Britaniya mətbuatı: Tək böyüyən uşaqlar daha eqoist, amma daha yaradıcı olurlar

Fotonun müəllifi Webroot
Image caption Adının açıqlanmasını istəməyən və Tvitter postlarını MalwareTech adı ilə göndərən ekspert "təsadüfən" beynəlxalq kiberhücumu dayandırıb.

Kompüter əsrinin qəhrəmanlıqları virtual dünyada baş verir

"The Guardian" yazır ki, bütün dünya boyunca 100-dək ölkədə on minlərlə şirkət və dövlət idarələrinə kütləvi kompüter virusu hücumunu, "təsadüfən" 22 yaşlı britaniyalı kibertəhlükəsizlik eksperti dayandırıb.

Cümə günündən etibarən Britaniyanın bir çox xəstəxanaları "pul tələb edən reket virusa" yoluxma səbəbi ilə iflic olmuşdu. Xəstəxanalarda rentgen və digər həyati mühüm tibb avadanlığı işləmirdi.

Reket hakerlər ABŞ-ın Milli Təhlükəsizlik Agentliyindən oğurlandığı güman edilən kodla yaratdıqları ziyanlı proqramı 100-dək ölkədə on minlərlə kompüterə göndərmişdilər.

Lakin Proofpoint kibertəhlükəsizlik firması üçün işləyən bir ekspert ziyanlı proqramın içindəki "öldür düyməsini" tapa bilib və onu hərəkətə gətirib. Bununla da virusun internet boyunca yayılması dayanıb.

Adının açıqlanmasını istəməyən və Tvitter postlarını MalwareTech adı ilə göndərən ekspert virusun yayılması üçün istifadə olunan domeni tapıb və "qeydiyyatdan" keçirib. Beləliklə, virusun yayılmasına son qoyulub.

Ekspert virusu dayandıranda Britaniya və Avropada hücuma məruz qalmış qurumlar üçün artıq iş-işdən keçmişdi, amma hər halda ABŞ şirkətləri virusa qarşı müdafiə yaratmaq üçün vaxt tapıb.

Proofpoint firmasından Ryan Kalember "The Guardian" qəzetinə deyib ki, onlar "günün təsadüfi qəhrəmanı" olublar.

Kalember bildirib ki, virusun yayılmasını dayandıranlar əslində bu metodun uğurla işləyib-işləməyəcəyini bilmirdilər.

MalwareTech daha sonra belə bir tvit yaszıb: "Etiraf edim ki, mən domeni qeydiyyatdan keçirəndə bunun ziyanlı proqramı dayanadıracağını bilmirdim. Bəli, buna görə də bu hərəkəti təsadüfi adlandırmaq olar"

"Amma mən təsadüfən beynəlxalq kiberhücumu dayandırdım"- yazır MalwareTech.

Lakin ekspert belə bir xəbərdarlıq etməyi də unutmayıb: "Nə qədər ki, domeni təkrar işə salmayıblar, virusun bu növü ziyan vura bilməyəcək, lakin işinizi möhkəm tutub internet müdafiənizi mümkün qədər tez təkmilləşdirin".

Adını niyə açıqlamadığı barədə suallara isə "günün təsadüfi qəhrəmanı" cavab olaraq deyib ki, "mən çox ziyanlı bir virusu dayandırmışam, amma onu düzəldən pis oğlanlar heç yerə çıxıb getməyiblər".

Fotonun müəllifi AFP
Image caption Süriya Demokratik Qüvvələri (SDQ) bu həftə Tabqa şəhərini ələ keçirib.

ABŞ və kürdlər İŞİD-lə necə "dil tapıblar"?

"The İndependent" yazır ki, Suriyada ABŞ tərəfindən dəstəklənən qüvvələrin, özünü İslam Dövləti (İD) adlandıran təşkilatın son istehkamı Raqqa istiqamətində irəliləyişi davam edir, lakin onların cihadçıları geri çəkilməyə necə vadar etdikləri və nə barədə razılığa gəldikləri barədə suallar doğub.

Məqalədə deyilir ki, əksəriyyətini kürdlər təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) aylarla davam edən qanlı döyüşlərdən sonra, minimum itki verərək Tabqa su bəndini və onun yaxınlığındakı aeroportu ələ keçiriblər. Onlar Tabqaya daxil olanda orada artıq İŞİD döyüşçüləri yox idi.

ABŞ Mərkəzi komandanlığı ərazilərin düşməndən alınmasını alqışlayıb, lakin etiraf edib ki, onun müttəfiqləri cihadçıların geri çəkillməsinə nail olmaq üçün onlarla danışıqlara giriblər.

