Britaniya mətbuatı: Türkiyədə "aclıq etməyə görə də həbs edirlər"

Fotonun müəllifi Getty Images
Image caption Usmanov Navalnıya hər iki videomüraciətinin sonunda deyib: "tüpürüm sənin üzünə"

Usmanov Navalnının "üzünə tüpürməkdə" davam edir

"The Guardian" yazır ki, rusiyalı milyarder və Arsenal futbol klubunun səhmdarı Alişer Usmanov Vladimir Putinin qatı tənqidçisi və antikorrupsiya fəalı Aleksey Navalnının üzərinə internet hücumlarını davam etdirib.

Hazırda Arsenal klubunun tam sahibliyini əldə etməyə çalışan əslən özbək Rusiya milyarderi ötən həftə Navalnıya videomüraciətini "tüpürüm sənin üzünə" sözləri ilə bitirmişldi. Çərşənbə günü Usmanov ikinci videonu internetə yükləyib və yenə də müraciətinin sonunda deyib: "Bir də tüpürüm sənin üzünə".

Məqalədə deyilir ki, gələn il keçiriləcək prezident seçkisində Putinə rəqib olmağı planlaşdıran Navalnı ötən ay baş nazir Dmitri Medvedevi korrupsiyada ittiham edən video hazırlamışdı. Navalnı həmin videofilmdə Medvedevin Usmanovdan rüşvət aldığını iddia edirdi.

Usmanov videomüraciətində Navalnını məhkəməyə verəcəyi ilə hədələyirdi.

"The Guardian" yazır ki, özünün birinci videosunda Usmanov təmkinli görünməyə çalışır, lakin hirsini gizlətdiyi hiss edilirdi. O həm də Navalnıya elə hey "sən" deyə müraciət edirdi.

Usmanov Arsenal futbol klubu səhmlərinin 30 faizinə sahibdir və bu yaxınlarda klubu tam almaq üçün 1, 3 milyard dollar təklif edib. Lakin klub onun bu təklifini rədd edib.

Özbəkistanda doğulmuş Usmanov SSRİ vaxtlarında Sovet Özbəkistanında 6 il həbsxanada olub. Onu iqtisadi cinayətlərə görə məhkum etsələr də, Usmanov siyasi motivlərlə məhbus edildiyini iddia edir.

"The Guardian" yazır ki, Kreml Navalnının küçə etirazlarını təşkil etmək qabiliyyətindən xəbərdardır və buna görə də onu, çox güman prezident seçkisinə buraxmayacaqlar.

Lakin Usmanov iddia edir ki, Navalnının mübarizəsi onun paxıllıq etdiyinə görədir.

"Mən hiss edirəm ki, sən əfəl və uğursuz biznesmen olmusan" - deyir Usmanov.

Usmanov elan edir ki, indiyədək dövlətə bir milyard dollar vergi ödəyib və elə o qədər də xeyriyyəyə xərcləyib.

"Mən səndən fərqli olaraq sahibi olduğum hər şeyi, yaxta və təyyarəni də öz pulumla almışam" - deyir özbək biznesmen.

Navalnı Usmanovun videomüraciətinə dərhal videocavab verib.

"Rusiya və Britaniyada ən varlı adam Alişer Usmanov həvəskar videbloger olub" - deyib Aleksey Navalnı cavabında.

O bunun ardınca Usmanova deyir ki, "bizim hədəfimiz rüşvət alanlardır, lakin biz sənin kimi rüşvət verənləri də cəzalandıracağıq".

Türkiyədə aclıq etməyə görə də həbs edirlər

Fotonun müəllifi AFP
Image caption Nuriye Gülmen və Semih Özakcanın aclıq aksiyasının 77-ci gündə həbs ediliblər

"The Telegraph" yazır ki, Türkiyədə iki ali məktəb müəllimi işdən qovulduqdan sonra aclıq aksiyası keçirdiklərinə görə həbs ediliblər və indi onları azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Məqalədə deyilir ki, Nuriye Gülmen və Semih Özakcanın aclıq aksiyası 77-ci günə qədəm qoyurdu.

İndi isə onları terrorçu təşkilat üzvü olmaqda ittiham edirlər. Hər iki ziyalı bu ittihamları rədd edir.

Türkiyədə ötən il baş tutmamış çevriliş cəhdindən bu yana on minlərlə adam həbs edilib və buna görə də məhkəmələr hökm çıxarmağı çatdırmır. Bu isə o deməkdir ki, 35 yaşlı Gülmen və 28 yaşlı Özakca məhkəmələri olanadək 6 ay həbsdə gözləməli olacaqlar.

Qəzet yazır ki, təkcə ötən çərşənbə günü Ankarada "Gülen şübhəlisi" sayılan daha 139 hökumət qulluqçusu həbs edilib.

İbtidai məktəb müəllimi Özakca və universitet mühazirəçisi Gülmen mart ayından bu yana yalnız limon, duzlu su və şəkər məhlulu ilə keçinirdilər. Onlar aclıq aksiyasını həbsxanada da davam etdirəcəklərini bildiriblər.

Lakin indi onları Gezi parkı etirazlarına bənzər iğtişaşları qızışdırmaq cəhdində ittiham edirlər.

Hakim onlardan ilkin dinləmədə öz etiraz aksiyaları üçün kimdənsə pul alıb-almadıqlarını soruşub.

"The Telegraph" yazır ki, Türkiyədə aclıq aksiyası keçirənlərin zorla yedizdirilməsi praktikası tətbiq olunur.

Nə Səudiyyə, nə də Vatikan əcnəbi qadınlardan baş örtüyü tələb edir

Fotonun müəllifi Getty Images
Image caption Amerikanın birinci ledisi Melania və Trump-ın qızı İvanka Səudiyyə Ərəbistanında başlarını örtməsələr də, Vatikanda Roma papası ilə görüşdə başlarını örtüblər- İndependent yazır

"The İndependent" qəzeti belə bir məsələyə diqqət yetirib ki, Amerikanın birinci ledisi Melania və Trump-ın qızı İvanka Səudiyyə Ərəbistanında başlarını örtməsələr də, Vatikanda Roma papası ilə görüşdə başlarını örtüblər.

Məqalədə deyilir ki, Melania Trump Səudiyyənin paytaxtına səfər zamanı "başqa Qərb diplomatlarından nümunə götürərək" başını örtməyib, halbuki bu ölkədə bütün qadınlardan baş örtüyündə olmaq tələb edilir.

Yeri gəlmişkən, "The İndependent" yazır ki, Donald Trump 2013-cü ildə Səudiyyə Ərəbistanına səfər etmiş Michelle Obamanın başını örtməməsini tənqid etmişdi.

Amma məsələ burasındadır ki, Səudiyyə Ərəbistanının diplomatik protokoluna görə xarici liderin arvadı kimi Melaniadan başını örtmək tələb edilmirdi.

Digər tərəfdən Vatikana səfər və Roma papası ilə görüş zamanı həm Melania, həm də İvanka başlarını örtmüşdülər.

Lakin yenə də Vatikanın diplomatik protokolu da qadınlardan başlarının örtülməsini tələb etmir. Yeganə tələb qadınların çiyinlərini örtməsi və uzunluğu dizdən aşağı paltar geyinməsidir.

Buna baxmayaraq Melania Trump və Ivanka Trump Roma papası Francis-lə görüşdə başlarını örtüblər.