşır.

Təkcə Birləşmiş Krallıqda suşinin illik bazarı 69 milyon funt sterlinqə bərabərdir.