Britaniya mətbuatı: Erdoğan Trump-dan "50 faiz məmnundur"

Fotonun müəllifi Getty Images
Image caption Erdoğan və Trump 16 mayda görüşüblər

"Financial Times" qəzeti yazır ki, nəticəsindən asılı olmayaraq Washington görüşü Recep Tayyip Erdoğan üçün uğurlu sayıla bilər, çünki onun bundan əvvəlki rəsmi səfəri zamanı prezident Barack Obama saymazlıq göstərərək onunla görüşməkdən imtina etmişdi.

Cənab Trump-a gəlincə isə o, Erdoğanı aprelin 16-da keçirilmiş referendumun nəticələrinə görə ilk təbrik edənlərdən biri olub.

Ağ Evdəki görüşdən əvvəl etdiyi qısa çıxışında, Trump PKK və İŞİD-ə heç bir fərq qoymadığını nümayiş etdirib və bəyan edib ki, ABŞ, Amerikada da terrorçu qruplaşma sayılan Kürdüstan İşçi Partiyası ilə mübarizəsində Türkiyənin yanında olacaq.

"Biz Türkiyəni onun İŞİD və PKK kimi terrorçu qruplaşmalara qarşı mübarizəsində dəstəkləyirik" - deyib Trump.

Lakin Erdoğanın siyasətlərini tənqid edən "Yeni Sultan" kitabının müəllifi Soner Cağatay "Financial Times" qəzetinə bildirib ki, "Erdoğan Trump-la görüşünün baş tutacağı barədə məlumatı gözləməkdən ölürdü və buna görə də o, elə təkcə Ağ Evə dəvət aldığına görə artıq 50 faiz məmnun idi".

Cənab Erdoğan səfər zamanı bildirib ki, Türkiyə iyul çevrilişi cəhdinin arxasında durduğuna inandığı Fethullah Gülenin ekstradisiya ediləcəyini hələ də gözləyir.

FT yazır ki, ABŞ və Türkiyə Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizə aparırlar, lakin aralarındakı regional fikir ixtilaflarını necə çözə biləcəkləri bəlli deyil.

Bu ixtilaflara görə iki ölkə arasında münasibətlər son aylarda kifayət qədər gərgin olub.

FT yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Mike Pompeo Türkiyəyə ilk səfərinin ardınca Ankaranın bəzi siyasətlərindən çaşqınlıq ifadə edib.

"Mən daha çox şey gözləyirəm, - deyib Pompeo - Onlar bizim NATO partnyorumuzdur və biz də istəyirik ki, özlərini partnyor kimi aparsınlar…Orada elə ərazilər var ki, onlar bizə kömək edirlər. Amma elə ərazilər də var ki, səmərəli müttəfiq kimi davranmırlar".

ABŞ Suriya kürdlərinin hərbi birləşmələri - YPG-nin İŞİD-in paytaxtı Raqqanın alınmasında əsas quru qüvvəsi olmasını istəyir, lakin Türkiyə kürdlərin və onların ağır silahlarının tez bir zamanda meydandan çıxarılmasını arzulayır.

"Amma belə bir şey yəqin ki, olmayacaq, - deyir Cağatay, - YPG bu sövdələşmədəki rolu ilə kifayətlənməyəcək. Mənim nəzərimdə ABŞ-Türkiyə münasibətlərində böhran da elə onda baş verəcək. Burda hamı hamıya nömrə gəlmək istəyir".

FT yazır ki, Türkiyə Astana danışıqları çərçivəsində ABŞ-ın rəqibləri olan Rusiya və İranın vasitəçiliyi ilə aparılan Suriya nizamlanmasında önəmli rol oynayır. ABŞ bu danışıqlara əvvəlcə qatılmasa da, indi burada ehtiyatlı müşahidəçi kimi iştirak edir.

George W Bush və Obamanın vaxtında ABŞ-ın Türkiyədəki səfiri olmuş James Jeffrey deyir ki, ABŞ Türkiyənin təkcə İŞİD-ə qarşı döyüşməsini yox, həm də İranın Yaxın Şərq boyunca yayılmaqda olan təsirini önləməsini istəyir.

FT yazır ki, bu, Səudiyyə Ərəbistanına səfərə hazırlaşan Trump üçün xüsusi önəm daşıyır.

"Administrasiyanın İŞİD-ə qarşı hərtərəfli strategiyası mövcuddur, lakin bu strategiya ən çox Türkiyə üçün əlverişsizdir, - deyib keçmiş səfir, - Problem bundadır ki, administrasiya Türkiyəyə İrana qarşı hərətərfli və tam düşünülmüş strategiya verə bilmir".

