"Erdoğan cangüdənlərinin davası": qarşılıqlı ittihamlar səslənir

Washington Fotonun müəllifi VOA

ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Türkiyənin Washington-dakı səfirliyinin qarşısında baş verən toqquşmayla bağlı rəsmi Ankaranı qınayan qətnamə qəbul edib.

İnsident Türkiyə prezidenti Receb Tayyip Erdoğanın ABŞ-a səfəri əsnasında baş verib.

Türkiyə Xarici İşlər Nazirliyi isə baş verənlərə görə ABŞ orqanlarının cavabdeh olduğunu bildirərək "Biz qəbul edilən bu qətnaməni rədd edirik" açıqlamasını verib.

Erdoğanın ABŞ-a ziyarəti əsnasında, mayın 17-də Türkiyə səfirliyinin qarşısına toplaşan anti-Erdoğan etirazçılarından ibarət qrupla onu qarşılamağa gələnlər arasında baş verən gərginlik davaya çevrilmişdi.

Etirazçılara Erdoğanın cangüdənləri də müdaxilə etmişdi. Baş verən hadisədən sonra səlahiyyətli nümayəndələr qalmaqalın araşdırıldığını söyləyib.

Amerikalı siyasətçilər isə Türkiyəni qınayıb. Türkiyə isə baş verən hadisədə kifayət qədər təhlükəsizlik tədbirlərini təşkil etməyən ABŞ orqanlarını ittiham edib.

"Türkiyə üzr istəməlidir"

ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi isə bugünkü iclasında bu hadisəylə bağlı qətnaməni müzakirə edib.

Qətnamədə Washington-da dinc etirazçılara şiddətin göstərilməsi tənqid edilib, cavabdehlərin cəzalandırılmasının lazım olduğu və gələcəkdə belə hadisələrin baş verməməsi üçün tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Qınaq qətnaməsini qəbul edən komitənin həm demokrat, həm də respublikaçı üzvləri baş verən hadisədə Türkiyə hökumətini itiham ediblər.

Qətnamə komitə tərəfindən qəbul edilib.

Nümayəndələr Palatasının başçısı Paul Ryan daha sonra verdiyi yazılı açıqlamada "Türkiyə hadisəni həm qınamalıdır, həm də üzr istəməlidir" deyib. Qəbul edilən qətnamə iyun ayında Nümayəndələr Palatasının Baş Assamleyasında da müzakirəyə çıxarılacaq.

Türkiyə: "Aqressiv" davranışların izahı verilmədi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə komitənin həqiqəti əks etdirməyən bir qətnamə qəbul etdiyi bildirilib.

Açıqlamada səfirliyin binası qarşısında ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilmədiyi qeyd olunub.

"ABŞ orqanlarının ziyarətin digər mərhələlərindəki ciddi təhlükəsizlik tədbirlərini səfirlik qarşısında niyə həyata keçirmədikləri sualının cavabı tapılmayıb".

"Buna bənzər şəkildə səfirliyin dəftərxanası qarşısında ABŞ təhlükəsizlik nümayəndələrinin səbəb olduğu və nazirliyimiz tərəfindən rəsmən etiraz edilən bu hadisənin baş verməsinə yol açan həddən artıq aqressiv davranışların hələki açıqlaması verilməyib".

"Biz yaxından izləməyə davam edəcəyimiz bu hadisələrin inkişafının məhsuldar keçən bu ziyarətə kölgə salmaması yolundakı ümidimizi qoruyub saxlamaq istəyirik".

Fotonun müəllifi AFP

Nə baş verib?

Ağ Evi ziyarət etdikdən sonra Türkiyənin Wahington-dakı səfirliyinə gedəcəyini bilən bir qrup anti-Erdoğan etirazçıları səfirliyin binası qarşısına toplaşıb.

Erdoğana qarşı şüarlar səsləndirən etirazçılar əllərində HDP-nin həmsədri Selahettin Demirtaşın sərbəst buraxılmasını tələb edən devizlər və Rojava bayrağını tutublar.

Türkiyə konsulluğunun qarşısında da Erdoğanı qarşılamaq üçün əllərində türk bayrağını tutan başqa bir qrup toplanmışdı.

Arada polisin olmasıına baxmayaraq iki qrup arasında baş verən insident zamanı ikinci qrupdan bir nəfər yaralanıb.

Baş verən gərginliyin davam etməsi nəticəsində ikinci qrupda olan şəxslərlə türk cangüdənləri etirazçıların olduğu tərəfə keçib və burada ikinci insident baş verib.

Hadisə zamanı çəkilən görüntülərdə polisin mane olmasına baxmayaraq cangüdənlərin bəzi etirazçıları təpiklədiyi və yumruqladığı əks olunub.

Bu barədə daha geniş