Britaniya mətbuatı: İçki şəxsiyyəti dəyişmir, əslində olanı ortaya qoyur

Fotonun müəllifi Reuters

Almaniya hərbçiləri Türkiyəni tərk edə bilər

"Financial Times" yazır ki, kansler Angela Merkel Ankara ilə diplomatik toqquşmanın ardınca Türkiyədə dislokasiya olunmuş Almaniya qoşununun bu ölkədən çıxarılması məsələsini nəzərdən keçirir.

Məqalədə deyilir ki, bu, NATO-nun Suriyadakı İŞİD-ə qarşı missiyasında fasilənin yaranmasına səbəb ola bilər.

Xanım Merkel bu addımı Türkiyənin, Almaniya parlament üzvlərinin İncirlik bazasına səfər etməsinə icazə verməməsi ilə bağlı atacağını bildirib.

İncirlik bazasındakı 250-dək alman hərbçi NATO-nun anti-İD kampaniyasında təyyarələrə yanacaq doldurulması və kəşfiyyat missiyalarını həyata keçirir.

Xanım Merkel bazar ertəsi deyib ki, millət vəkillərinin əsgərlərə baş çəkməsi mühüm məsələdir, beləki Almaniyada hərbiyyə məhz parlamentə tabedir.

Almaniya kansleri deyib ki, Ankara ilə danışıqlar davam etdiriləcək, lakin eyni zamanda Almaniya hərbi kontingentinin başqa ölkəyə dislokasiya edilməsinə hazırlıq aparılacaq.

Angela Merkel bunu da bildirib ki, hazırda İncirlik hərbi hava bazasına alternativ olaraq İordaniya bazalarından biri nəzərdən keçirilir.

FT yazır ki, Ankaranın Almaniya millət vəkillərinin İncirliyə səfər etməsinə icazə verməməsi, Berlinin 414 türk zabiti və onların ailələrinə Almaniyada sığınacaq verilməsinə cavab addımı kimi izah olunur.

Bu hərbçilər ötən ilin iyulunda Türkiyədə baş tutmamış hərbi çevriliş cəhdinin ardınca Erdoğanın hərbiyyəyə qarşı başlatdığı genişmiqyaslı repressiyalardan çəkinərək Almaniyadan siyasi sığınacaq istəmişdilər.

Berlin habelə iki Almaniya vətəndaşının - jurnalist Deniz Yücel və tərcüməçi Meşale Tolunun terror ittihamları ilə həbsxanada saxlanmasına etiraz bildirir.

Almaniya Erdoğanın repressiyalarından və bu yaxınlarda keçirilmiş referendum kampaniyasında səslənmiş antialman ritorikasından dəfələrlə narahatlıq bildirib.

Bu ilin əvvəllərində Almaniya hakimiyyət orqanları bir sıra Türkiyə siyasətçilərinin Almaniyada referendum təbliğatı aparmasına icazə verməmişdi.

Bundan başqa Angela Merkel Ankaranın ölüm cəzasını bərpa etməsinin Türkiyə üçün "qırmızı xətt" olduğunu bildirib.

FT yazır ki, ən yüksək cəzanın bərpası üçün referendum keçirilərsə, bu, Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair danışıqların sözün əsl mənasında sonu olacaq.

Lakin bununla belə, Erdoğanın bu razılaşmadan çıxacağına dair dəfələrlə səsləndirdiyi hədələrə baxmayaraq, Avropaya qaçqın axınının dayandırılması məqsədilə Almaniya tərəfindən dəstəklənən Avropa-Türkiyə sazişi qüvvədə qalır.

Ankara bu razılaşmanın əsas bəndlərindən birinin - Türkiyə vətəndaşlarına Şengen zonasına vizasız gediş-gəliş verilməsinin yerinə yetirilməməsindən acıqlıdır.

Brüsselsə bildirir ki, Türkiyə hətta çevriliş cəhdindən əvvəl də Aİ-yə üzvlük üçün, antiterror qanunları da daxil şərtləri yerinə yetriməmişdi.

Brüssel hesab edir ki, çevriliş cəhdindən sonra Türkiyədə on minlərlə insanın həbs edilməsi Ankaranın Aİ üzvlüyü perspektivlərini daha da ümidsiz edib.

Xanım Merkel və cənab Erdoğan NATO-nun gələn həftə Brüsseldə keçiriləcək sammitində görüşməlidirlər.

Almaniya millət vəkillərinin İncirliyə səfəri bir dəfə bundan əvvəl, ötən il də bloklanmışdı.

Bu, Almaniya parlamenti Bundestaq, 1915-ci ildə yer almış erməni qətliamlarının soyqırım kimi tanınmasına dair qətnamə qəbul etdikdən sonra baş vermişdi.

Fotonun müəllifi Getty Images

Rusiya hərbi təyyarəsinə Britaniya səmasında "rahat uçmaq" icazəsi verilib

"The İndependent" yazır ki, Rusiya hərbiyyəsinə bu həftə Britaniya üzərində müşahidə uçuşları keçirmək icazəsi verilib.

Məqalədə deyilir ki, Rusiyanın hərbi təyyarəsi Britaniya səmalarında uçarkən, həmişə olduğu kimi Kral Hərbi Hava Qüvvələrinin Typhoon qırıcıları havaya qaldırılmayacaq.

