Britaniya mətbuatı: "Şərqdə 7 müharibəyə son qoymaq lazımdır"

Trump və Melania Fotonun müəllifi Getty Images
Image caption İndependent yazır ki, Avropada terror aktlarını həyata keçirən təşkilatların axırına çıxmağın ən ağıllı yolu Əfqanıstan, İraq, Suriya, Yəmən, Liviya, Somali və Nigeriyanın şimalında gedən 7 müharibəyə son qoymaqdır

"The İndependent" yazır ki, prezident Donald Trump Yaxın Şərq səfərini başa vurarkən Mançester şəhərində törədilmiş terror aktını pisləyib və onu törədəni "həyatda heç nə əldə edə bilməyən əfəl" adlandırıb.

Məqalədə deyilir ki, bu sözlərlə əslində ABŞ prezidenti İŞİD və əl-Qaidanın kök atıb çiçəkləndiyi torpaqda xaosun artmasına bir az da töhfə verib.

Müəllif yazır ki, Mançesterlə Yaxın Şərq arasında məsafə böyük olsa da, buradakı əlaqəni görməmək mümkün deyil.

Prezident terrora görə, demək olar birmənalı şəkildə yalnız şiə İranı ittiham edib, halbuki regionda sünni əl-Qaeda və İŞİD-in təşəkkül tapmasında əsas rolu Səudiyyə Ərəbistanından qaynaqlanan vəhabilik oynayıb.

Məqalədə deyilir ki, 11 sentyabr terror aktlarından bəri bütün terror hücumlarını şiələrin boynuna qoymaq faktlara zidd getməkdir.

"The İndependent" yazır ki, İranı tənqid atəşinə tutmaqla Trump Səudiyyə Ərəbistanı və Körfəzin ərəb ölkələrini Yaxın Şərq boyunca təmsili müharibələrə həvəsləndirir. Təbiidir ki, İran da öz növbəsində ehtiyat tədbirləri görməli olacaq.

Məqalədə deyilir ki, Trump-ın, başçılarının avtoritar olmasına baxmayaraq birmənalı şəkildə sünni dövlətlərinin tərəfini saxlaması, artıq indidən şiələr və sünnilər arasındakı düşmənçiliyi dərinləşdirib.

Prezident Obama Bəhreynin kral ailəsi ilə soyuq münasibətlərə malik idi, çünki bu ölkədə etirazçıların kütləvi məhbus edilməsi və 2011-ci il etirazlarının ardınca məhbuslara qarşı ağır işgəncələr tətbiq olunması baş vermişdi.

Lakin Trump Bəhreyn kralı Həmədlə Riyadda görüşməklə köhnə siyasətin üstündən xətt çəkib.

O açıq şəkildə deyib ki, "bizim gözəl münasibətlərimiz var, düzdür, keçmişdə bir az inciklik olub, lakin belə şeylər mənim administrasiyamla olmayacaq".

Məqalədə deyilir ki, Mançesterdə törədilmiş partlayışı Paris, Brüssel, Nitsa və Berlində olduğu kimi İŞİD-in təsiri ilə bağlayırlar, lakin buna bənzər aktlar İraq və Suriyada daha qəddar şəkildə baş verib.

Müəllif yazır ki, Suriya və İraqda baş verən qətliamlar Qərb mediasında geniş işıqlandırılmasa da, Yaxın Şərqdə məzhəblərarası müharibəni davamlı şəkildə dərinləşdirir.

Məqalədə deyilir ki, Avropada bu cür terror aktlarını həyata keçirən təşkilatların axırına çıxmağın ən ağıllı yolu Əfqanıstan, İraq, Suriya, Yəmən, Liviya, Somali və Nigeriyanın şimalında gedən 7 müharibəyə son qoymaqdır.

Lakin bu müharibələrə son qoyulması üçün İran və Səudiyyə kimi əsas oyunçular arasında siyasi kompromisin tapılması mühümdür, halbuki Trump-ın davakar ritorikası belə bir kompromisi mümkünsüz edir.

Məqalədə deyilir ki, əlbəttə, onun "dambadurumunu" nə dərəcədə ciddi qəbul etməyin lazım olduğu da sual altındadır. Üstəlik Trump-ın elan etdiyi siyasətlər az qala günbəgün dəyişir. Bu da deyilməlidir ki, Trump-ı indi öz vətənində daha ciddi məsələlər gözləyir və o, özünü siyasi böhrandan necə salamat qurtarması barədə düşünməlidir.

"Onun administrasiyası yaralanıb, - yazır "The İndependent" - Lakin bu, onun qısa müddətdə Yaxın Şərqə bu qədər yara vurmasına mane olmayıb".

Trump-ın bəyanatı neftin qiymətini saldı, amma bir o qədər də yox

Fotonun müəllifi JONATHAN NACKSTRAND
Image caption Neftin qiyməti azacıq düşüb

"Financial Times" qəzeti yazır ki, ABŞ prezidenti Donald Trump "büdcənin nizamlanması məqsədilə" ölkənin strateji neft ehtiyatlarının yarısının satılması planlarını açıqlayandan sonra neftin qiyməti azacıq düşüb.

Brent markasından olan neftin bir barrelinin qiyməti 50 sent azalaraq 53, 47 dollara enib. West Texas Intermediate markalı neftin qiyməti 44 sent azalaraq 50, 69 dollar olub.

Ağ Evin büdcəyə aid sənədlərində deyilir ki, ölkənin strateji neft ehtiyatlarının yarısının oktyabr ayından başlayaraq satılması 16, 5 milyard dollar gəlir gətirəcək.

Amerikanın strateji neft ehtiyatları Luiziana və Texas ştatlarındakı yeraltı çənlərdə saxlanır.

Lakin neft ticarətçiləri bildirirlər ki, belə bir satışın bazara təsiri böyük olmayacaq, çünki 10 il müddətində hər gün cəmi 94 min barrelə bərabər olacaq. Müqayisə üçün qeyd edilir ki, qlobal neft hasilatı gündə 96 milyon barrel təşkil edir.

Neft brokerlərlərinin RVM firmasından Tamas Varga deyib ki, strateji ehtiyatların satışa çıxarılması neft bazarını əhəmiyyətli dərəcədə doldurmayacaq.

Ekspertin sözlərinə görə, əvvəla satış 2018-ci maliyyə ilində başlanacaq və ikincisi, 10 il müddətində davam edəcək.

Bu, günə əlavə olaraq 94 min barrel neft deməkdir və 2018-ci ildə gözlənilən 500 milyon barrelin yanında heç nədir.

Bundan başqa Trump-ın planının Konqres tərəfindən qəbul olunub-olunmayacağı da hələlik bəlli deyildir.

Buna baxmayaraq, bazara ümumilikdə 344 milyon barrel neftin çıxarılması hazırda izafi neftdən əziyyət çəkən bazar üçün yaxşı xəbər də deyil.

Bu həftə OPEC və başqa iri neft hasilatçıları Vyanada görüşərək hasilat ixtisarı müddətinin uzadılması məsələsini müzakirə edəcəklər.

Küveytin neft naziri Essam əl-Mərzuq deyib ki, neft hasilatçıları bu həftənin axırında keçiriləcək görüşdə hasilatın ixtisarının daha 9 ay müddətində davam etdirilib-etdirilməyəcəyi barədə qərara gələcəklər.

OPEC və Rusiya da daxil iri neft hasilatçıları, ötən il hasilatın günə 1, 8 milyon barrel ixtisarı barədə razılığa gəliblər.

Cənab Mərzuq Vyanada jurnalistlərə bunu da bildirib ki, OPEC-in ən böyük hasilatçısı və de facto lideri Səudiyyə Ərəbistanı indiyədək hasilat ixtisarına qoşulmayan üç ölkə ilə də razılığa gəlib.

Mərzuqun dediyinə görə, Türkmənistan, Norveç və Misir də ixtisarlara qoşulacaqlarını bildiriblər.

Sahibləri gecələr ən az yatan peşə hansıdır?

Fotonun müəllifi Getty Images
Image caption Ən az yatanlar mühafizə xidmətlərinin əməkdaşlarıdır

"The Guardian" Almaniyada "Frankfurter Allgemeine Zeitung" qəzetinin sifarişi ilə Berlində mənzillənmiş İqtisadi Tədqiqatlar İnstitununun apardığı araşdırmadan yazır.

Bu araşdırma zamanı 100-dək peşə sahiblərindən kimlərin nə qədər yuxu yatdığı aşkar edilib.

Məlum olub ki, ən az yatanlar mühafizə xidmətlərinin əməkdaşlarıdır. Eyni sözü sifarişlə ünvanlara bağlama aparan kuryerlərə və çörəkçilərə də aid etmək olar. Onlar gecələr 6, 6 saatdan daha az yatırlar.

Bəs elə isə yorğunluğunu ən yaxşı çıxaranlar kimlərdir? Araşdırma göstərib ki, mağaza satıcıları gecələr 7 saat 10 dəqiqə yatırlar. Jurnalistlər və aktyorlar da yuxularını yaxşıca alırlar.

Britaniyada Kral İctimai Sağlamlıq Cəmiyyətinin apardığı araşdırma göstərib ki, Birləşmiş Krallıqda adamlar gecələr orta hesabla 6, 8 saat yatırlar. Norma sayılan 7 saatdan o qədər də az deyil. Hərçənd rəyi soruşulanların əksəriyyəti 7, 7 saat yuxuya ehtiyaclarının olduğunu bildirib.

Amerikada Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzlərinin 29 ştatda 180 min adamın arasında apardığı sorğu göstərib ki, rəyi soruşulanların 36, 5 faizi kifayət qədər yuxu almadığından gileylənir.

Bu rəqəm kommunikasiya texnologiyaları işçiləri üçün 58, 2 faizdir. Müqayisədə istehsalatda çalışanlar, məsələn qida emalı və poladəritmə zavodlarının işçiləri daha az yatırlar.

"The Guardian" yazır ki, bütün bunlar qlobal miqyasda maaşların düşdüyü bir vaxtda, yuxudan məhrumiyyətin də artdığını göstərir.

"Lakin gecələr beş saatdan da az yatan peşə sahibləri var! Hansı peşədir o? "Ana" peşəsi" - yazır qəzet.