Britaniya mətbuatı: "Putin Trump-a pul ödəyir" iddiası: zarafat, ya gerçək?

Fotonun müəllifi Alex Wong
Image caption Donald Trump-ı Richard Nixon və Bill Clinton-un yolu gözləyə bilər

ABŞ Konqresində ilk dəfə olaraq "impiçment" sözü səsləndi

"The Independent" yazır ki, ABŞ Konqresindəki respublikaçılar özlərini Donald Trump-ın impiçment oluna biləcəyi varianta hazırlamağa başlayıblar.

Son xəbərlərə görə, Trump FTB-nin keçmiş direktoru James Comey-dən keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in Rusiya ilə əlaqələrini araşdıran təhqiqatı dayandırmasını xahiş edib. Bu isə artıq ədalətin qarşısının alınması deməkdir və cinayət əməli hesab olunur.

Respublikaçı konqresmen Justin Amash "The Hill" qəzetinə deyib ki, əgər Trump-ın FTB direktoru Comey-ə təzyiq göstərməsi xəbəri doğrudursa, impiçment prosesinə başlanmalıdır.

CNN-ə müsahibəsində respublikaçı konqresmen Carlos Curbelo cənab Trump-ın iddia olunduğuna görə Comey-ə göstərdiyi təzyiqi, keçmiş prezidentlər Richard Nixon və Bill Clinton-a qarşı impiçment prosesinə səbəb olmuş vəziyyətə bənzədib.

O deyib ki, Nixon-la bağlı yaranmış vəziyyətdə və Clinton işində ədalətin qarşısının alınması impiçmentlik əməl hesab edilmişdi.

Bu iki konqresmen Trump-ın kəskin tənqidçiləridir və seçkidə ona səs verməyiblər.

Məqalədə deyilir ki, respublikaçıların impiçment məsələsini götür-qoy etmələri Trump-la bağlı son qalmaqalın yaratdığı şimşəyin gücünü göstərir.

"New York Times" qəzetinin yazdığına görə prezidentin cənab Comey-ə məktubunda deyilirdi: "Ümid edirəm ki, siz bu işin bitirilməsi yolunu görürsünüz, Flynn-lə əlaqədar işin".

Cənab Comey tərəfindən yazıldığı xəbər verilmiş memodan belə görünür ki, Trump öz adamları ilə Rusiya arasındakı əlaqələrə dair təhqiqatın gedişinə təsir göstərmək istəyib.

Hazırda Trump komandasının Rusiya ilə bağlarına dair araşdırma və Flynn-Moskva əlaqələri ayrı-ayrılıqda araşdırılır.

Cənab Flynn ötən fevralda Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla öz arasında olan söhbət barədə vise-prezident Mike Pence və başqa rəsmilərə yanlış məlumat verdiyi bəlli olduqdan sonra istefa vermişdi.

Qəzet yazırdı ki, cənab Comey Trump-la Flynn-in istefasının ertəsi günü baş vermiş görüşünün təfərrüatları barədə memo yazıb.

Ağ Ev isə iddia edir ki, həmin memo Trump və Comey arasındakı söhbəti düzgün əks etdirmir.

Putin Trump-a pul ödəyirmiş?

"The Telegraph" qəzeti isə yazır ki, respublikaçı liderlərdən Kevin McCarthy praymerilər zamanı etdiyi şəxsi söhbətlərdən birində "Putinin Trump-a ödənişlər etdiyini" deyib.

2016-cı ilin iyun ayına aid səs yazısında Kevin McCarthy deyib ki, "Putin Trump-a pul ödəyir". Bu barədə məlumatı "The Washington Post" qəzeti verib.

Bu səs yazısında o zaman Nümayəndələr Palatasında ən yüksək vəzifəli respublikaçı olan cənab McCarthy deyib ki, namizəd Trump Rusiya prezidenti tərəfindən maliyyələşdirilir.

"Məncə Putinin pul ödədiyi iki adam var: Rohrabacher və Trump" - deyib Kaliforniyadan respublikaçı konqresmen McCarthy. Onun 2016-cı il 15 iyunda dediyi bu sözlər yazılıb və "The Washington Post" həmin səs yazısına qulaq asdığını təsdiqləyir.

Dana Rohrabacher kaliforniyalı respublikaçıdır və Konqresdə Putin və Rusiyanın qızğın təəssübkeşi kimi tanınır.

Respublikaçı spiker Paul Ryan bu söhbəti yazanlardan onu sızdırmamağı xahiş edibmiş.

"The Washington Post" cənab McCarthy-nin adamları ilə əlaqə yaradıb, lakin onlar bu söhbətləri inkar ediblər.

Amma söhbətin lent yazısının olduğunu biləndə, onlar bunun "zarafat" olduğunu deyiblər.

İvanka atasının əvəzinə hökumət iclası keçirir

Fotonun müəllifi Getty Images
Image caption Bundan daha əvvəl İvanka Trump bir neçə beynəlxalq forumlarda iştirak edib və dünya liderləri ilə görüşüb

"The İndependent" qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, Trump-ın qızı Ağ Evdə konqresmenlərlə keçirilən iclasa atasının əvəzində sədrlik edib.

Həmin vaxt Donald Trump Konnektikutda Sahil Qvardiyası Akademiyasının məzunları qarşısında çıxış etmək üçün getmişdi.

Bu iclasda insan qaçaqmalçılığı ilə mübarizə məsələləri müzakirə edilirdi.

Lakin İvanka Trump-ın administrasiyada artmaqda olan rəsmi rolu siyasi dairələrdə yeni söz-söhbətə səbəb olub.

İvanka vaxtilə CBS News telekanalına müsahibəsində "yalnız atasının qızı" olacağını vəd etmişdi.

Bundan daha əvvəl İvanka Trump bir neçə beynəlxalq forumlarda iştirak edib və dünya liderləri ilə görüşüb.

Trump bu barədə sual verənlərə cavab olaraq demişdi ki, qızı hökumət işlərində iştirak etsə də, maaş almır.

Trump jurnalistlərin damlanmasını da istəyibmiş

"The Guardian" qəzetinin ABŞ müxbiri və Mətbuat Azadlığı Fondunun icraçı direktoru Trevor Timm-in məqaləsində də söhbət Donald Trump-dan gedir.

Onun fikrincə, Donald Trump-ın FTB-nin direktorunu istefaya göndərməsi xəbəri mətbuatda o qədər geniş müzakirə olunur ki, başqa bir "bomba xəbər" diqqətdən kənarda qalıb.

"New York Times" qəzetinin məqaləsinə görə, Trump Comey-ə məxfi informasiyaları dərc edən jurnalistləri həbs etməyi tapşırıb.

Washington Post dəfələrlə yazıb ki, Trump-ın Comey-ni işdən azad etməsinə səbəb, onun administrasiyadan sızdırılan məlumatlarla daha aqressiv mübarizə aparmaqdan imtina etməsi olub.

Bu da xəbər verilir ki, deyilənlərə görə, Trump hətta qeyri-məxfi informasiyaları dərc edənlərin də təqib olunmasını istəyib.

Timm yazır ki, hakimiyyətə gəldiyi gündən Trump məlumat sızmalarından narahat olduğunu göstərib.

Bu da təsadüfi deyil, çünki Trump-ın bir çox siyasətlərinin qarşısını məlumat sızmaları alıb.

O Michael Flynn-i özünün yalanını çıxartdığına görə işdən kənarlaşdırb. Trump İrana qarşı siyasətini də qəzet yazılarına görə dəyişməli olub.

Müəllif qeyd edir ki, Trump-ın mətbuat azadlığının üstünə belə hücum çəkməsi çox təhlükəli tendensiyadır.

Jurnalistlər izlənmə və təqiblərə məruz qalanda bunun zərərini təhqiqat jurnalistikası çəkir.

"Lakin jurnalistlərin mühakimə olunmasına çağırış misli görünməmiş təşəbbüsdür və Amerika ictimaiyyəti bundan riqqətə gəlməlidir" - yazır Timm.

Timm yazır ki, xoşbəxtlikdən Amerikada jurnalistlərə qarşı istifadə olunacaq böhtan qanunları yoxdur, lakin Trump yüz illik tarixi olan əcaib "Casusluq Haqqında Qanundan" istifadə edərək məxfi məlumatları yazan jurnalistlərin mühakiməsinə çalışa bilər.