"Bu, ABŞ tərəfindən dəstəklənən Suriya Ərəb Koalisiyasının və SDQ-nin daha bir parlaq qələbəsidir. SDQ bizim ən etibarlı və qabiliyyətli quru qüvvələri müttəfiqimiz olaraq qalır və onların məqsədi öz xalqlarını və torpaqlarını İŞİD-dən azad etməkdir" - deyib polkovnik John Dorrian.

ABŞ komandanlığının sözçüsü bunu da əlavə edib ki, 70-dək İŞİD döyüşçüsü SDQ qüvvələrinin qoyduğu şərtlərə razılaşaraq minaları təmizləmiş və ağır silahları qoyaraq Tabqa şəhərini tərk etmişlər.

ABŞ hərbiyyəsinin nümayəndəsi deyib ki, İŞİD döyüşçülərinin təslim olması üçün danışıqların aparılması zəruri idi, çünki başqa cür dinc əhalini və suriyalıların əsas su və elektrik mənbəyi olan Tabqa su anbarını qoruyub saxlamaq mümkün olmaya bilərdi.

"The İndependent" yazır ki, İŞİD qarşısında qoyulmuş şərtlər açıqlanmır, lakin ABŞ koalisiyası geri çəkilən cihadçıları müşahidə edib, habelə dinc əhali üçün itkisiz ötüşə biləcək yerlərdə hava zərbələri endirib.

Məqalədə deyilir ki, əvvəllər İŞİD-lə prezident Əsəd arasında da müxtəlif ərazilər və neft sahələri barədə müəyyən danışıqlar olub, lakin bu, ABŞ-ın dəstəklədiyi qüvvələrin İD-lə apardığı ilk danışıqlar idi.

Tabqa su anbarı Fərat çayının üstündə, İŞİD-in de facto paytaxtı Raqqanın yaxınlığında yerləşir.

SDQ qüvvələri bildirirlər ki, su anbarının dağılması böyük ekoloji fəlakətlə nəticələnə bilərdi və buna görə də cihadçıları döyüşsüz çəkilməyə sövq etməyə ehtiyac vardı.

Tabqa barədə danışıqlara baxmayaraq, ABŞ-ın dəstəklədiyi SDQ qüvvələri Raqqa üzərinə hücumu davam etdirirlər və İD-in son istehkamının azad edilməsi böyük qətliamla müşayiət oluna bilər.

Fotonun müəllifi Thinkstock
Image caption Alimlər bildirirlər ki, tək böyüyən uşaqlar "tərslik, xudbinlik və cəmiyyətə uyarsızlıq" kimi xoşagəlməz xasiyyətlərə malik olurlar.

Ailədə tək övlad olmağın ziyanı və xeyri

"The Telegraph" qəzeti yenicə aparılmış elmi tədiqqatın nəticələrinə əsasən yazır ki, ailədə tək uşaq kimi böyüyən övladların beyinləri, qardaş-bacılı yaşıdların beynindən ciddi şəkildə fərqlənir.

Çindəki Cənub-Şərq Universitetində 250 məktəbyaşlı uşağın müayinəsi göstərib ki, ailədə tək uşaq olanların beyinləri, qardaş-bacılı uşaqların beyinlərindən əhəmiyyətli dərəcədə fərqlidir.

Söhbət ilk növbədə beynin təsəvvür, üzüyolalıq və razılıq, habelə emosiyaların idarə olunması üçün cavabdeh olan nahiyələrindən gedir.

Brain Imaging and Behaviour jurnalında dərc olunmuş məqalədə alimlər bildirirlər ki, tək böyüyən uşaqlar "tərslik, xudbinlik və cəmiyyətə uyarsızlıq" kimi xoşagəlməz xasiyyətlərə malik olurlar.

Qardaş-bacılı uşaqlar isə həyatlarının erkən mərhələsindən "dünyanın göbəyi olmadıqlarını" dərk edirlər.

Bacı-qardaşsızlıq tək uşaqlarda sosial yovuşmazlıq, habelə emosional yardımlaşma və psixososial vərdişlərin inkişaf etməməsinə yol açır.

Bundan əvvəlki araşdırmalar göstərmişdi ki, ailədə yeganə uşaq olan övladlar valideyn gözləntisindən daha xəbərdar və nəticədə daha yaradıcı olurlar.

"Tək uşaqlar müstəqil fəaliyyət üçün daha böyük şəraitə malik olurlar, müstəqillik isə yaradıcı düşüncə ilə birbaşa bağlıdır" - deyilir məqalədə.

Bu barədə daha geniş