Britaniya mətbuatı: Kolbasa - araq və siqaretdən daha təhlükəlidir

Fotonun müəllifi AFP
Image caption Trump mötədil Ruhanidənsə, "ədliyyə edamçısı" və keçmiş prokuror Rəisinin seçilməsini "arzulayardı".

Ruhaninin qələbəsi İran üçün yaxşı, Trump üçün pis xəbərdir

"The İndependent" qəzetində tanınmış Britaniya jurnalisti Robert Fisk yazır ki, Ruhaninin qələbəsi İran rejimi və İranın çoxmilyonluq gənc əhalisi üçün yaxşı xəbər olsa da, Trump rejimi üçün pis xəbərdir.

Jurnalistin fikrincə Trump mötədil Ruhanidənsə, "ədliyyə edamçısı" və keçmiş prokuror Rəisinin seçilməsini arzulayardı. Beləki Amerika xalqını ona nifrət etdirmək daha asan olardı.

Fisk yazır ki, İranın yaşı 25-dən az olan elektoratı bütün elektoratın 40 faizini təşkil edir və onların çoxu Ebrahim Rəisinin 1988-ci ildə 8 minədək siyasi məhbusun edam olunmasındakı rolu barədə yalnız eşitdiyini bilir.

"Beləliklə, İranın Birləşmiş Ştatlarla nüvə sazişi imzalaması üçün sözün əsl mənasında çarpışan, Qərblə nüvə bombası "anlaşmasından" öz ölkəsinin iqtisadi faydaları üçün istifadə etməyə çalışan və keçmiş prezident Xatəmi kimi vətəndaş cəmiyyətinə inanan şəxs seçkidə 41 milyonluq elektoratın 23, 5 milyonunun və ya 57 faizinin səsini qazanaraq qalib gəlib - yazır jurnalist, - Korrupsiyalı və senzuralı İnqilab Keşikçiləri Korpusuna və bazarilərə gələcəkləri olmadığı barədə mesaj verilib".

Məqalədə deyilir ki, bu seçki, Riyad şəhərində Donald Trump-ı salamlayan diktatorlar və boğazüzən avtokratların yığıncağı ilə kəskin ziddiyyət təşkil edib.

Fisk yazır ki, Livan, Tunis və Pakistanı çıxmaq şərtilə Səudiyyə Ərəbistanına toplaşmış bütün müsəlman liderlər demokratiyaya zarafat və ya cəfəngiyyat kimi baxırlar.

Məqalədə deyilir ki, onlar bu mərasimə sünni Səudiyyə Ərəbistanına İranla qarşıdurmada dəstək nümayiş etdirmək üçün toplaşıblar. Müəllifin fikrincə, Trump-ı salamlamaq üçün Səudiyyəyə toplaşan 50 diktatordan heç biri Ruhaninin necə qələbə qazandığını dərk edə bilmir.

Fiskin fikrincə, həm Rəisi, həm də Ruhani ölkənin dindar kəsimini təmsil etsələr də, Rəisi repressiv keçmişin, Ruhani isə nə qədər qüsurlu olsa da, gələcəyin simvoludur.

Məqalədə deyilir ki, Ruhani üçün indi o qədər də asan olmayacaq. O Trump rejiminə və onun 100 milyard dollarlıq silah verməyə hazırlaşdığı sünni müharibə maşınına sinə gərməli olacaq. Fiskin fikrincə, Ruhani bu çətinliklərin öhdəsində siyasətlə gəlməyi bacarmalıdır, çünki onun qələbə qazandığı seçkidə iranlıların 70, Trump-ın qələbə qazandığı seçkidə isə amerikalıların 58 faizi səs verib.

