Mançesterdə partlayış barədə nə bilirik?

Manchester

Mançester Arena konsert zalına intiharçı hücumu nəticəsində 22 nəfər həlak olub. Onların arasında uşaqlar da var.

Partlayış nəticəsində azı 64 nəfər yaralanıb.

Mançesterdə nə baş verib?

Partlayış, bazar ertəsi amerikalı müğənni Ariana Grande-nin konsertindən sonra baş verib. Konsertdə xeyli sayda yeniyetmə olub.

Hadisə yerinə 60-dək təcili tibbi yardım maşını göndərilib, zərərçəkənlər Mançesterin 8 xəstəxanasına çatdırılıb.

Mançester Arena zalının foyesində partlayış minlərlə tamaşaçı konsertdən sonra çıxışa doğru hərəkət edərkən baş verib.

Hadisə ilə bağlı polisə ilk zənglər yerli vaxtla 22:35-də edilib. Şahidlərin sözlərinə görə, onlar hava balonu partlayışı səsinə bənzəyən səs eşidiblər.

Polis Mançester Arena ətrafındakı ərazini mühasirəyə alıb, əməliyyatda 400 polis əməkdaşı iştirak edib.

Yaxınlıqda yerləşən Victoria vağzalı təxliyə olunub.

Yerli vaxtla gecə saat 01:32-də polis şəhərin mərkəzində şübhəli bağlamanı partlayış yolu ilə məhv edib, lakin sonradan həmin bağlamanın təhlükəli olmadığını bildirib.

Fotonun müəllifi Getty Images

Hücumu kim törədib?

Mançester polisi partlayışı intiharçının törətdiyini bildirib.

Polis, hücuma görə şübhəlinin 22 yaşlı Salman Abedi olduğunu açıqlayıb.

BBC-nin əldə etdiyi məlumatlara əsasən, şübhəli Liviya əsilli bir ailədə Mançesterdə doğulub.

Hadisə ilə bağlı daha bir 23 yaşlı kişi saxlanılıb.

Mançester polisinin rəisi Ian Hopkins, partlayışı "indiyə qədər şəhərdə baş vermiş hadisələrin ən dəhşətlisi" adlandırıb.

İstuntaq sonradan onun tək fəaliyyət göstərmədiyini güman edib.

Polis rəisi "istintaqın sürətlə aparıldığını" qeyd edərək, hücum edənin təkbaşına və ya şəbəkə tərkibində hərəkət etdiyinin müəyyən edilməsi istiqamətinə səylərin göstərildiyini qeyd edib.

Reuters-in xəbərinə görə, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma, Telegram vasitəsilə yaydığı açıqlamasında hücumu konsert salonuna partlayıcı qurğu yerləşdirərək gerçəkləşdirdiyini bildirib.

Fotonun müəllifi Getty Images

Partlayışdan zərərçəkənlər üçün nə edilir?

Zərərçəkənlər Mançesterdə və şəhər ətrafındakı xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra yoxa çıxanları qohumları sosial şəbəkələr vasitəsilə axtarırlar.

Onlara yardım məqsədilə polis tərəfindən qaynar telefon xətti təşkil edilib.

Siyasətçilər necə reaksiya göstərib?

Britaniyanın baş naziri Theresa May qısa bəyanatında "dəhşətli terror hücumunun" baş verdiyini qeyd edib.

Ölkənin daxili işlər naziri Amber Rudd partlayışı "barbarlıq aktı" adlandırıb.

Baş nazirin yanında, onun London iqamətgahında səhər saatlarında COBRA təhlükəsizlik komitəsinin iclası keçirilib.

İclasdan sonra çıxış edən May, britaniyalıların bu hadisədən sarsılmayacağını qeyd edərək, deyib: "Dəyərlərimiz, ölkəmiz və yaşam tərzimiz hər zaman üstün gələcək".

Mançester partlayışından sonra Britaniyada siyasi partiyalar iyunun 8-ə təyin olunmuş parlament seçkiləri ilə bağlı keçirdikləri seçkiqabağı təşviqat kampaniyalarını dayandırıblar.

Mançesterin meri Andy Burnham, partlayışdan sonra şəhərdə sayıqlığın gücləndirildiyini bildirib.

"Onlar bizi məğlub edə bilməyəcəklər", - Mançester şəhərinin meri deyib.

Londonda hökümət binası üzərində Birləşmiş Krallığın dövlət bayrağı yarıyadək endirilib.

Bakıdakı Britaniya səfirliyi də dövlət bayrağını yarıyadək endirib və iki günlük xaritə kitabı istifadəyə verib.

Hansı tədbirlər görülüb?

Mançester Arena və yaxınlıqdakı Victoria dəmiryol stansiyası ətrafında istintaq araşdırmaları davam etdirilir.

Dəmiryol stansiyasında qatar marşrutları üzrə bütün reyslər təxirə salınıb.

Mançester, London ve ölkənin digər nəqliyyat qovşağlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

İstintaq barədə nə məlumdur?

Əgər partlayışın "terror hücumu" olduğu təsdiqlənərsə, bu, Londonda 2005-ci il iyulun 7-dən bəri baş vermiş ən qanlı terror hadisəsi kimi tarixə düşəcək.

Hadisə barədə əlavə məlumatı olanlardan, terrorla mübarizə qurumları ilə əlaqə saxlamaları xahiş olunub.

İstintaqa kömək edə biləcək hər cür görüntü və fotoşəkilləri polisin açıqladığı internet saytlarına yükləmək barədə çağırış edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş