İngiltərə: Özünü cəngavərə bənzədən şirkət rəhbəri

Jason Kıngsley

İngiltərənin ən böyük kompüter oyunu şirkətlərindən olan Rebellion Development-in sahibi və icraçı direktoru Jason Kingsley, istirahət etməyin yolunu özünü cəngavərlərə bənzətməkdə görür.

Kingsley, orta əsrlərin cəngavəri kimi gündə dörd saat at sürür, istirahət günlərində isə at belində və zirehli geyimdə nizə savaşına çıxır.

İndiyə qədər bu duellərdə 53 yaşlı Kingsley-ni atın belindən vurub yerə salan olmayıb. Özü isə, dediyinə görə, nizəsi ilə üç rəqibini yerə sala bilib.

Kingsley-nin 13 atı var. Zirehli cəngavər geyiminin hazırlanmasına 32 min dollar xərcləyib.

Kingsley iş yerinə zirehdə gəlməsə də, iş fəaliyyətində cəngavərlik ruhunu əks etdirməyə çalışdığını söyləyir.

Jason Kingsley-nin 1992-ci ildə qardaşı Chris Kingsley ilə yaratdığı Rebellion Development şirkətinin illik pul dövriyyəsi təxminən 32 milyon dollara bərabərdir, şirktətin 220 işçisi var.

Kingsley, uşaqlıq dövründə qardaşıyla tez-tez çəngavərlər oyununu oynadıqlarını xatırlayır.

Oxford Universitetini bitirdikdən sonra qardaşlar kompüter oyunu proqramlarını yazmağa başlayıblar.

Qardaşların kompüter oyunlarına həvəs və marağı son nəticədə onların birgə biznesinə çevrilib.

Kingsley-nin təbirincə o, öz iş fəaliyyətində cəngavərlərin qəbul etdiyi üç qaydaya riayət edir: cəsarət, dürüstlük və nəzakət.

Fotonun müəllifi Kasumi Kitano

"İş gördüyün zaman, şübhəsiz, cəsur olmalısan. Təşəbbüskar olmaq və fürsəti əldən verməmək gərəkdir. Yeni sahələr kəşf etmək, yeni bazarlar axtarmaq lazımdır. Cəsarət liderliyin təməlidir," - Kingsley bildirib.

Fotonun müəllifi Kasumi Kitano

"Dürüstlük sirlərinizi açmaq demək deyil. İnsanlarla ədalətli davranmaq deməkdir. İşdə yalnız özümə sərf edəni deyil, hər iki tərəf üçün sərfəli olan sövdələşmələrə nail olmağa çalşıram.

İş ədalətli görülməlidir. Qarşı tərəfin faydası təmin edilsə, o, yenidən gəlib mənimlə iş quracaq. Nəzakət də insanlarla nəzakətli davranmağı nəzərdə tutur, " - Rebellion Development şirkətinin rəhbəri qeyd edir.

Bu barədə daha geniş