Britaniya mətbuatı: "Terrorun İslamla əlaqəsi yoxdur" deyənlər haqlıdırlarmı?

Fotonun müəllifi Reuters

"Terrorun İslamla əlaqəsi yoxdur" deyənlər haqlıdırlarmı?

"The İndependent" qəzetində müsəlman Şərqi məsələlərindən yazan Peter Cockburn-ün məqaləsində deyilir ki, Mançesterdə baş vermiş qətliama görə bütün müsəlman icmasını ittiham etməyin düzgün olmadığını deyənlər haqlıdırlar, çünki terror aktlarını törədənlərin bir məqsədi də bütöv icmanın cəzalandırılmasına və nəticədə Qərbdən üz döndərməsinə nail olmaqdır.

Bununla belə, jurnalist "İslamla terrorun heç bir əlaqəsi yoxdur" deməyin də tam düzgün olmadığını yazır. Məqalədə deyilir ki, terror İslamla bağlı olmasa da, onun bir təriqəti ilə möhkəm bağlıdır.

Cockburn yazır ki, Mançester qətliamını törətmiş Salman Abedini zorakılığa vəhabilik ilhamlandırıb. O vəhabilik ki, əl-Qaeda və İŞİD ideologiyasının əsasını təşkil edir.

Bu İslamın xüsusi bir növüdür: onunla razılaşmayanlara qarşı dözümsüz, şiələri və qadınları adam saymayan təriqət.

Məqalədə deyilir ki, sələfi cihadçılığı deyilən hərəkat İŞİD və əl-Qaeda inancının bel sütununu təşkil edir. Sələfiliksə vəhabilikdən qaynaqlanıb. Sələfilik şiələri və yezidiləri nəinki kafir sayır, bu təriqət bunları heç insan da hesab etmir.

Jurnalistin fikrincə, radikallaşmanın kökünün harada olduğunu hamı bilsə də, nə hökumət, nə də Qərb mətbuatı səudların xətrinə dəyməmək və ya müsəlmanlara qarşı qərəzdə ittiham olunmamaq üçün sələfilik və vəhabiliyin adını çəkmirlər.

Məqalədə deyilir ki, 11 sentyabr terror hücumlarından bu yana ABŞ və Britaniya hökumətlərinin mövqeyi belədir: İŞİD-in və əl-Qaedanın və onun qatil əsgərlərinin "İslamla heç bir əlaqəsi yoxdur".

Qərb terrorun səbəb və əlaqələrini axtararkən nəzərlərini Səudiyyədən başqa bütün istiqamətlərə çevirir.

Cockburn yazır ki, Trump-ın Səudiyyə Ərəbistanına səfəri əsnasında terrora görə İranı və nəticə etibarilə şiə icmasını ittiham etməsini artıq Amerikanın özündə mətbuat kifayət qədər lağa qoyub.

Məqalədə deyilir ki, dünyada son 50 ildə baş vermiş ən böyük mədəniyyət dəyişikliklərindən biri də, kiçik, təcrid olunmuş təriqətin - vəhabiliyin Səudiyyənin maliyyə dəstəyi ilə sünni İslamında getdikcə hökmran nüfuz əldə etməsidir.

Sələfi cihadçılığı terror hədəflərinin seçilməsində də özünü göstərir. Cockburn yazır ki, Parisdəki Bataclan teatrını, Floridadakı gey klubu və Mançesterdəki Arenanı bir ümumi cəhət birləşdirir.

Əl-Qaeda belə məkanlarda əylənməyi və belə həyat tərzini sevən gəncləri hədəfləyib.

Çünki bu məkanlarda qadınların kişilərlə qaynayıb-qarışması, geylərin olması vəhabilər və sələfi cihadçıları tərəfindən lənətlənir.

Buna baxmayaraq, Qərb hökumətləri Səudiyyə və Körfəz ölkələri ilə siyasi və kommersiya alyansı naminə bu faktı görməməzliyə vururlar, nə Səudiyyədən, nə də Körfəzin ərəb ölkələrindən haqq-hesab tələb etmirlər.

Cockburn yazır ki, Salman Abedinin motivləri hələ tam məlum deyil, lakin onun hədəfi bəllidir və bu hədəf klassik əl-Qaeda hədəflərinə uyğun gəlir.

Jurnalistin qənaətinə görə, məhz belə yanaşmanın ucbatından bu iki təşkilatla mübarizəyə milyardlarla, trilyonlara dolların xərclənməsinə baxmayaraq, heç bir nəticə əldə olunmur, çünki əsas hədəf kənarda qalır.

Məqalədə deyilir ki, prezident Bush 11 sentyabr hücumlarından sonra Səudiyyə Ərəbistanını yox, İraqı düşmən elan etdi. İndi isə Trump Yaxın Şərqdəki terrora görə İranı ittiham edir.

Fotonun müəllifi Getty Images

OPEC razılaşmasından neftin qiymətləri qalxmadı, əksinə düşdü

"The Guardian" yazır ki, dünyanın əsas neft hasilatçısı olan ölkələr neft qiymətlərinin yüksəldilməsi məqsədilə hasilatın ixtisar edilməsi müddətini uzatmaq qərarına gəliblər.

Əldə olunmuş razılaşmaya əsasən OPEC, habelə Rusiya da daxil bu kartelin üzvü olmayan daha 11 ölkə neft hasilatının günə 1, 8 milyon barrel ixtisarını daha doqquz ay müddətinə uzadıblar.

Lakin onların bu qərarı bazarı nəinki təsirləndirməyib …əksinə neft qiymətləri düşüb.

Brent markasından olan neftin qiyməti 4 faiz azalaraq 51.90 dollara enib. Halbuki OPEC və razılaşmanın digər üzvləri 6 ay bundan əvvəl sövdələşməni imzalayandan bəri qiymət 50-55 dollar civarinda qalxıb-enirdi.

"The Guardian" yazır ki, neft qiymətlərinin düşməsi daha ciddi ixtisara ehtiyac olduğunu deyən ekspertlərin mövqeyinin düzgünlüyünü göstərib.

ETX Capital firmasından Neil Wilson deyib ki, OPEC üzvlərinin qiymətləri qaldırmaq üçün əllərinə imkan düşüb, lakin onlar bu imkandan istifadə edə bilməyiblər.

Ekspertin fikrincə, ixtisar müddətinin sadəcə daha doqquz aya uzadılması neft qiymətlərinin qaldırılması üçün kafi deyildi. Üstəlik indi onların ixtisar etdiyi neftin yerini Amerikanın şist nefti dolduracaq.

Səudiyyə Ərəbistanı bildirir ki, əslində dünya bazarındakı izafə nefti 2017-ci ildə ləğv etmək olardı, amma ehtiyatla hərəkət etmək barədə qərar qəbul olunub.

Vyana görüşündə iştirak edən nümayəndələr Rusiyanı OPEC üzvü olmayan neft ölkələrinin ələ alınmasında əsas oyunçu adlandırıblar.

Ötən il əldə olunmuş razılaşma neft qiymətlərini yalnız qısa müddətdə sabitləşdirsə də, ekspertlər bunu yaxşı başlanğıc kimi alqışlamışdılar. Onlar son razılaşmaya da ümidlə baxırlar.

Wood Mackenzie firmasından Ann-Louise Hittle deyib ki, əldə olunmuş razılaşma əhəmiyyətlidir, çünki hasilatın ixtisarı barədə sazişin müddətini 2018-ci ilin içərilərinə uzadıb.

Hittle deyir ki, əgər ötən il hasilatın ixtisarı barədə razılaşma əldə olunmasa idi, bu ilin əvvəllərindən neft qiymətləri orta hesabla bir barrel üçün 43 dollara düşə bilərdi.

Bir sıra başqa ekspertlər də inanırlar ki, razılaşma neft qiymətlərini bu il 50 dollar civarında saxlayacaq.

Deloitte Center for Energy Solutions firmasından Andrew Slaughter deyir ki, neft hasilatçıları daha dərin ixtisara getməməklə düzgün hərəkət ediblər.

Ekspert düşünür ki, daha dərin ixtisar razılaşma əldə etmiş ölkələrin arasında nizamsızlıq yarada bilərdi.

Lakin Səudiyyə Ərəbistanı neft hasilatının ixtisarının verəcəyi faydanın ABŞ nefti tərəfindən heçə endiriləcəyi barədə mülahizələri rədd edir.

Səudiyyənin enerji naziri Xalid əl-Falih deyib ki, neft bazarı böyükdür və 2017-ci ildə şist neftini udacaq tutuma malikdir.

Bununla belə, müşahidəçilər deyirlər ki, OPEC-in neft qiymətlərini qaldıra bilməməsi məhz ABŞ-ın şist nefti hasilatının artım sürətləri ilə əlaqədardır.

Columbia Universitetindən Qlobal Enerji Siyasəti Mərkəzinin həmtəsisçisi Jason Bordoff bildirib ki, şist neftinin hasilat sürətinin artımı OPEC-in ixtisarlarının gətirdiyi faydanın sürətini geridə qoyur.

Bir sıra OPEC nümayəndələri isə ABŞ neftinin artım sürətlərinə dair proqnozları sadəcə olaraq eşitmək istəmirlər və buna inanmadıqlarını deyirlər.

ABŞ hökuməti bildirir ki, bu ilin dekabrınadək hasil olunan Amerika neftinin həcmi günə 1 milyon barrel də artacaq. Bu, OPEC-in ixtisar siasyətinin gətirdiyi xeyiri yarıbayarı azaldacaq.

Lakin Bordoff bildirir ki, bu proqnoz ağlabatandır və OPEC-in onu qulaqardına vurması kartelə baha başa gələ bilər.

"The Guardian" yazır ki, OPEC-in ötən il əldə etdiyi razılaşma, əslində ABŞ neft sənayesinin hasilata qayıdan quyularının sayını artırıb.

Məsələn ötən il ABŞ-da 404 quyu hasilatda idisə, indi onların sayı 901-ə çatıb.

Fotonun müəllifi Thinkstock

Müsəlman qadınlarda D vitamini niyə çatışmır?

"The Daily Telegraph" qəzeti Britaniyanın siyasi partiyalarından millətçi müstəqillik və ya UKIP partiyasının seçki platforması barədə məqalə dərc edib.

Burada Britaniya ifrat sağçılarının bir sıra ziddiyyətli proqram məqsədlərindən söz açılır.

Partiyanın seçki manifestində deyilir ki, müsəlman qadınları günəş işığından və deməli D vitaminindən məhrum edən burka qadağan olunmalıdır.

Manifestdə bildirlir ki, partiya hakimiyyətə gələrsə, burka və niqabın ictimai yerlərdə qadağan olunması üçün hər şeyi edəcək, çünki…belə geyim qeyri-insani olmaqla yanaşı, müsəlman qadınlarda D vitamininin çatışmazlığına səbəb olur.

UKIP bəyan edir ki, hicabın qadağan olunması insan haqlarını pozmur, çünki insanın öz şəxsiyyətini pərdələməsi insan haqqı sayıla bilməz.

Sənəddə bu da deyilir ki, müsəlman qadınların geyimi onların cəmiyyətə inteqrasiyasını və kommunikasiya imkanlarını məhdudlaşdırır, "məişət zorakılığına və vitamin D çatışmazlığına səbəb olur".