Fiskin nəzərincə, indi elə bir vəziyyət yaranıb ki, ali rəhbər Xameneyi özünün toxunlumaz postunu tərk edəndə, bu vəzifə böyük bir ehtimalla ayətullah Sayed Mahmud Haşimi Şahrudiyə qismət olacaq. O İran ədliyyəsinin başında durarkən ölkənin bir sıra qəddar cəzalarını ləğv etdirə bilib, halbuki ona islahatçı da demək olmaz. Əsl islahatçı heç şəksiz bu ilin əvvəllərində dünyasını dəyişmiş keçmiş prezident və İranın Rişelyesi Haşimi Rəfsəncani idi.

Fisk yazır ki, Birinci Dünya Müharibəsini xatırladan İran-İraq müharibəsindən dərhal sonra ölkədə kütləvi repressiya və edamlar başlanmışdı. Bütün bunlara qarşı çıxan yeganə ruhani xadim ayətullah Əli Müntəziri idi. Elə bu cür mövqe tutması onu ali rəhbər postundan məhrum etdi. O ömrünün qalan hissəsini ev məhbusu olaraq yaşadı. Vəzifə Xameneyiyə qismət oldu.

Fiks xatırladır ki, seçkini uduzmuş namizəd Rəisinin də əllərində edam qanları var, lakin onun təsəllisi bu ola bilər ki, bu gün Riyada Trump-ı salamlamaq üçün toplaşmış diktatorların əllərindəki qan heç də onunkundan az deyil.

Amma göründüyü kimi onları "seçiblər", Fisk yazır.

Erdoğan məşhur basketbolçunu həbs etdirə bilmədi

Fotonun müəllifi Reuters
Image caption Eneş Kanter deyir ki, Erdoğan onu siyasi fikirlərinə görə hədələyib

"The Guardian" yazır ki, ABŞ-ın Oklahoma City Thunder basketbol komandasının mərkəz hücumçusu Eneş Kanter özünün dediyinə görə, Türkiyə hökuməti onun pasportunu ləğv etdikdən sonra Rumıniyada hava limanında saxlansa da, sonradan Londona uça bilib.

Milliyyətcə türk və NBA liqasının 6 illik veteranı deyib ki, o, bazar günü New York-da verəcəyi mətbuat konfransında hadisənin təfərrüatlarını açıqlayacaq.

25 yaşlı Kanter şənbə günü Tvitterlə postladığı videoçıxışda deyir ki, "bizi İndoneziyadan yolüstü gəldiyimiz Buxarestin hava limanında saatlarla saxlayıblar". Basketbolçu qlobal xeyriyyə turuna çıxmışdı.

Recep Tayyip Erdoğanın qatı tənqidçisi olan Kanter deyib ki, Türkiyə hökuməti onun pasportunu siyasi motivlərlə ləğv edib.

"Bunun səbəbi əlbəttə, mənim siyasi baxışlarımdır və bunu etdirən adam - Türkiyə prezidenti Recep Tayyip Erdoğandır" - deyib idmançı.

NBA liqasından New York Times qəzetinə verilən məlumata görə, Kanterin ABŞ-a dönüşünü təmin etmək üçün məsələyə Dövlət Departamenti müdaxilə edib.

Rumıniya hökuməti bildirib ki, basketbolçunun pasportu onun doğma ölkəsi tərəfindən ləğv edildiyi üçün etibarsız sayılırdı və o bu səbəbdən Buxarestdə saxlanmışdı.

Buxarest rəsmiləri bildiriblər ki, basketbolçu hava limanında beş saatadək gözləməli olub. Polis bildirib ki, aeroportda olduğu müddətdə ona qarşı həbs hərəkətləri edilməyib.

Kanter bildirir ki, o, ABŞ-da yaşayan Fethullah Gülenə ötən il açıq dəstək bildirdikdən sonra ona ölüm hədələri edilib. Ona göndərilən postlarda "tezliklə öldürüləcəyi" bildirilirdi.

Kanter Erdoğan hökumətini ötən ilin martında Ankarada 37 nəfərin həyatına son qoymuş terrorçu bomba partalyışının ardınca kəskin tənqid etmişdi. O Erdoğan hökumətini mətbu, yayın və sosial medianı bloklamaqda günahlandırırdı.

