Britaniya mətbuatı: Ana südü xərçəng şişini yox edir

Fotonun müəllifi Mark Wilson
Image caption Bəzi xəbərlərə görə Trump Comey-dən prezidentə sədaqət andı içməsini tələb edib, halbuki FTB rəhbəri tam müstəqil bir vəzifədir.

Trump necə impiçment oluna bilər?

"The İndependent" yazır ki, vaxtilə Donald Trump-ın prezident seçkisində qalib gələcəyini proqnozlaşdırmış politoloq, indi onun FTB rəhbəri Comey-ni işdən çıxarması ilə bağlı impiçment edilməsi üçün kifayət qədər əsas olduğunu söyləyib.

1984-cü ildən bəri bütün ABŞ prezident seçkilərinin nəticələrini əvvəlcədən düz tapmış Allan Lichtman deyib ki, Trump-ın Comey-ni işdən çıxarması Nixon-un prezidentliyinə son qoymuş Watergate qalmaqalından daha ciddi məsələdir.

"O hətta indinin özündə impiçment edilə bilər, - deyib Lichtman Newsweek məcmuəsinə, - O artıq indiyədək ədalətə əngəl yaradıb, pul mükafatları haqqında (xarici hökumətlərin verdiyi hədiyyələr) qanunu pozub. Biz onun indi impiçment olunmasına çağırmırıq. Biz deyirik ki, impiçment təhqiqatına başlanmalıdır".

Yeri gəlmişkən, Lichtman-ın "İmpiçment işi" (The Case for Impeachment ) kitabı bu yaxınlarda çapdan çıxıb.

Siyasət aliminin fikrincə, Trump-ın onun barəsində təhqiqat aparan şəxsdən loyallıq tələb etdiyinə dair iddilar isbat olunarsa, o avtomatik olaraq ədalətə əngəl yaratmaqda ittiham ediləcək.

"The İndependent" yazır ki, cənab Comey-nin vəzifəsindən kənarlaşdırılmasının ardınca Ağ Ev Trump-ın hərəkətlərini izah etməkdə çətinlik çəkib.

Ağ Ev rəsmiləri prezidenti demokratlardan və başqalarından müdafiə etmək üçün bildiriblər ki, Trump FTB başçısını, onun Rusiya ilə əalqələrini araşdırıdığına görə işdən çıxarıb.

Rəsmilərin verdiyi digər şərhlərdə isə deyilirdi ki, Comey Hillary Clinton-un email-ləri ilə bağlı təhqiqatı yarıtmaz apardığına görə postunu itirib.

Administrasiya isə bu hadisəni şərh edərkən Comey barədə baş prokuror Jeff Sessions və onun müavini Rod Rosenstein tövsiyələrini əsas gətirib.

Amma çox tez bir zamanda aydın olub ki, baş prokuror və müavininə tövsiyələri sonradan, Trump-ın hərəkətinə haqq qazandırmaq üçün yazdırılıb.

Halbuki prezident mediaya müsahibəsində demişdi: "Mən bu qərara gələndə özüm-özümə dedim: bu Rusiya və Trump məsələsini uydurublar ki, demokratlar seçkidəki məğlubliyyətlərinə haqq qazandırsınlar".

O Comey-i "lovğa" və "şöhrətpərəst" adlandırıb. Trump deyib ki, FTB çətin vəziyyətdə idi.

Prezident iddia edib ki, guya Comey onu üç ayrı-ayrı halda əmin edib ki, o təhqiqatın obyekti deyil.

"Tövsiyələr olmasaydı da, mən onu çıxaracaqdım" - deyib Trump.

Bəzi xəbərlərə görə Trump Comey-dən prezidentə sədaqət andı içməsini tələb edib, halbuki FTB rəhbəri tam müstəqil bir vəzifədir.

Ağ Ev bu xəbərləri təkzib edib. Comey-ə yaxın mənbələr isə Trump-ın dediklərini inkar edirlər.

"The İndependent" yazır ki, yalnız iki prezident - Andrew Johnson və Bill Clinton Nümayəndələr palatası tərəfindən impiç olunub. Senat heç bir prezidentin impiçmentini qəbul etməyib.

Trump-ın impiçment edilməsi üçün Nümayəndələr palatasındakı respublikaçılar ona qarşı çıxmalıdırlar.

Buna alternativ olaraq 2018-ci ilin mövsümarası seçkilərində demokratlar qalib gəlsələr, onlar Trump-ın impiçmentinə başlaya bilərlər.

Britaniyada hər gün 1, 4 milyon banan zibilə atılır

Fotonun müəllifi Getty Images

"The Guardian" yazır ki, britaniyalılar hər gün yeməyə tamamilə yararlı və illik dəyəri 80 milyon funt sterlinq edən 1, 4 milyon bananı zibilə atırlar.

