Britaniya mətbuatı: "Erdoğan cangüdənlərinin davası" davam edir

Fotonun müəllifi EPA

"Erdoğan cangüdənlərinin davası" davam edir

"The Guardian" yazır ki, Türkiyə, prezident Recep Tayyip Erdoğanın Washington-a səfəri əsnasında onun cangüdənləri ilə anti-Erdoğan etirazçılar arasında baş vermiş toqquşma ilə əlaqədar ABŞ-ın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib.

Məqalədə deyilir ki, toqquşma yerində çəkilən videolarda Erdoğanın mühafizə dəstəsi üzvlərinin dinc nümayişçiləri döydüyü görünür.

Amerika mediası yazır ki, toqquşmaya prezident Erdoğanın şəxsən tamaşa etməsi Amerika millət vəkillərini qəzəbləndirib.

John McCain ümumiyyətlə sərt şəkildə deyib ki, Türkiyənin səfirini ölkədən bayıra "tullamaq" lazımdır.

Lakin bunun ardınca Ankara bəyan edib ki, ABŞ təhlükəsizlik xidmətlərinin Türkiyə cangüdənlərinə qarşı "aqressiv və qeyri-peşəkar" hərəkəti ilə bağlı Washington-a şifahi və yazılı şikayətlə müraciət edib.

Belə görünür ki, burada söhbət cangüdənlərlə etirazçılar arasındakı toqquşmanı sakitləşdirmək istəyən ABŞ polisinin hərəkətlərindən gedir.

Lakin ABŞ Dövlət Departamentinin sözçüsü, xanım Heather Nauert deyib ki, Türkiyə prezidentinin mühafizə dəstəsi üzvlərinin hərəkəti "dərin narahatlığa" səbəb olub.

Sözçü bildirib ki, ABŞ-ın narazılığı ən yüksək səviyyədə Türkiyə rəhbərliyinin nəzərinə çatdırılıb.

"The Guardian" yazır ki, hətta bu toqquşma olmadan da, Ankara və Washington arasında son aylar münasibətlər o qədər yaxşı deyildi. Türkiyə ilk növbədə ABŞ-ın Suriya kürdlərinin YPG hərbi qüvvələrini dəstəkləməsindən hiddətlidir.

Obama administrasiyası kürd döyüşçüləri havadan dəstəkləyirdisə, Trump administrasiyası kürd qüvvələrini birbaşa silahlandırmaq qərarına gəlib.

Bundan başqa ABŞ Erdoğanın tələb etdiyi müsəlman vaiz Fethullah Gülenin ekstradisiya olunmasına heç də tələsmir. Ankara Güleni ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

"The Guardian" yazır ki, Ankaranın cangüdənlərlə bağlı diplomatik demarşı iki ölkə arasındakı münasibətlərin pisləşməkdə davam etdiyini göstərir.

İki ölkə arasında gərginlik özünü həm də bazar ertəsi Washington-da keçirilən ABŞ-Türkiyə konfransında büruzə verib. ABŞ dövlət katibinin müavin əvəzi Thomas Shannon deyib ki, "amerikalılar Türkiyə səfirliyinin yaxınlığında baş vermiş zorakı insidentdən bərk narahat olublar".

"Həmin insident zamanı amerikalılar dinc nümayişçilərə hücum edildiyini görüblər, - deyib Shannon, - Yada salmaq istərdim ki, ABŞ-da belə etirazlar leqaldır, mühafizə olunur və adətincədir. Bu bizim dəyər verdiyimiz hüquqların ifadəsidir. Buna görə də biz bu hücumu pisləyir və bunu qanunlarımıza qonaqlar tərəfindən göstərilmiş hörmətsizlik kimi başa düşürük".

Lakin buna baxmayaraq Shannon "dava-dalaşı dayandırmağa çalışan" Türkiyə səfiri Serdar Kılıcın hərəkətlərini təqdir edib, hərçənd səfir Türkiyə cangüdənlərinin ittiham olunmasına etiraz bildirib.

"The Guardian" bunu da qeyd edir ki, illik ABŞ-Türkiyə işgüzar konfransı bu il Washington-da yeni bir məkanda - Trump İnternational Hotel mehmanxanasında keçirilirdi.

Konfransın sponsorlarından biri də Türkiyə-ABŞ Biznes Şurasının sədri Kamil Ekim Alptekindir.

Onun təşkilatı Trump-ın keçmiş təhlükəsizlik müşaviri Michael Flynn-ə məxsus Flynn Intel Group şirkətinə 500 min dollar ödəniş edib. Alptekin həm də Rusiya ilə əlaqələrə malikdir.

Konfransın təşkilatçıları deyirlər ki, təbdirin yeri Washington Ritz-Carlton otelindən dəyişdiriləndə Trump hələ prezident seçilməmişdi. Lakin hökumətin etika ekspertləri tədbirin Trump-a aid məkanda keçirilməsini ABŞ Konstitusiyasının korrupsiyaya dair müddəalarına zidd hərəkət kimi qiymətləndirirlər.

"İŞİD gəlinləri" Suriya və İraqdan dul kimi qayıdırlar

"The Telegraph" qəzeti yazır ki, Suriya və İraqda döyüşən islamçılarla evlənmək üçün oralara getmiş Britaniya qadınları ata evinə, yəni vətənə qayıdrılar.

Onlardan bəziləri dul qalıb, bəzilərini isə İslam Dövləti adlanan təşkilat üçün son döyüşə hazırlaşan ərləri göndərib.

Məqalədə qeyd olunur ki, son aylarda 10-dək Britaniya vətəndaşı olan qadın və onların uşaqları ekstremistlərin "xilafət" adlandırdıqları ərazidən çıxıb.

Antiterror polisinin verdiyi məlumata görə, onlardan ikisi artıq Birləşmiş Krallığın ərazisinə daxil olub.

Bu da bildirilir ki, böyük bir ehtimalla əcnəbi qadınlardan bir çoxu İraq və Suriya ərazisindəki İD-in məhdudiyyətlərinə dözməyərək oradan qaçıb.

Daxili İşlər Nazirliyi qarşıdakı aylarda daha çox qadının cihadçıları tərk edərək ölkəyə qayıdacağını gözləyir.

Son illərdə 50-dək Britaniya vətəndaşı olan qadının İraq və Suriyaya getdiyi düşünülür.

Onlardan bəziləri oraya ərləri və hətta uşaqları ilə birlikdə gediblər. Amma əksəriyyəti gənc olan qızların bir çoxu İD-in nəzarətində olan ərazilərə cihad səfərbərçilərinin təbliğ etdiyi din və müharibə romantikası üçün gediblər.

Lakin İŞİD İraq, kürd və Suriya qiyamçılarının, habelə beynəlxalq koalisiyanın zərbələri altında ərazilərini itirdikcə cihadçıların mövqeləri xeyli zəifləyib.

Almaniyadan İŞİD-ə "gəlin getmiş" bir qız cihadçıları tərk edib və hazırda Suriyada qiyamçıların nəzarətində olan ərazidədir.

O "The Telegraph" qəzetinə deyib ki, bu ilin əvvəllərindən bəri İŞİD ərazilərində təxminən 30-35 "avropalı gəlin" qalıb.

Özünü Umm Ayşa kimi təqdim edən 28 yaşlı qadın deyir ki, onlarca əcnəbi qız-gəlin İŞİD ərazisini tərk edərək Türkiyəyə keçməyə cəhd göstərir.

O həmçinin bildirib ki, cihadçılar qadın və uşaqları mədhəfə adlanan xüsusi təhlükəsiz evlərdə, cəbhə xəttindən və ərlərindən aralıda saxlayırlar.

"Bu lap qəfəsə salınmış cücə olmaq kimi bir şeydir, - deyib qadın, - Qadınlarla qul kimi davranırlar".

Şəriət qanunlarına görə, əri ölən qadın ən azı 4 ay 10 gün müddətində yas saxlamalıdır, lakin Umm Ayşa bildirir ki, ərləri ölmüş qadınları bircə həftənin içərisində başqa cihadçılara ərə verirdilər.

Qadın What's App-la "The Telegraph" qəzetinə müsahibəsində deyir ki, cihadçılar ərazi itirdikcə daha da vəhşiləşirlər.

Umm Ayşa deyib ki, İŞİD ərazisindən qaçan qadınların 35 faizi, ərləri öldürülüb dul qalanlardır.

Qadın bunu qeyd edir ki, arvad-uşağını gizli yollarla "xilafətdən" çıxarmaq istəyən döyüşçüləri edam cəzası gözləyir.

"The Telegraph" yazır ki, hökumətin təxminlərinə görə, 850 Britaniya vətəndaşı olan kişi və qadın ölkəni tərk edərək Suriya və İraqa gedib. Onlardan 130-nun öldürüldüyü düşünülür. 350 cihadçı artıq Britaniyaya qayıdıb.

Onlar ölkəyə daxil olan kimi polis tərəfindən dindirilirlər, lakin həbs barədə qərar yalnız kəşfiyyat materiallarına əsasən qəbul edilir.

Fotonun müəllifi EPA

Trump İblisə sitayiş etmir

"The İndependent" yazır ki, Səudiyyə Ərəbistanına ilk səfəri zamanı ABŞ prezidenti Trump-ın, kral Salman Əbdüləziz əs-Səud və Misir prezidenti Abdel Fəttah əs-Sisi ilə birlikdə çəkilmiş bir fotosu sosial mediada böyük hay-küyə səbəb olub.

Bu şəkildə adları çəkilən üç lider qaranlıq otaqda əllərini ortadakı işıq kürəsinin üstünə qoymuşdular. Əslində onlar Riyadda açılmış Ekstermizmlə Qlobal Mübarizə Mərkəzində idilər və divardakı kompüter monitorlarına reaksiya verirdilər.

Lakin yumor hissi olan bir çox Tvitter istifadəçiləri bu fotonu İblisə sitayiş edənlərin ayininə bənzədiblər.

Amma bu bənzətməyə İblis kilsəsi dərhal acıqlı reaksiya verib. Onların rəsmi internet saytında bildirilir ki, ABŞ prezidenti İblis kilsəsinin üzvü deyil.