"The Guardian" yada salır ki, bu həftə Erdoğanın Ağ Evə səfəri zamanı onun cangüdənləri ilə bu səfərə etiraz edən yerlilər araslında toqquşma baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb və iki nəfər həbs olunub.

"O Washington-da camaata hücum etdirib. O pis adamdır, diktatordur, öz ölkəsinin Hitleridir" - deyib Kanter.

2011-ci ilin nəticələrinə görə dünyanın 3 nömrəli basketbolçusu olan Kanter bildirib ki, Türkiyə komandasını 2015-ci ildə siyasi baxışları ilə əlaqədar EuroBasket turniri zamanı tərk edib. Türkiyə milli basketbol yığmasının məşqçisi Ergin Ataman bu iddianı təkzib edir.

Qismən vegetarian olmağın da cana xeyri var

Fotonun müəllifi Getty Images
Image caption Qaxac edilmiş doniz əti, kolbasa və sosislər daha çox xərçəng yaradır

"The Telegraph" yazır ki, sağlam olmaq və piylənməmək üçün qismən vegetarian olmaq da kifayətdir.

16 min insanın iştirakilə aparılmış araşdırmadan bəlli olub ki, şəxsi pəhrizdə sadəcə olaraq ətsiz xörəklərin sayını bir qədər də çoxaltmaq da artıq çəki ilə mübarizədə köməyə gəlir.

Bundan əvvəlki araşdırmalar göstərib ki, ət yeməyən insanlar, yəni vegetarianlar adətən daha nərmənazik və mütənasib olurlar, lakin qismən vegetarianlıq da bir çox insanlar üçün daha realist yanaşmadır.

Ətdən tamamilə imtina etmək istəməyənlər, sadəcə ət qidalarının qəbulunu azalda bilərlər.

İspaniyadakı Navarra Universitetindən professor Maira Bes-Rastrollo deyir ki, bu, piylənmə ilə mübarizədə daha yumşaq yanaşmadır.

Ətin adamı kökəltməsinə əsas səbəb budur ki, onun tərkibində piylər çox, kalorilər isə sıxdır. Bu isə o deməkdir ki, ətyeyənlər hələ yeməkdən doymadan çox sayda kalori qəbul etmiş olular.

Sözü gedən araşdırma göstərib ki, ət qidalarından bitki qidalarının xeyrinə bir qədər imtina etmək insan yaşlandıqca onun orqanizminə daha yaxşı təsir göstərir.

Professor Bes-Rastrollo Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Piylənmə Konfransındakı çıxşında deyib ki, təcrübədə iştirak etmiş 16 min nəfərin ən çox ət yeyən 20 faizində piylənməyə meyllilik 15 faiz daha artıq olub. Əksinə əti ən az yeyən qrupda piylənmə riski 43 faiz azalmış olub.

Alimlər bildirirlər ki, ətli qidaların azaldılması, meyvə-tərəvəz, qoz-fındıq və zeytun yağı ilə kompensasiya edildikdə, ürək və qan-damar sistemi daha yaxşı qorunmuş olur.

Bundan əvvəlki tədqiqatlardan məlum olmuşdu ki, ət yemək piylənməyə şəkərin qəbulu qədər xidmət edir.

"The Telegraph" xatırladır ki, Dünya Səhiyyə Təşkilatı 2015-ci ildə yaydığı tövsiyədə emal olunmuş ətin - yəni qaxac edilmiş doniz əti, kolbasa və sosislərin "ehtimalən xərçəngyaradan" olduğunu bildirmişdi.

Bunun ardınca Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (International Agency for Research on Cancer) təsnifatında emal olunmuş ət məhsulları xərçəng xəstəliyi yaratmaq baxımından alkoqol, asbest, mərgümüş və siqaretdən daha təhlükəli qrafaya qaldırılmışdı.

Agentlik bildirir ki, hər il bütün planetdə 34 min ölüm, emal edilmuiş ət məhsulları ilə əlaqədar yaranan xəstəliklərdən baş verir.