Flaminqo təkayaqlı duruşa necə tab gətirir?

Flaminqolar Fotonun müəllifi Science Photo Library
Image caption Flaminqo təkayaqlı duruşa güc sərf etmir

Alimlərin gəldiyi qənaətə görə, flaminqo quşlarının təkayaqlı duruşu onlara daha az güc sərf etməyə imkan verir.

Belə ki, təkayaqlı duruş zamanı quşun sərf etdiyi enerji ikiayaqlı duruşa sərf edilən enerjidən daha az çıxıb, alimlər bildirib.

Bu quşların tək ayaq üstündə necə duruş gətirməsi alimləri xeyli vaxtdır kı, düşündürür.

ABŞ elmi qrupunun gəldiyi nəticəyə əsasən, tək ayaq üstə duran flaminqonun əzələləri demək olar kı, heç bir gərginliyə düşmür - nəticədə isə, quşun əzələləri istirahət edir.

Bu səbəbdən flaminqolar tək ayaq üstündə durarkən, hətta mürgüləyə də bilirlər.

Digər elmi qrupların fərziyələrinə görə isə, təkayaqlı duruş quşlara bədən temperaturunu qoruyub saxlamağa da imkan verir.

Atlantada Georgia Texnologiya İnstitutunun professoru Young-Hui Chang və Emory Universitetinin əməkdaşı Lena H Ting flaminqonun təkayaqlı duruşu mexanizminin sirlərini öyrənə biliblər.

Diri və ölü quşlarla təcrübələr aparmış alimlər aşkar ediblər ki, ölü quşları da təkayaqlı duruş vəziyyətinə gətirmək mümkündür və bu zaman əlavə dirək və ya dəstəyə ehtiyac yaranmır.

Eyni zamanda, ölü quşları qoşaayaqlı duruş vəziyyətinə isə kənar dəstəksiz gətirmək mümkün olmayıb, çünki bu zaman quşun duruşunda müvazinət itirilir.

Royal Society journal Biology Letters elmi nəşrində dərc edilmiş məqlədə bu hala "passiv qravitasiyalı duruş mexanizmi" adı verilib.

Tədqiqatçılar qeyd edirlər ki, flaminqo tək ayaq üstündə duranda, tərpənməz olur.

Profesor Chang-ın sözlərinə görə, belə duruşu mümkün edən anatomik aparatın necə işlədiyi axıradək elmi cəhətdən başa düşülməyib və bu istiqamətdə tədqiqatların davam etdirilməsinə ehtiyac var.

Philadelphia-nın St Joseph's Universitetindən doktor Matthew Anderson isə flaminqonun tək ayaq üstündə duruşunu quşun bədən temperaturu ilə əlaqələndirir.

Onun elmi qrupunun apardığı tədqiqatın nəticələrinə əsasən, quşların temperaturu artanda tək ayaq üstündə duran flaminqoların sayı azalır.

Əlaqəli mövzular

Bu barədə daha geniş