Trump Vatikanda Papa Francis ilə görüşüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Papa Francis Vatikanda Donald Trump-ı salamlayır

ABŞ prezidenti Donald Trump xarici səfərinin Avropa mərhələsində Vatikanda Papa Francis ilə görüşüb.

Trump bu görüşə xanımı Melania, qızı Ivanka və kürəkəni Jared Kushner ilə gəlib.

Donald Trump və Papa Francis arasında bundan əvvəl miqrasiya və iqlim dəyişikliyi kimi məsələlərdə fikir ayrılığı özünü birüzə verdiyindən, Vatikandakı görüş xüsusi maraq ilə gözlənilib.

Fotonun müəllifi AFP
Image caption Prezident Trump və Papa biri-birinə hədiyyələr edib

Trump-ın İtaliya prezidenti və baş naziri ilə də görüşməlidir. Bundan sonra, ABŞ prezidenti NATO zirvə görüşünə qatılmaq üçün Brüssələ yola düşməlidir.

Yaxın Şərqə səfərini bitirdkdən sonra Trump və onu müşayiət edən şəxslər Vatikana Bakı vaxtı ilə 10:30 radələrində gəliblər.

Donald Trump və Papa Francis arasında təkbətək görüş 20 dəqiqə çəkib, bundan sonra görüş daha geniş tərkibdə davam edib.

Trump-ın eləcə də Italiya prezidenti Sergio Mattarella və baş nazir Paolo Gentiloni ilə görüşləri nəzərdə tutulub.

Fotonun müəllifi EPA

Trump və Papa Francis arasında birbaşa görüş ilk dəfədir ki, keçirilib. Bundan əvvəl onlar bir-biriləri barədə tənqidi fikirlər səsləndirmişdilər.

Papa Francis, Trump-ın ABŞ-ı Meksikadan sərhəd divarı ilə ayırmaq planı barədə demişdi ki, körpü yerinə divar tikməyi düşünənləri xristian adlandırmaq olmaz.

Donald Trump isə bu şərhləri bədnam adlandıraraq Papa Francis-i Meksika hökümətinin müqəvvasına çevrilməkdə ittiham etmişdi.

Yanvar ayında prezident seçildikdən sonra Donald Trump ilk dəfədir ki, Avropaya səfər edir.

Trump-ın İtaliya səfəri ilə bağlı Roma və Vatikanda təhlükəsizlik tədbirləri gücləndirilib.

Paytaxt Roma və Vatikanda təhlükəsizliyi qoruyan çoxsaylı polis qüvvələrinə baxmayaraq təxminən 100-dək Trump əleyhdarları çərşənbə axşamı günü Romada etiraz yürüşü keçiriblər.

İtaliyaya səfərindən sonra Trump Brüsselə yola düşəcək. Bu şəhərdə də Trump əleyhinə etirazların keçiriləcəyi gözlənilir.

Cümə günü isə Donald Trump İtaliyanın Siciliya adasında keçiriləcək G7 zirvə görüşünə qatılmaqla səfərini başa vuracaq.

Bu barədə daha geniş