Avstraliya ucqarlarında “SOS” müəmması polisi çaş-baş qoyub

SOS Fotonun müəllifi WA Police
Image caption Sos işarəsini helikopter pilotu tərəfindən aşkar olunub.

Avstraliyanın qərbindəki ucqar bölgədə daşlardan düzülmüş "SOS" çağırışı bir və yaxud da birdən artıq adamın itkin düşə biləcəyilə bağlı şübhələr yaradıb.

Broome şəhərindən 500 km aralıqda yerləşən Swift Bay körfəzi yaxınlığındakı ərazidə həyəcan siqnalı helikopter pilotu tərəfindən aşkar olunub.

Bundan sonra ərazinin çətin relyefinə görə bölgəyə hava nəqliyyatı ilə çatdırılan polis axtarışa başlayıb.

Hadisə yerində "insan fəaliyyətilə bağlı hər hansı yeni əlamətlər"ə rast gəlməyən hakimiyyət kömək üçün ictimaiyyətə müraciət edib.

Hərçənd ki, polis yaxınlıqda salınmış düşərgə qalıqlarını aşkar etdiyini bildirir.

"Polis ərazidə köməyə möhtac itkin düşmüş şəxslərin olub-olmadığını müəyyənləşdirmək istəyir", - rəsmi açıqlamada deyilir.

Avstraliyanın Yayım Şirkətinə danışan polis nümayəndəsi "SOS" yazısının illərdir ki, qaldığını güman edib.

Ərazidə "müəyyən vaxtda kimsənin düşərgə qurduğuna dəlalət edən əlamətlər var, lakin bunun nə qədər əvvəl baş verməsi aydın deyil", - Peter Reeves deyib.

2015-ci ildə Queensland ştatında yolunu azandan sonra qumluqda SOS yazan britaniyalı turist xilas edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş