Nazirlik: WannaCry virusu ilə bağlı "şikayət yoxdur"

Projection of cyber code onto a hooded man Fotonun müəllifi Reuters

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə WannaCry virusu ilə bağlı hələlik hər hansı şikayət daxil olmayıb, mətbuat xidmətindən BBC Azərbaycancaya bildirilib.

Kaspersky Lab şirkətinin Qlobal Təhqiqat və Analiz komandasının məlumatına əsasən, cümə günü, hücumun ilk günündə kibermüdaxilə Azərbaycan da daxil olmaqla 74 ölkəyə təsir edib.

Nazirliyin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) hücumla bağlı Windows əməliyyat sisteminin istifadəçilərini şirkətin boşluğu aradan qaldırmaq üçün 14 mart 2017-ci il tarixində dərc etdiyi xəbərdarlığında "Microsoft Security Bulletin MS17-010 - Critical" adlı yeniləməni tətbiq etməyə çağırıb.

ETM kompüter sistemlərinin təhlükədən qorunması üçün bir neçə tövsiyə verib:

  • İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə ("patch"ın yüklənməsi və quraşdırılması) aparmaq;
  • E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməmək;
  • Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmaq;
  • Aktiv və antivirus bazası aktual olan anti-virusdan isitfadə etdiyinizdən əmin olmaq;
  • Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə etmək;
  • Antivirus proqram vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamaq;
  • İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
  • Baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Mərkəzə müraciət etmək.

Hökümətlərə "xəbərdarlıq"

Microsoft şirkəti bazar ertəsi bildirib ki, cümə günündən indiyədək 150 ölkəyə təsir etmiş kiberhücum hökumətlər tərəfindən bir "xəbərdarlıq" kimi qiymətləndirilməlidir.

Şirkət hökumətləri məlumatlarını zəif proqram təminatlarında saxlayaraq hakerlər üçün asanlıqla əldə edilməyə imkan yaratmaqda təqsirləndirib.

Şirkət kiber hücumda istifadə edilən virusun Microsoft-un Windows əməliyyat proqramında mövcud olan, ABŞ kəşfiyyatı tərəfindən aşkarlanan və onlardan oğurlanan boşluqdan istifadə etdiyini deyir.

Bazar ertəsi həftənin ilk iş gününün başlaması ilə daha çox hücumların baş verəcəyi təhlükəsi olduğu düşünülür.

Lakin hələ ki, yeni hücumlar barədə məlumat azdır.

Fotonun müəllifi Kaspersky Lab
Image caption Kaspersky Lab şirkətinin Qlobal Təhqiqat və Analiz komandasının məlumatına əsasən, hücumun ilk günündə Azərbaycan daxil olmaqla hücum 74 ölkəni təsirləndirib.

Yoluxmaların qarşısını almaq üçün, bir çox şirkət həftəsonu ekspertlərin köməyi ilə kompüter sistemlərini hücuma qarşı hazırlayıblar.

WannaCry virusu kompüter istifadəçilərinin fayllarını möhürləndirir və 300 dollar məbləğində ödəniş tələb edir. Əks halda, 7 gündən sonra faylları silməklə hədələyir.

WannaCry adlı virusun yoluxma sürəti həftəsonu azalıb. Lakin eskpertlər deyirlər ki, yavaşlama müvəqqəti ola bilər.

Hücumla əlaqədər BBC tərəfindən bank hesablarının tədqiqinə əsasən, kiberhücumun arxasında olan şəxslərə indiyədək təxminən 38,000 dollar ödəndiyi ehtimal olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş