Britaniya mətbuatı: Trump-ın impiçmentini tələb edənlərin sayı milyonu keçib

Fotonun müəllifi Getty Images
Image caption İndi Trump-ın impiçmentini təkcə adi seçicilər tələb etmirlər.

Trump-ın impiçmentini tələn edənlərin sayı milyonu keçib

"The İndependent" yazır ki, Ağ Evdə qalmaqalların davam etməsi fonunda ABŞ prezidenti Donald Trump-ın impiçment edilməsi üçün tərtib olunmuş ümumxalq petisiyasındakı imzaların sayı 1 milyonu aşıb.

Petisiyanın tərtibçisi Massachusetts ştatından vəkil John Bonifaz-dır. Sənəddə bildirlir ki, prezident Donald Trump ABŞ Konstitusiyasının xarici və daxili hədiyyələr maddəsini və başqa qanunları pozduğuna görə impiçment olunmalıdır.

Hədiyyələr Maddəsində (The Emoluments Clause) deyilir ki, prezident Konqresin xüsusi icazəsi olmadan heç bir kral, şahzadə və ya xarici dövlət başçısının hədiyyəsini qəbul edə bilməz.

Cənab Bonifaz "Xalq üçün Söz Azadlığı" fondunun həmtəsisçisidir.

O, MassLive portalına deyib ki, petisiyanı imzalayanların bu qədər çox olması adamların Konstitusiyanı müdafiə etmək istədiklərini nümayiş etdirir.

Bonifaz deyib ki, prezident barədə yayılan son xəbərlər adamları narahat etməyə bilməz.

Həftənin əvvəllərində Washington Post qəzeti yazıb ki, Donald Trump İŞİD-lə bağlı son dərəcə həssas və tamamilə məxfi informasiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya səfiri Sergey Kislyakla paylaşıb.

Bunun cavabında Trump Tvitter hesabından yazıb ki, onun bir prezident kimi istədiyi məxfi informasiyanı açmaq hüququ var.

Bunun ardınca yayılan xəbərlərdə isə deyilirdi ki, Donald Trump FTB-nin keçmiş direktoru James Comey-dən onun adamlarının Rusiya ilə əlaqələrinə dair təhqiqatın dayandırılmasını tələb edib. Comey onun bu tələbini yerinə yetirmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Comey-nin yazdığı memoda deyilir ki, söhbət ilk növbədə keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in Moskva ilə bağlarına dair təhqiqatdan gedirmiş.

Cənab Flynn ötən fevral ayında Rusiya səfiri Sergey Kislyakla söhbətinin məzmunu barədə vise prezident Mike Pence-ə yanlış məlumat verdiyi iddiaları ilə istefa verib.

Ağ Ev isə israr edir ki, sözü gedən memoda Trump-la FTB başçısı arasında yer almış söhbət təhrif edilib.

Lakin indi Trump-ın impiçmentini təkcə adi seçicilər yox, həm də Konqres demokratları və hər iki partiyadan olan siyasətçilər tələb edirlər.

Hətta Trump-ın öz partiyadaşları olan respublikaçılar da impiçment variantını götür-qoy etməyə başlayıblar.

Padşah xəlvətcə təyyarə sürürmüş

Fotonun müəllifi Getty Images
Image caption Kral Willem-Alexander deyib ki, Boeing 737 təyyarələrini "sürmək" istəyir.

"The Guardian" yazır ki, heç demə Hollandiya kralı artıq 20 ildir xəlvətcə və yarımştat pilot işləyirmiş.

Bu barədə əlahəzrətin özü qəzetə müsahibəsində məlumat verib.

Həmin müsahibədə kral Willem-Alexander deyib ki, 21 ildən sonra, elə bu yaxınlarda KLM şirkətinin Fokker 70 təyyarəsində "qonaq pilot" peşəsi ilə vidalaşıb.

Kral KLM-dən əvvəl yerli reysləri uçuran Martinair şirkətində çalışırmış.

Qonaq aviator kimi kral ayda iki dəfə işə gedirmiş və bir qayda olaraq ikinci pilot olurmuş.

İndi isə kralın fikri var ki, Boeing 737 təyyarələrini "sürmək" üçün təlim alsın.