Uçuşlar beynəlxalq Açıq Səmalar Müqaviləsinin şərtlərinə görə həyata keçiriləcək.

Bütün bu həftə ərzində Antonov An-30B təyyarəsi Oxforddakı Brize Norton hərbi hava bazasından qalxacaq. Lakin təyyarənin göyərtəsində Kral Hərbi Hava Qüvvələrinin nümayəndələri də olacaq.

Bundan əvvəl uçuş planları Britaniya Müdafiə Nazirliyi və Kral Hərbi Hava Qüvvələri tərəfindən təsdiq edilib.

Müşahidə uçuşu mayın 19-da başa çatacaq və uçuşun ümumi məsafəsi 2400 kilometr olacaq.

Müdafiə Nazirliyi "The İndependent" qəzetinə bildirib ki, Rusiya təyyarəsinin göyərtəsindəki Britaniya hərbçiləri beynəlxalq müqavilənin pozulmamasına nəzarət edəcəklər.

Nazirlik xəbər verir ki, bundan əvvəl, bu ayın əvvəllərində Briyaniya təyyarəsi də Rusiya üzərində müşahidə uçuşunu həyata keçirib.

Açıq Səmalar Müqaviləsi 1992-ci ildə 32 ölkə tərəfindən imzalanıb və 2002-ci ildə qüvvəyə minib.

Bu müqavilədən məqsəd ölkələr arasında etimad yaratmaq və qarşılıqlı narahatlıqları aradan qaldırmaqdır.

Bu yaxınlarda NATO, Soyuq Müharibənin sonundan bəri rekord sayda Rusiya hərbi təyyarəsini öz hava məkanından uzaqlaşdırmalı olub.

Rusiya təyyarələrinin uçuşları ilə bağlı Avropa hərbi hava bazalarından 780 reyd uçuşu keçirilib. 2015-ci ildə bu rəqəm 410 idi.

Mövcud qaydalara görə, qırıcılar rəqib təyyarəsinin məqsədlərini öyrənmək üçün havaya qaldırılır.

Məsələn, bu ilin əvvəllərində Rusiyaya məxsus bombardmançı təyyarə Britaniya səmalarında 5 saat ərzində nəzərə çarpmadan uça bilmişdi.

Fotonun müəllifi Getty Images

Sərxoş adam - içəridən və kənardan baxış

"The Telegraph" alimlərə istinadən yazır ki, alkoqol sərxoş olanların şəxsiyyətini əsaslı şəkildə dəyişmir.

Bir çox adamlar qeyri-adi hərəkətlərinin içkiyə görə baş verdiyini söyləsələr də, yeni elmi-tədqiqat işi sərxoşluq və ayıqlıq zamanı xarakterdə radikal dəyişikliyin baş vermədiyini qeydə alıb.

Yeganə fərq bundadır ki, sərxoş adamlar daha ekstravert - yəni çılğınlıq və coşqunluq vəziyyətində olurlar.

Məqalədə deyilir ki, sərxoşluq, əslində adamların şəxsiyyətinin "ucadan ifadə olunmuş" versiyasıdır.

Missouri Universitetindən professor Rachel Winograd deyib ki, sərxoş adamların özlərinin və onları kənardan müşahidə edənlərin qiymətləndirməsi arasındakı fərq alimləri təəccübləndirib.

"Təcrübədə iştirak edənlər içkili vəziyyətdə şəxsiyyətlərinin bütün aspektlərində fərqli olduqlarını düşünürlər, - deyib alim, - Lakin ayıqlıq və sərxoşluqda fərqli olan yeganə faktor ekstraversiyadır".

Məqalədə deyilir ki, bizim sərxoş olarkən başqa adama çevrilməyimizə dair inamımız əsassızdır.

Spirtli içkilərin şəxsiyyətin dəyişməsinə səbəb olub-olmadığını öyrənmək üçün alimlər 156 iştirakçı üzərində müşahidə aparıblar.

Təcrübədən əvvəl onlara xüsusi anket formaları paylanıb. Burada onlar öz qənaətlərinə görə ayıq və sərxoş vəziyyətdə necə adam olduqları barədə suallara cavab verməli idilər.

Bundan sonra iştirakçılar laboratoriyaya aparılıb və burada onlara içmələri üçün araq və limonad kokteylləri verilib. Daha sonra onlar içkili vəziyyətdə müxtəlif qrup tədbirlərində iştirak ediblər.

Bu tədbirlər zamanı müəyyən şəxsiyyət xüsusiyyətləri də müzakirə olunurdu.

Spirtli içkilərin qəbulundan sonra iştirakçılar səmimiliklərinin və razılaşma hisslərinin azaldığını bildiriblər. Bunun əvəzində onlar sərxoş vəziyyətdə çılğınlıq və coşqunluq hisslərinin artdığını deyiblər.

Lakin onları kənardan müşahidə edənlər yalnız ekstraversiyanı, yəni çılğınlıq və coşqunluğu görə biliblər.

Doktor Winograd-ın fikrincə, həm iştirakçılar, həm də qiymət verənlər - həm düzgün, həm də düzgün olmayan nəticəyə gəliblər.

Məsələ burasındadır ki, sərxoş olanlar daxillərində gedən dəyişiklikləri, qiymət verənlər isə zahiri dəyişiklikləri daha yaxşı görürdülər.