Alimlər: Yuxu gözəlliyin əsası, ünsiyyətin uğurudur

Yorğun qadın Fotonun müəllifi MilanMarkovic/Getty images
Image caption İnsanlar yorğun adamları sevmirlər

İsveç alımlərinin qənaətinə görə, kifayət qədər yuxu yatmaq təkcə sağlamlıq üçün deyil, həm də xarici görünüş üçün çox əhəmiyyətlidir.

Belə ki, yuxusunu tam almayanlar cazibədarlığını itirir və insanlar şüuraltı olaraq onlarla münasibətdən yayınır.

Göz altındakı torbalar və şişlər ona gətirib çıxarır ki, sizinlə kimsə görüşmək istəmir. İsveç alimləri bu cür düşünürlər.

Sınaq

Sınaqda hər iki cinsdən olan 25 tələbə iştirak edib. Könüllüllərə sınaq şərtlərinin tələb etdiyi zaman onların həqiqətən də yatmadığını müəyyən etmək üçün bədən hərəkətlərini ölçən xüsusi cihaz verilib.

Onlar əvvəlcə iki gecə ardıcıl yaxşı yatmaq, bir həftə sonra isə iki gecə cəmi 4 saat yatmaq barədə göstəriş alıblar. Səhər tədqiqatçılar könüllülərin şəkillərini çəkiblər.

Daha sonra alimlər bu şəkilləri Stokholm şəhərində tələbələri tanımayan 122 adama göstəriblər. Onlara bu insanların nə dərəcədə cazibədar olduqlarıı, sağlam olub olmadıqları və onlara etibar etmək olarmı kimi suallar verilib.

Suallar arasında "Siz bu insanlarla görüşmək istərdinizmi?" sualı da yer alıb.

Sorğu iştirakçıları gözlənilməz asanlıqla könüllülərdən hansının yorğun olduğunu və yatmaq istədiyini müəyyən ediblər. Belə aydın olub ki, şəkillərdə daha yorğun görünən tələbələr daha az diqqət cəlb edir.

Sorğu iştirakçıları yuxusuz insanlarla görüşmək istəmələrinə şübhə ilə yanaşıblar. Respondentlər həmçinin şəkildəki insanların sağlam olmalarına da şübhə ediblər.

"Ünsiyyətdən yayınmaq"

Stockholmdakı Caroline İnstitutunun tədqiqatçılarının dediklərinə görə, bu cür seçimlər təkamül nöqteyi nəzərindən məntiqlidir.

"Səbəbindən asılı olmayaraq sağlam görünüşə malik olmayan üz başqalarında özünü qoruma hissini qaldırır, bu isə ünsiyyətdən yayınmağa sövq edir", - institutun hesabatında deyilir. Başqa sözlə desək insanlar xəstələrlə bir arada olmaq istəmir, enerjili və sağlam insanlar daha cəlbedici görünürlər.

Lakin tədqiqat qrupuna başçılıq edən həkim Tina Sundelin bu məsələni şişirtməməyə çağırıb.

"İnsanların çoxu bəzən yuxusunu almayan zaman heç bir problem yaşamırlar".

Liverpool universitetinin psixoloqu Gale Brewer "cazibədarlığın adətən şüuraltı" qəbul olunduğunu deyir.

"Bununla yanaşı biz kiminsə yorğun və ya xəstə olduğunu hətta xırda əlamətlərdən belə hiss etmək qabiliyyətinə sahibik".

"Biz istəyirik ki, bizim tərəf müqabilimiz sağlam və enerjili olsun. Bu tədqiqat isə növbəti dəfə yuxunun necə vacib olduğunu xatırladır", - deyə psixoloq xanım əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş