Türkiyənin veto qoyduğu NATO-Avstriya əməkdaşlığı "bərpa edilə bilər"

Austrian troops near Rudare, northern Kosovo, 2011 Fotonun müəllifi AFP
Image caption NATO ilə Kosovoda sülh missiyasında iştirak edən Avstriya hərbçiləri.

Türkiyə NATO-nun Avstriya ilə əməkdaşlığına qarşı veto qoyub.

Türkiyə ABŞ-dan sonra NATO-da ən böyük hərbi qüvvəyə sahibdir. Avstriya NATO üzvü olmasa da təşkilatla əməkdaşlıq edir və hazırda 400 avstriyalı hərbçi Kosovoda xidmət edir.

Avstriya Türkiyənin vetodan istifadə etməsini "məsuliyyətsizlik" adlandırıb.

Öz növbəsində Türkiyənin Avropa İttifaqına üzv olmaq səylərinin Avstriya tərəfindən əngəllənməsinə yönələn cəhdlər Türkiyə hökumətinin qəzəbinə səbəb olub.

Məlumata əsasən Türkiyənin vetosu keçmiş sovet ölkələri daxil olmaqla, NATO-nun bütün əməkdaşlıq fəaliyyətinə təsir edib.

Cümə axşamı Brüsseldə 28 ölkədən ibarət NATO görüşü keçiriləcək.

NATO rəsmisi görüşün terorla mübarizə və öhdəliklərin daha ədalətli paylaşılması barədə olacağını bildirib.

ABŞ Prezidenti Donald Trump Ümumi Daxili Məhsulunun (ÜDM) ən azı 2 faizini müdafiə üçün xərcləməyən NATO üzvlərini tənqid edib.

28 NATO üzvündən yalnız ABŞ, Britaniya, Polşa, Yunanıstan və Estoniya bu hədəfə çata bilib.

Fotonun müəllifi AFP
Image caption Əfqanıstanda xidmət edən Türkiyə hərbçiləri.

Türkiyə "təhlükəsizliyi təhlükəyə salır"

BBC-ə verdiyi bəyanatında, Avstriyanın Müdafiə Naziri Hans Peter Doskozil Türkiyəni vetodan istifadə etməsinə görə tənqid edib.

"Mən Türkiyənin NATO-daki hərəkətlərini ciddi şəkildə tənqid edirəm. Bu, Avstriyaya qarşı çox məsuliyyətsiz hərəkətdir və bu, mənim Türkiyənin Aİ-nin bir hissəsi olmaqdan çox uzaqda olduğu düşüncəmi daha da möhkəmləndirir", o, deyib.

"Bununla Türkiyə Avropanın təhlükəsizlik maraqlarına təhlükəyə salır. [Əməkdaşlığın] bloklanması qərbi Balkanlarda sülh missiyalarına uzunmüddətli təsir göstərir."

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Türkiyə və Avropa arasında əlaqələrin pisləşməsində Avstriyanı günahlandırıb.

NATO islahatlar planı

Avstriya Kosovo təhlükəsizlik missiyasını dəstəkləyən əsas qüvvələrdən biridir.

BBC ilə danışan bir NATO rəsmisi deyib ki, müttəfiqlik "Avstriya ilə əməkdaşlığa son qoymur".

"Bizim birgə təhlükəsizliyimiz üçün onların göstərdiyi dəyərli səylərə minnətdarıq. Ümid edirik ki, Türkiyə və Avstriya arasında ikitərəfli məsələlər mümkün olduqca tez həll olunacaq".

NATO mina təmizləmə və təlimlər kimi partnyorluq fəaliyyətlərində islahatlar keçirməyi planlaşdırır.

NATO rəsmisi bildirib ki, bu islahat "müttəfqilərlə əməkdaşlıqların bloklanması təhklükəsini kəskin şəkildə azaldacaq".

Əlaqəli mövzular

Bu barədə daha geniş