İstehlakçıların 30 faizi bildirib ki, bananın zibil yeşiyinə atılması üçün onun qabığının azca cızılması və ya qaralması kifayət olub.

Sorğuda iştirak edənlərin hər 10 nəfərindən biri (13 faiz) bildirib ki, bananı üzərində azca yaşıl rəngin olmasına görə tullayırlar.

Hökumətin Wrap adlı tullantıya nəzarət qrupunun bu rəqəmləri bugün, mayın 15-də Sainsbury's supermarketlər şəbəkəsi tərəfindən dərc olunub və Birləşmiş Krallıqda nə qədər ərzağın tullantıya çevrilməsinin miqyasını göstərir.

Sainsbury's şəbəkəsinin 5 il müddətinə nəzərdə tutulmuş 10 milyon funt sterlinqlik "Tullantını Azalt, Qənaəti Çoxalt" (Waste Less, Save More) ümumölkə təşəbbüsü müştərilərə ərzaq tullantısının azaldılması üçün faydalı məsləhətlər verir.

Rəsmi statistika göstərir ki, Birləşmiş Krallıqda hər bir ailə ildə orta hesabla 700 funt sterlinqlik ərzağı zibilə atır. Sözü gedən təşəbbüs bu rəqəmin 50 faiz azaldılması məqsədini güdür.

Sainsbury's habelə piştaxtalarından birini "bananları xilas" təşəbbüsü üçün ayırıb və müştərilərə azca çox yetişmiş bananlardan banan çörəkləri, piroqları və ponçiklərinin hazırlanmasını məsləhət görür.

Mağazalar şəbəkəsi təkcə quru təşəbbüs qaldırmaqla kifayətlənmir. Ötən il şəbəkənin ölkə boyunca 110 mağazasındakı çörəkbişirmə sexləri müştərilərin banan çörəyinin dadına baxmasına imkan yaradıb.

Britaniyalıların 61 faizi banandan heç bir xörək və ya piroq hazırlamadığını bildirib.

Ana südü xərçəng hüceyrələrini öldürə bilir

Fotonun müəllifi Getty Images

"The Daily Mail" yazır ki, ana südünün uşaqların sağlamlığı üçün əhəmiyyətindən kifayət qədər söhbət açılıb, lakin yeni kəşf bu südün tərkibindəki kimyəvi elementlərdən birinin xərçəng xəstəliyinin müalicəsində müstəsna rol oynaya biləcəyini göstərib.

Şərti olaraq Hamlet adlandırılmış bu maddədən xərçəng şişlərinin hədəflənməsində istifadə edilə bilər.

İsveçdəki Lund Universitetinin alimləri Hamletdən sidik qovucuğu xərçənginin müalicəsində istifadənin mümkünlüyünü isbat ediblər.

Xəbər verilir ki, Hamlet maddəsininin xəstələrə iynə ilə vurulmasından sonra, xərçəng şişləri parçalanaraq sidiklə birlikdə orqanizmdən çıxır.

Ən əhəmiyyətlisi budur ki, maddə birbaşa xərçəngli hüceyrələri hədəfləndiyindən həm sağlam, həm də xərçəngli hüceyrələrə təsir edən kimya və ya radiasiya terapiyasına ehtiyac qalmır.

İmmunologiya professoru Catharina Svanborg bu maddəni antibiotiklər üzərində işləyərkən təsadüfən kəşf edib.

"Ana südündən alınmış bu maddəni xərçəng hüceyrərlərinə yönəltdikdə onlar ölməyə başladılar və biz əməlli-başlı təəccübləndik. Bu gözlənilməz sevinc anı oldu" - deyib alim "The Daily Mail" qəzetinə.

Professor Svanborg izah edib ki, o yeni antimikrob agentləri üzərində işləyirdi. Ana südü belə agentlərlə zəngindir.

Alim deyir ki, ana südünün tərkibində alfa-laktalbumin zülalı var və bu zülal qarın boşluğundakı xərçəng hüceyrələrinə ölümcül zərbə vurur. Maddə sağlam hüceyrələrə qətiyyən təsir etmir.

Daha dəqiq deyilərsə, Hamlet maddəsi xərçəng hüceyrələrinin müdafiəsini yarıb onun içərisinə daxil olur və bundan sonra xəstə hüceyrənin mitoxondrisinə və nüvəsinə zərbə endirir.

Əsas enerji mənbəyindən məhrum olan hüceyrə özünü təkrar proqramlaşdırmağa çalışarkən zəifləyib ölür.

Professor Svanborg öz kəşfini möcüzə adlandırmaqdan çəkinmir.

Alimlər deyirlər ki, ana südündən alınmış Hamlet komponentindən sidik qovuğunundan başqa uşaqlıq boynunun xərçənginin də müalicəsində istifadə oluna bilər.

Əlaqəli mövzular