"Seks sənayesi işçiləri üçün daha yaxşı fəaliyyət şəraiti"

Fotonun müəllifi Getty Images
Image caption Hollandiyada fahişəlik 2000-ci ildən leqal sayılır

"The Guardian" yazır ki, Amsterdam şəhərinin meri ölkənin seks sənayesində iş şəraitini yaxşılaşdıracaq fahişəxananın açılışını edib.

Bu fahişəxana şəhərdəki başqa bu qəbildən olan "müəssisələrdən" fərqli olaraq orada işləyənlərin özləri tərəfindən idarə ediləcək.

Şəhər bələdiyyəsinin təşəbbüsü ilə Amsterdamın "Qırmızı lampalar" rayonu adlandırılan Wallen-də yaradılmış bordel 4 binada yerləşir və 14 "vitrin-pəncərəsi" var.

Buranın 40 seks işçisi müəssisədən kənarda fəlaiyyət göstərə biləcək. Bu fəaliyyət fahişələrin aktiv üzvlük etdikləri "Mənim Qırmızı İşığım" adlı fond tərəfindən tənzimlənəcək.

"Bu layihədə heykəllərdən tutmuş otaqların dekorlarına qədər hər şeyin ideyası fahişələrin özləri tərəfindən verilib, - deyir adının çəkilməsini istəməyən seks işçilərindən biri, - Ümid edirəm ki, Mənim Qırmızı İşığım layihəsi işimiz üçün bütün lazımı şəraiti yaradacaq".

Hollandiyada fahişəlik 2000-ci ildən leqal sayılır. Seks biznesi ilə məşğul olmaq istəyənlər lisenziya almalı, bələdiyyə qaydalarına əməl etməli və onun işçiləri vergi ödəməlidirlər".

Hollandiya ümid edir ki, fahişəliyi leqallaşdırmaqla, "təmiz" seks sənayesi yaratmaq mümkün olacaq. Ən başlıcası budur ki, burada fahişələr dəllalların araçılığı olmadan öz müştəriləri ilə işləyə biləcəklər.

Lakin bütün bunlar heç də düşünüldüyü kimi rahat başa gəlmir. Amsterdam insan qaçaqmalçılığının əsas istiqamətlərindən biri olaraq qalır.

Hazırda bu biznesə əsasən Şərqi Avropadan olan kriminal dəstələr nəzarət edirlər.

Fotonun müəllifi Daniel Berehulak
Image caption Hindistanda qadınlara təcavüzə qarşı mitinqlər tez-tez olur

Atalığı tərəfindən zorlanmış 10 yaşlı qıza abort icazəsi verildi

"The İndependent" yazır ki, Hindistanda atalığı tərəfindən dəfələrlə zorlanmış 10 yaşlı qıza abort icazəsi verilib.

Hindistanın Horyana ştatından olan qız 5 aylıq hamilədir və qarşıdan gələn dörd ayda doğacağı gözlənilir.

Hindistanda 20 həftəlik müddətdən sonra aborta yalnız qadının həyatı təhlükədə olarkən icazə verilir.

Bu qanun hind cəmiyyətində oğlan uşaqlarına üstünlük verilməsi və bunun nəticəsində qız uşaqlarlının abort etdirilməsinin qarşısını almaq üçün qəbul edilib.

Qızın anası hadisə barədə polisə xəbər verəndən sonra atalıq həbs edilib və hazırda istintaq altındadır.

Xəbər verilir ki, qızın həm də əmisi olan atalıq onu, anası işdə olarkən zorlayıb.

Yerli məhkəmə Ali Tibb Elmləri İnstitutuna abort barədə tövsiyəni qəbul etməsini tapşırıb.

Tibb ocağının rəhbəri doktor Aşok Çohan deyib ki, indi məhkəmə qərarı olduqdan sonra abort əməliyyatı hər an həyata keçirilə bilər.

Bu hadisədən az əvvəl Hindistanda 23 yaşlı qadın vəhşi dəstə tərəfindən zorlanmış və sonra başı kərpiclərlə yarılaraq öldürülmüşdü.

Qadının sahibsiz itlər tərəfindən didilmiş cəsədi açıq çöldə tapılmışdı.

Hindistanda seksual zorakılıq kəskin problem olaraq qalır.

2012-ci ildə New Delhidə avtobusda gedən tələbə qızın dəstə ilə zorlanması ölkə boyunca geniş etiraz aksiyalarına yol açmışdı.

Etirazçılar hakimiyyətdən qadınların müdafiəsini tələb edirdilər.

Ötən həftəsonu Delhinin yaxınlığındakı Qurqaon qəsəbəsində daha bir dəstə ilə zorlama hadisəsi baş verib.

Delhi polisində hər gün qadınlara qarşı törədilmiş 50 cinayət qeydə alınır. Bunlardan orta hesabla 4-ü zorlama cinayətləridir.