Bütün bunlara baxmayaraq 50 yaşlı üç uşaq atası və 17 milyon təbəənin hökmdarı deyir ki, uçmaq onun üçün "hobbidir" və ona padşahlığın ağır yükündən arabir xilas olmaq imkanı yaradır.

"Təyyarə, sərnişinlər və ekipaj. Sən bunların hamısı üçün məsuliyyət daşıyırsan, - deyib kral öz ölkəsinin De Telegraaf qəzetinə, - Yer üzünün qayğılarını özünlə göy üzünə apara bilməzsən. Bütün diqqət və fikrini bu işə verməlisən. Mənim üçün uçmağın ən böyük həzzi bundadır".

Willem-Alexander mümkün qədər inkoqnito qalmağa çalışsa da, arabir KLM şirkətinin sərnişinləri onu tanıya bilirlər. Axı göyərtədə həm də mühafizə dəstəsinin üzvləri olur.

Amma kral əlavə edir ki, cangüdənləri onunla 11 sentyabr terror hücumunun ardınca təhlükəsizlik qaydaları sərtləşdiriləndən bəri uçurlar. Kralın da tabe olduğu qaydalar var.

"Məsələn, 11 sentyabrdan əvvəl, pilot kabinəsinin qapısı açıq qalırdı. Adamlar məni tanıyanda gəlib içəri boylanırdılar" - deyir kral.

Amma onu hər halda elə də çox tanıya bilmirlər, çünki əlahəzrət işə gələndə KLM-in uniformasında olur.

Bəzən elə olur ki, salondakı sərnişinləri özü salamlamalı olur. Bu zaman onun öz adını deməmək hüququ var. Çünki ikinci pilotun adı rəsmən açıqlanmaya bilər.

"Əh onsuz da, komandirin elanlarına diqqətlə qulaq asan sərnişin az-az olur" - deyir Willem-Alexander.

Çində itlərin kəsilib yeyilməsi qadağan olunub

Fotonun müəllifi Getty Images
Image caption Ənənəvi Yulin festivalında itlərin kəsilməsi və it ətinin satılması qadağan ediləcək

Çinin Yulin vilayətində keçirilən ənənəvi Yulin festivalında itlərin kəsilməsi və it ətinin satılması qadağan ediləcək.

"The Metro" qəzeti yazır ki, hər il milyonlarla it və pişik həyətlərdən oğurlanaraq minlərlə kilometr aralıda yerləşən Yulinə gətirilir və burada kəsilərək yeyilir.

Məqalədə deyilir ki, bu vəhşi adət-ənəni şəhərin yeni partiya rəhbəri Mo Gong Ming qadağan edib.

Lakin bu qadağan bayramın keçirildiyi əsas günlərdə - iyunun 15-dən 22-dək qüvvədə olacaq. İt və pişiklərin əksəriyyəti məhz bu günlərdə kəsilərək öldürülür.

Qadağan günlərində it əti satan hər bir kəs 100 min yuan (1500 dollar) cərimə oluna və hətta həbs edilə bilər.

"The Metro" təəssüflə yazır ki, qadağan yalnız itlərin öldürülməsinə aiddir və pişiklər hələ də müdafiəsiz qalır. Çinin heyvan haqları kampaniyaçıları ölkədə ümumiyyətlə it və pişiklərin öldürülməsinə qadağan qoyulmasına çağırırlar.

Amma adamların bir çoxu ümidlidirlər ki, hətta müvəqqəti qadağan da yaxşı xəbərdir. Onlar inanırlar ki, bir gün belə bir qadağan daimi olacaq.

Beynəlxalq kampaniyaçılar isə narahatlıqla bildirirlər ki, Çində it əti sənayesi cinayətkar sindikatların nəzarətindədir.

Bu adət Çində elə dərin kök salıb ki, məqalədə, qadağan günlərinədək çox sayda itin kəsilərək soyuducularda saxlanacağından söz açılır.

Maraqlı olanı həm də budur ki, Yulin festivalı Çinin qədim ənənələrindən deyil və yalnız 2010-cu ildən elə həmin it sənayeçiləri tərəfindən dəbə salınıb.

Ümumi hesabla Yulində hər il 10 min-15 min arası heyvan öldürülür.

Metro müqayisə üçün yazır ki, təkcə 2017-ci ilin mart ayında Birləşmiş Krallıqda 84 milyon heyvan kəsilib.

Əlaqəli mövzular