Məqalədə deyilir ki, "Casus qanunu" açıq-aşkar qeyri-konstitusiya qanunudur və buna görə də Ədliyyə Nazirliyi bir qayda olaraq ondan mətbuata qarşı istifadə etmir. Bu qanunu çoxları oxumaylıblar. Lakin oxuyanlar dərhal başa düşərlər ki, jurnalistlər demək olar hər gün bu qanunu pozurlar. Bu qanun nəinki yazan qəzeti, hətta onu oxuyanı da cəzalandıra bilər.

Lakin ən qəribəsi budur ki, Trump cənab Comey-ni məlumat sızmaları ilə aqressiv mübarizə aparmadığına görə işdən qovub, amma onun bu hərəkəti məlumat sızmalarını sel daşqınlarına çevirib.

Sahibsiz it-pişik görmüşdük, amma sahibsiz xoruz da olarmış

Fotonun müəllifi Fiona Goodall
Image caption Britaniyada "Böyük Qırmızı Xoruz Xilas Xidməti" 2014-cü ildə təsis edib.

"The Daily Telegraph" yazır ki, Britaniyada heyvan haqları kampaniyaçısı məktəblərə "yumurtadan cücə çıxarmağın" qadağan edilməsini tələb edən petisiya hazırlayıb.

Britaniyada yeganə "xoruzların xilası xidmətinin" təsisçisi şikayət edir ki, onun idarəsi sahibsiz xoruz cücələrlə doludur və onların sayının kəskin artmasına görə orta məktəblər məsuliyyət daşıyır.

Swindon şəhərindən 44 yaşlı Helen Cooper məktəblərin tədris planlarında cücə çıxarmaq prorqamının ləğvi üçün petisiya hazırlayıb.

Xanım Cooper deyib ki, çox sayda adamdan məktəblərdə çıxarılmış və sonradan atılmış xoruz cücələr barədə narahatlıq ifadə edən zənglər gəlir.

Cooper deyir ki, indi bu dərslər o qədər populyarlaşıb ki, hətta şirkətlər məktəblərə inkubator və yumurta da bağışlayır.

Məktəblilər bu proqrama əsasən yumurtadan cücə çıxmasını müşahidə edirlər.

Problem də cücə yumurtadan çıxandan sonra başlanır, çünki onlara baxan olmur.

Xanım Cooper deyir ki, xoruzları yetişdirib böyütmək həm bahalı, həm də ağır işdir. Xoruzları nəinki yedizdirmək, onlar üçün hətta ayrıca qəfəslər təşkil etmək lazımdır ki, bir-birləri ilə vuruşmasınlar.

Xoruz müdafiəçisi bunu da bildirib ki, məktəblər çox vaxt toyuqları saxlasalar da, xoruzlardan izal olmağa çalışırlar.

"Bəs necə, toyuqlar axı yumurtlayır, amma xoruzlar səs-küydən başqa heç nə vermədiyinə görə artıq yükə çevrilirlər" - deyib Cooper.

O bildirir ki, sahibsiz xoruzların himayəyə alınması xahişi ilə Şotlandiyadan, Mançesterdən, London və başqa şəhərlərdən zəng edirlər.

Bundan başqa valideynlər narahatdırlar ki, bir çox hallarda yumurtadan çıxmış xoruzları təkrar yumurta firmasına göndərirlər və onlar orada sadəcə olaraq öldürülürlər.

Xanım Cooper deyib ki, məktəblərdəki yumurtadan cücə çıxarmaq proqramı hoqqabazlıqdan başqa bir şey deyil.

Onun fikrincə, uşaqları bu proseslə tanış etmək üçün onları fermalara ekskursiyaya aparmaq və ya bu barədə videoların nümayişini təşkil etmək olar.

Xanım Cooper "Böyük Qırmızı Xoruz Xilas Xidmətini" 2014-cü ildə təsis edib.

Qadın deyir ki, hazırda onun himayəsində 130 xoruz var və onları yerli fermerlərdən birinin ona verdiyi yarım hektarlıq ağaclıqda saxlayır.

Cooper bildirir ki, yersizliyə görə təkcə bu il 30-40 xoruzu qəbul edə bilməyib və buna görə də "ürəyi ağrıyır".

Onun bu ilin əvvəllərindən tərtib etdiyi petisiyanı 700 nəfər imzalayıb, lakin sonradan bu kampaniya parlament seçkilərinə görə yarımçıq qalıb.