Brüssel: etirazlar fonunda Trump-ın NATO ilə "çətin" danışıqları

Donald Tusk və Donald Trump Fotonun müəllifi Reuters
Image caption Aİ rəsmisi Tusk ABŞ prezidentini əmədaşlığı genişləndirməyə çağırıb

ABŞ prezidenti Donald Trump NATO müttəfiqləri ilə danışıqlar aparmaq üçün Brüsseldədir.

Danışıqların çətin keçəcəyi güman edilir.

Trump hazırda Aİ liderləri ilə də görüşlər keçirir.

Trump hər iki blok barədə tənqidi fikirlər söyləyib.

NATO, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı koalisiyaya qoşulmaq barədə Trump-ın şərti ilə razılaşıb.

ABŞ prezidentinin NATO ölkələrinə alyansa üzvlük haqqını tam həcmdə ödəmək barədə şərtinin üstündə də duracağı gözlənilir.

Avropa liderləri isə Trump-dan ABŞ müttəfiqlərinin dəstəklənməsi barədə öhdəliklərin təsdiqlənməsini gözləyirlər.

Brüsselə çatdıqdan dərhal sonra, çərşənbə axşamı, Trump Belçika kralı ilə görüşüb.

Bu arada minlərlə adam onun Brüssələ gəlişinə etiraz edərək nümayiş keçirib.

"Güclü siyasi mesaj"

NATO toplantısında alyansın, İD və cihadçılara qarşı ABŞ-ın mübarizə planı ilə razılaşacağı gözlənilir.

Həmin plana görə, NATO bu mübarizədə daha fəal rol oynamalıdır.

NATO-nun Baş katibi, general Jens Stoltenberg deyib: "Bu gün biz koalisiyaya dəstəyimizi gücləndirmək, AWACS təyyarələrinin uçuş vaxtının uzadılması, daha çox informasiya mübadiləsi və havada yanacaqdoldurma əməliyyatlarının artırılması barədə qərar verəcəyik."

ABŞ NATO-nun İD əleyhinə koalisiyaya qoşulmağını istəyir.

Lakin narahatlıq var kı, bu addım NATO-nu münaqişələr yaşamış İraq və Liviyada hazırda cərəyan edən hadisələrə cəlb edə bilər, BBC təhlilçisi Jonathan Marcus qeyd edir. Belə bir hal Əfqanıstanda artıq yaşanıb.

Trump NATO ölkələrini, müdafiə xərclərinə ÜDM-in 2%- dən də az həcmdə vəsait ayırdıqlarına görə tənqid edib.

Çümə axşamı görüşləri ərəfəsində ABŞ Dövlət katibi Rex Tillerson media nümayəndələrinə deyib ki, prezident Trump "NATO üzv ölkələrini öhdəliklərini tam həcmdə yerinə yetirməyin vacibliyinə inandırmağa çalışır".

Tillerson həm də deyib ki, prezident Trump Paris iqlim sazişində ABŞ-ın qalıb-qalmayacağına dair son qərar verməlidir.

NATO-nun mənzil-qərargahına yollanmazdan əvvəl Trump Avropa Komissiyası və Avropa Şurası liderlərilə görüşlər keçirib, sonra isə Fransa prezidenti Emmanuel Macron ilə birgə nahar etməlidir.

Gözlənildiyinə görə, Macron Trump-ı inandırmağa çalışacaq kı, o, Paris iqlim sazişindən imtina etməsin.

Fotonun müəllifi AFP
Image caption Brüsseldə ABŞ prezidenti əleyhinə nümayişlər keçirilib

"Diplomatiya şedevri"

BBC-in Avropa üzrə müxbiri Kevin Connolly, Donald Trump-ın Brüsselə səfərinin cədvəlini "kiçik diplomatiya şedevri" adlandırıb.

O mənada ki, cədvəldə görüşlərin sayı artırılıb, həmin görüşlərdən sonra gözlənilən ictimaiyyət və media nümayəndələri qarşısında çıxışlarının sayı isə minimuma endirilib.

Çümə axşamı günü səhər Trump Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker ilə görüşməlidir. Bundan əvvəl Juncker prezident Trump ilə bağlı demişdi ki, "yeni ABŞ prezidentini dünya barədə maarifləndirməyə azı 2 il vaxt itiriləcək".

Günorta, Trump, bundan əvvəl "köhnəlmiş qurum" adlandırdığı NATO-nun mənzil-qərargahına yollanmalıdır.

Ötən gün Trump Roma Papası ilə Vatikanda görüşündən sonra, dünyada sülhün bərqərar olması üçün əvvəlkindən daha çox səy göstərmək əzmində olduğunu bildirmişdi.

Bu barədə daha geniş